Azərbaycanda dövlət səviyyəsində reketçilik var

Qubad İbadoğlu: «Belə hallar Azərbaycana xarici investisiyaların cəlb edilməsi istiqamətində böyük problemlər yaradır»

Aslan İsmayılov: «Yüzlərlə şirkətlər olub ki, rüşvət istənildiyindən Azərbaycanı tərk ediblər»

Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdən qeyri-rəsmi ödənişlərin tələb edilməsinə dair müxtəlif dövrlərdə məlumatlar yayılıb. Hətta Azərbaycanda müəyyən sahələrə investisiya qoymaq istəyən şirkətlərin də süni maneələrlə üzləşməsi, onlardan əlavə faiz istənilməsi faktları olub.
Bu günlərdə “Wikileaks”ın yaydığı bir sənəd isə bütün bunları bir daha təsdiqləyib. Sənədə əsasən, iri pivə istehsalçısı, Fransanın “Castel” şirkətinin rəhbəri ondan faiz tələb olunduğunu və bu səbəbdən də şirkətini satdığını deyib. Şirkət rəhbəri Azərbaycan adlı hövzədə çoxlu akulanın olduğundan burada işləməyin mümkünsüzlüyündən danışıb. Xatıraldaq ki, Fransa şirkətinin rəhbəri ondan ölkə başçısına yaxın olan adamların, konkret Bəylər Əyyubovun 40 faiz tələb etdiyini deyib. Bu, yeganə belə fakt deyil. Dəfələrlə müstəqil ekspertlər öz araşdırmalarında belə faktları ortalığa çıxarıblar. Belə olan halda, ölkədə xarici sahibkarlara olan bu münasibəti necə qiymətləndirmək olar?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu “Wikileaks”- dən əvvəl də belə faktların məlum olduğunu qeyd edir. Sadəcə konkret rəqəmlər, hansı şirkətdən nə qədər faiz istənildiyi bir qədər qapalı məsələ olub: “Aparılan sorğular, tədqiqatlar da göstərirdi ki, Azərbaycanda yerli və xarici şirkətlərin çox hissəsi öz xərclərinin 60-80 faizi həcmində dövlət orqanlarına və müvafiq agentliklərə ödənişlər edirlər. Bu tədqiqatlarda öz əksini tapan məlumatlar idi. Indi isə faktlar konkretləşir, dürüstləşir”.
Ekspertin sözlərinə görə, belə hallar Azərbaycana xarici investisiyaların cəlb edilməsi istiqamətində böyük problemlər yaradır: “Bunu daha çox korrupsiya adlandırardım. Bu dövlət orqanlarının şirkətlərin gəlirlərinin bir hissəsini mənimsəmək, şəxsi kapitallarına çevirmək istəyindən irəli gələn bir fəaliyyətdir. Bütün bunlar dövlət orqanlarında, ümumiyyətlə bütövlükdə ölkədəki korrupsiyanın miqyasından xəbər verir”.
Ekspertin fikrincə, bu səbəbdən bu gün Azərbaycanda iqtisadiyyatın modernləşdirilməsi, innovasiyaların cəlb edilməsi, daha keyfiyyətli məhsul istehsalı və xidmətlərin təşkili istiqamətində böyük problemlər mövcuddur.
Vəkil Aslan Ismayılov isə baş verənləri reketçilik kimi qiymətləndirdi: “Bu, reketdir. Tək ”Wikileaks”ın yazdığına görə deyil, bu, həqiqətən də belədir”.
Vəkilin sözlərinə görə, onlarla, yüzlərlə şirkətlər olub ki, Azərbaycan üçün çox faydalı işlər görmək istəyiblər. Amma rüşvət istənildiyindən Azərbaycanı tərk ediblər.

Fizzə