Bu hakimiyyət haqqında yazılanları oxuyuram. Yəqin özləri də oxuyur. Bircə məsələni bilmək istərdim: əcəba, görən, bunlar hansı hissləri keçirirlər? Bu, sizə qəribə gəlməsin, başqalarının əzabından həzz alan insanlardan deyiləm və bunu heç kimə məsələhət də görmürəm. Amma onlar əzab çəkirmi? Elə zamanın da sualı budur. Yox, onlar əzab çəkmir. Hər sirlərinin üstündən bir daş götürüləndə özlərini daha rahat hiss edirlər. Hər halda mənə elə gəlir və yəqin siz də mənimlə razılaşarsınız. Bunların gizlinləri çoxdur və bu onlarda müəyyən qədər təlaş yaradır, çünki qorxurlar ki, başqaları bundan xəbərdar olar. Elə ki, hansısa sirlərin üstü açılır və bununla bağlı heç bir ictimai etiraz olmur, rahatlaşırlar. Bu adamlar günah hissini özlərinə yaxın buraxmırlar və özü də təkcə onlar belə etmir. Bir dəfə V.Putin deyirdi ki, bizə günah hissini aşılamaq istəyirlər, gərək, biz özümüzü bundan qoruyaq! V.Putinin dilindən bunu eşidəndə dəhşətə gəldim: bəli, repressiya olunmuş milyonlarla insana görə, bölünmüş ölkələrə görə, dağıdılmış şəhərlərə görə özünüzü günahkar bilməyin! Lakin mən Putinə deyərdim ki, bütün bunlar sizin günahlarınızdır! Özünüzü sadəlövh aparmayın, bayramda kilsələrdə şam yandırmayın! Hər şey hamıya yaxşı məlumdur… Elə bizimkilərin də suçu az deyil, ölkəni talan edirlər, indiki və gələcək nəslin varını – sərvətini talayırlar və özlərini günah sahibi hesab etmirlər. Mən xərəkdə məhkəməyə gətirilən Mübarəkə baxıram və onun yerinə utanıram. Mən bilmirəm, bu, nədir, artistlikdir, yoxsa başqa bir şey? Bəlkə qısaca “Bəli, mən günahkaram!” – demək daha yaxşı olardı və o, bununla hətta kiminsə rəğbətini qazanardı? Bilmirəm. Ola bilsin ki, bu siyasət mənim düşündüyümdən də qəliz və qüsurlu bir peşədir. Hər halda, mən onu başa düşə bilmədim. T.Abuladzenin məşhur filmində bircə cümlə nəyə desən dəyər! Hə, yol ibadətgaha aparmırsa, o, nəyə və kimə lazımdır? Mən bunu siyasətin də yollarına aid edərdim. Mən ibadətgahın da siyasətə aparan yollarını məqbul saymıram, çünki bu yolu da görmüşük, özü də lap qonşuluğumuzda – Iranda! Ibadətgah son mənzil olmalıdır – yollar yalnız o istiqamətə aparmalıdır…
Kiminsə qrant almağından narahat olmağa dəyərmi?
Bəri başdan deyim ki, heç vaxt qrant-filan almamışam. Ona görə yox ki, o hansısa prinsipial səbəbdən mənim xoşuma gəlmir və ya mən onu almaq istəməmişəm, sadəcə, bir-iki dəfə cəhd etmişəm, necə deyərlər, alınmayıb və mənə qismət olmayıb. Nə isə. Sözüm bunda deyil. Sadəcə, bu hakimiyyət çox istərdi ki, bəzi insanların bu kanalını da bağlasın, onlar tamam vəsaitsiz qalsın, məcbur olub ya hakimiyyətə ağız açsınlar, ya da bu ölkəni birdəfəlik tərk edib getsinlər. Əsas məqsəd budur. Bəlkə də artıq qismən buna da nail olublar, çünki qeyri-hökumət təşkilatlarının insanları o qədər də razı deyil.
Amma bu da yanlış taktikadır, çünki qrant alanlar müxalif düşüncəlilərin və daim, ardıcıl etiraz edənlərin çox kiçik faizini təşkil edir. Böyük əksəriyyətin etirazı fədakarlıq üzərində qurulub. Bəli, bunu başa düşmək çətindir, amma bu, reallıqdır. Heç də hamının əlləri hakimiyyətin qapılarına çatmır və yaxud da heç də hamı öz əllərini bu hakimiyyətin qapısına uzatmır. Xoşbəxtlikdən bu ölkədə əllərini yalnız və yalnız Allaha uzadanların sayı hələ də çoxdur…
Payız da gəlir…
Bəli, havalar da soyuyur. Təbiət öz işindədir. Amma mən təbiətin təsvirinə varmaq istəmirəm. Deyirdilər ki, payızda siyasi fəallıq artacaq. Bəli, bunun sorağındayıq, hələ də ümidlə gözləyirik. Amma məşhur bir rus filmində çox gözəl söz deyilir: təbiətdə pis hava olmur! Təbiətin bütün havaları siyasət və siyasətçilər üçün də yararlıdır, əsas odur ki, istək olsun. Amma mən hələ fəalların etirazının kütləviləşməsi tendensiyasını hiss etmirəm. Bəli, fəallar onsuz da həmişə öz etirazlarını bildirirlər, hətta Iran kimi bir ölkədə! Vacibi budur ki, onların etirazını cəmiyyət dəstəkləsin. Bunu isə deyəsən bu payız da görməyəcəyik. Çox istərdim ki, proqnozum doğrulmasın, lakin nə etmək olar?..


