WikiLeaks-da açıqlanan yazışmaların birində əlahəzrətin 2008-ci ilin “prezident seçkisi”ndən aylar əvvəl ABŞ-ın o vaxtki səfirinə “ətrafında və müxalifət içərisində özünə rəqib görmədiyi” barədə dediklərini oxuduq. 2006-cı ildə eyni əlahəzrətin imzası ilə Milli Məclisə göndərilən bir qanun layihəsi var, o vaxtdan bəri təyinatlı parlamentin arxivində ağzıgünə yatır, yəqin üzərini də bu saat ən azı yarım metr toz örtüb. Adı: “Rəqabət Məcəlləsi”!Ilham Əliyevin imzası ilə Prezident Administrasiyasının bir şöbəsinə çevrilmiş Milli Məclisə göndərilən, amma qəbul edilməsi ildən-ilə təxirə salınan başqa hansısa qanun layihəsi varmı? Yoxdur.
Əgər o qanun layihəsi də hansısa mürtəce məzmun daşısaydı, hakimiyyətin əlinə istədiyi vaxt vətəndaşın evini əlindən alıb başına uçurmaq imkanı versəydi, ya da kral həzrətlərinə bir ömür heç bir seçki-filan olmadan dövlətin təpəsində oturmaq fürsəti tanısaydı da, yenə Milli Məclisin arxivində yatıb qalardımı? Yox.
Niyə? Çünki adı üzərindədir – “Rəqabət Məcəlləsi”. Adı zatən mahiyyətini açıqlayır: bu qanun layihəsi ölkənin, onun gəlirlərinin, sərvətlərinin beş-üç ailə arasında pay-püş edilməsini azacıq da olsa önləyə bilər, xalqın atasını yandıran, anasını ağladan inhisarlaşmanı azacıq da olsun sarsıda bilər. Bunların ailə şirkətlərinin günbəgün böyüməsinə, genişlənməsinə azacıq da olsa mane ola bilər, əl-yayaqlarına dolaşa bilər. Ona görə də 5 ildir gözlərinin ucu ilə də baxmırlar bu sənədə.
Və istər-istəməz oturub düşünür adam: 5 ildir bir “Rəqabət Məcəlləsi”ni qəbul etməyən, etmək istəməyən zehniyyət hansı haqla ölkədə özünə rəqib olmadığını iddia edə bilər?
Nə olsun o qanun layihəsi iqtisadi məzmunludur, amma sizin ona bu cür münasibətiniz, onu gərəksiz bir kağız parçası kimi kənara atmanız sizin ümumiyyətlə, rəqabət anlayışına münasibətinizi ifadə edir. Yalnız ölkədə iqtisadi rəqabəti deyil, siyasi, mənəvi, ideoloji rəqabəti belə təmin etməkdə maraqlı olmadığınızı, ümumiyyətlə, “rəqabət” məfhumuna allergiyanızı, qıcığınızı ifadə edir. Sonra da ona “diktator” deyiləndə xətrinə dəyir
Yenə keçənlərdə elə WikiLeaks-dən oxumuşduq ki, Ilham Əliyev Qərb diplomatlarına onun barəsində “diktator” deyilməsindən çox qəzəbləndiyini nümayiş etdirib. Mən bu barədə ötən yazıların birində yazmışdım, yenə yazmaqda fayda var.
Yaxşı, əlahəzrət özünün “diktator” adlandırılmasını istəmir, bəs “mənim rəqibim yoxdur” nə deməkdir? Bunun açması, mənası özünü əvəzedilməz, alternativsiz, toxunulmaz, ələdüşməz hesab etmək deyilsə, bəs nədir? Diktatorlardan başqa kim bu cür düşünür? Diktatorlardan başqa kim rəqib tanımır? Diktatorlardan başqa kimə elə gəlir ki, burda odur Bağdadda kor xəlifə? Diktatorlardan başqa kim “Göydə Allah, yerdə mən” təfəkkürü ilə yaşayır? Diktatorlardan başqa kim özünü hamıdan bir baş yuxarı görür?
Xalqı aşağılamaq tonu
Ilham Əliyevin “mənim rəqibim yoxdur” sözlərinə bir də başqa bucaqdan baxaq. Bu sözlərin altında xalqa qarşı aşağılayıcı bir münasibət yatır. Yəni bu xalq o qədərmi cılızdır ki, öz içindən Ilham Əliyevə rəqib olacaq bir insan çıxara bilməz? Bu xalq o qədərmi zəkasız, qısırdır ki, onun taleyi ancaq bir nəfərin əlində ola bilər, o yalnız bir nəfərin ümidinə qala bilər? Bir hakimiyyətin təpəsində oturan adam da öz xalqı haqqında bu qədər bədgüman olarmı? Onu bu qədər yetənəksiz, qabiliyyətsiz göstərməyə çalışa bilərmi? Bu xalq bir əsrdə iki demokratik cümhuriyyət qura bilər də, prezident olmağa layiq iki adammı yetişdirə bilməz?
Rəqabətə imkan verin, rəqibləri görəcəksiniz!
Yeri gəlmişkən, bunu da yazım: bəzən bizə tez-tez sual verirlər, “yaxşı bunlar getdilər, bəs yerinə kim gələcək?”.Mən bu suallara həmişə və bütün səmimiyyətimlə eyni cavabı verirəm: bu ölkədə prezidentlik yaşı tamam olan istənilən şəxs mənim üçün Ilham Əliyevin alternatividir, rəqibidir. Bu məsələdə mənim könlüm çox rahatdır. Mən bu ölkədə prezidentlik yaşı tamam olan istənilən adama Azərbaycanın şansı kimi baxıram. Çünki bu ölkə bu gün o qədər pis idarə olunur ki, onu indikindən pis idarə etmək qeyri-mümkündür. Hətta istəsən belə, Azərbaycanı indikindən daha pis idarə edə bilməzsən.
Bəli, bu gün bəlkə də dünyanın heç bir yerində heç bir ölkə başçısına Azərbaycandakı qədər rəqib yoxdur. Ilham Əliyev sadəcə, bir məqama görə rəqibsizdir – doğrudan da, heç kim Azərbaycanı bugünkündən daha pis idarə edə bilməz!
Bu xalqın potensialını özləri də çox yaxşı bilirlər. Ona görə də ölkədə rəqabətə imkan vermirlər. Hər addımda insanların öz potensialını, bacarığını nümayiş etdirməsinə qarşı çıxırlar. Fərqi yoxdur, siyasətçi, ya biznesmen olsun, hər kəsə qarşı eyni münasibət mövcuddur: basqı, basqı, yenə də basqı!
Bunların məntiqinə, təfəkkürünə görə, ən yaxşı musiqini bəstəkar Kamal bəstələyə bilər. Ən yaxşı şeiri Əli Həsənovun həyat yoldaşı Sona xanım yaza bilər. Ən yaxşı müğənni Emin Ağalarov ola bilər. Ən yaxşı modelyer Fəxriyyə Xələfova ola bilər. Ən yaxşı jurnalı Leyla Əliyeva buraxa bilər. Ən yaxşı diplomat Hafiz Paşayev ola bilər. Ingilis dilində ən yaxşı Ilham Əliyev danışa bilər. Ən yaxşı buğda sortlarını Cəlal Əliyev yetişdirə bilər. Turnikdə də ən yaxşı bunlar dartınır, xizəyi də ən yaxşı bunlar sürür. Bunlardan qıraqda isə hamı fərasətsizdi, qabiliyyətsizdi, bacarıqsızdı. Budur bunların zehniyyəti!
Təkcə siyasətdə yox, heç nədə özlərinə rəqib görmürlər, alternativ görmürlər. Xalqı görmürlər çünki. Xalqı görsələr, xalqın içində özlərinə qarşı yatan qəzəbi, nifrəti də görəcəklər, xalqın arasında özlərinə layiqli rəqibləri də…