Ərdoğan Misirdə qəhrəman kimi qarşılandı (FOTOLAR)

“Onu Qahirədə “ikinci məmləkətin Misirə xoş gəldin” şüarı ilə salamladılar

Türkiyə baş nazirinin “ərəb baharı” ölkələrinə səfəri dünya mediasının gündəmini zəbt etdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın “ərəb baharı”nin yaşandığı ölkələrə (Misir, Liviya, Tunis) səfəri başlayıb.  Səfərin məqsədi bu ölkələrdə demokratiya quruculuğuna dəstək vermək, eləcə də, Yaxın Şərq bölgəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə etməkdir.

Ərdoğanın ilk dayanacağı Misir olub. Qahirə hava limanında Türkiyənin baş nazirini 1500-ə yaxın misirli “Baş nazir Ərdoğan, Misirə xoş gəldin”, “Misir və türk xalqı hər zaman bir yumruqdur”, “Misir-Türkiyə: əl-ələ”, “Misir-türk qardaşlığı” şüarları ilə qarşılayıb. Ərdoğanın portretlərini də əllərində tutan misirlilər türkcə yazdıqları “Ərdoğan, ikinci məmləkətin Misirə xoş gəldin” plakatı ilə diqqət çəkiblər.

Jurnalistlərin suallarını cavablandıran baş nazir Türkiyənin dəyişiklik yaşayan ölkələrə hər cür dəstək verməyə hazır olduğunu deyib. Ərdoğan Misir inqilabının mərkəzi sayılan Qahirənin Təhrir meydanında çıxış etməyəcəyini bidirib. O, Ərəb Liqasının toplantısına qatılacağını vurğulayıb:“Təhrir meydanında edəcəyim çıxış orada təhrikə səbəb ola bilər. Biz Misirin gələcəyi üçün problem yaratmadan mesajlarımızı verəcəyik”.

Xatırladaq ki, baş nazirin səfəri Misir və Türkiyənin İsraillə münasibətlərinin gərginləşməsi baxımından xüsusi maraq kəsb edir. Türkiyə bir ildən çoxdur ki, İsraildən humanitar karvana 9 Türkiyə vətəndaşının ölümü ilə nəticələnən hücuma görə üzr istəməyi tələb edir. Misir isə bir müddət əvvəl İsrail hərbçilərinin birgə sərhəd bölgəsində səhvən güllələdiyi altı hərbçisini itirib.

“Fələstin dövlətinin tanınması zərurətdir”

Ərdoğan Qahirədə Ərəb Liqası xarici işlər nazirlərinin toplantısında çıxış edərək Fələstinin dövlət olmaq cəhdlərinə böyük dəstək verdiyini bildirib. Baş nazir çıxışı zamanı İsrailə qarşı sərt təndiqlərini təkrarlayıb.

İştirakçıları ərəbcə salamlayan hökumət başçısı regionu bürüyən etiraz dalğası və hakimiyyət dəyişikliyinə toxunaraq hadisələrin bölgənin gələcəyinə yeni pəncərə açdığını bildirib. Baş nazirin Fələstinin gələcək taleyi ilə bağlı növqeyi iştirakçılar tərəfindən alqışlarla qarşılanıb: “Fələstin iddiası insanlıq qürurunu ayağa qaldırmaq mübarizəsidir. Fələstin dövlətinin tanınması lazımdır. Fələstin dövlətinin tanınması bir variant deyil, zərurətdir. İnşallah bu ay sona çatmadan Fələstini BMT nəzdində çox fərqli bir statusda görəcəyik”.

“The Guardian”: “Yaxın Şərq əvvəlki kimi olmayacaq”

Ərdoğanın Misirə səfəri dünya mediasının gündəmini zəbt edib. Nüfuzlu Qərb mətbuatı baş nazirin səfəriylə bağlı müxtəlif şərhlərə yer ayırıb. İngiltərənin “The Guardian” qəzetinin şərhçisi Məhəmməd Eyyub Türkiyənin regional bir güc olaraq ortaya çıxmasıyla Yaxın Şərqin artıq əvvəlki kimi olmayacağını yazıb. Eyyub regionda yaşananların Türkiyənin dövrünün gəldiyinə işarə etdiyini bildirib.

“The Daily Telegraph”: “Ankara İsraili təkləyir”


“The Daily Telegraph” qəzeti isə yazır ki, baş nazir Ərdoğan Əl Cəzirə televiziyasına keçən həftə verdiyi bir bildirişin yayımlanmayan hissələrində “Qəzza hücumu müharibə səbəbiydi” deyib. Qəzetin yazdığına görə,  hökumət müsahibənin bir bölümünü Ərdoğanın Qahirə ziyarətinin təsirini artırmaq üçün indi ictimailəşdirib. Qəzetə görə, Ankara ən kövrək dövründə İsraili Yaxın Şərqdə təkləmək istəyir.

“The İndependent: “Türkiyənin bölgədə çəkisi artır”

“The Times” qəzeti Ərdoğanın bölgə ziyarətində Türkiyəni İslam, demokratiya və iqtisadi rifahı bir araya gətirən bir model kimi təqdim etməyə hazırlaşdığını yazıb. Mübarək dövründə Misirin Türkiyəni rəqib olaraq gördüyünü ifadə edən qəzet “Amma Mübarək indi mühakimə olunur və Qahirədə qəbul dəyişir. Zəifləmiş bir ölkə, güclü bir ortaq axtarır” yazıb.

“The İndependent” qəzetinin yazarı Patrik Cokburn isə Ərdoğanın bu ziyarətlə Ərəb dünyasının lideri olmağı hədəflədiyini müdafiə edir: “Ərdoğan Misirdən sonra Tunis və Liviyanı da ziyarət edəcək. Türkiyənin güclü, demokratik və mülayim İslamçı rejimi bu üç ölkə üçün də bir model təşkil edir. Ərdoğanın İsrailə mənfi yanaşması, Ərəblərin gözündəki cazibəsini artırır. Nəticə olaraq İsrailin təkliyi, Ərəb dünyasındakı qiyamlar, Ərəb ölkələrinin zəifliyi və ABŞ-ın gücünün azalması Türkiyəyə yaradı. Türkiyənin bölgədə çəkisi artır, amma bölgəyə istiqamət verməsi üçün qarşısında uzun bir yol var”.

Elxan