Mənə yırtıcı deməyin…

Yazını ömür payını dar ağacında tamamlayan Səddam Hüseynin və dünənin padşahı, bu günün siçan deşiyi axtaran zavallı və xəstə bəndəsi Müəmmər Qəzzafinin adlarını çəkməklə başlayıram. Hər ikisi dünya güclərinin bəyanatlarına, xalqlarının tələblərinə “Tık-tık xanım” cizgi filmində buğda oğurlayan siçanlardan birinin o birinə silkələdiyi yumruqla cavab vermişdi…

Nə isə, keçək gündəmi yenidən işğal eləyən və bu dəfə daha çox Azərbaycanla bağlı məxfi teleqramları dünya ictimaiyyətinə çatdıran VikiLeaks”-in yaydığı sənədlərdəki psixoloji fakturaya. Siyasətin qalan qara-qura məqamları isə mənimçün heç də maraqlı deyil.

ABŞ səfirliyinin o zamankı müvəqqəti işlər vəkili Donald Lunun 14 may 2009-cu il tarixli məxfi teleqramında I.Əliyevin Israilin Azərbaycandakı səfiri Artur Lenklə görüşünə aid hissəsində deyilir ki, o, ABŞ-ın “Azərbaycanda hakimiyyət dəyişikliyini dəstəkləyən ”Azadlıq” radiosunun yayımının bərpasını tələb etməsini… heç cür başa düşə bilmir və buna görə də narazılığını gizlətmir. O, tənqidi hakimiyyət dəyişikliyinə dəstək hesab eləyib qəzəblənir. Onun nəzərində tənqidlə inqilabın heç fərqi yoxdu. Hakimiyyətinin dəyişdirilməsi, yenilərinin hakimiyyətə gəlməsi də ona qətiyyən çatmır. Bu isə dövlət başçısı üçün demokratiyanın zərrəcə qəbuledilməz olması təəssüratını doğurur. Ömrü boyu hakimiyyətdə qalmaq isə diktaturalarda, monarxiyalarda olmur da nədə olur”. Həbsdə olan jurnalistlərlə bağlı fikir də çəkicidi. O, səfir Enn Dersi ilə söhbətində qeyd edir ki, jurnalistləri həbsxanada saxlamaq ölkənin imici üçün pisdir və onları azad etmək istərdi, lakin: “Məsələ bunu necə etməkdir”, – Əliyev səfir xanıma deyir. (Halbuki sualın çox sadə cavabı var: “Onları həbs etməməklə”.) Və əlavə eləyir ki, jurnalistləri barmaqlıqlar arasında görmək istəməzdi, “lakin onlara qarşı iddia qaldıranlar qanun çərçivəsində hərəkət ediblər və mən onları dayandırmadım”. O, bir daha demokratiyadan nə qədər uzaq olduğunu və jurnalistlərin (qondarma ittihamlarla) həbsini arzuladığını sərgiləyir. Tənqid olunmağı heç cür həzm eləyə bilmir ki, bilmir. Jurnalistlərin həbsdən azad edilməsinin çıxış yolunu isə tam başqa şəkildə, belə görür: “Bura Azərbaycandır, Avropa deyil. Onlar məndən əfv olunmalarını xahiş etməlidirlər”. Elə bil, eynən dinlərdəki yanlış Allah obrazıdı: Tövbə eləməsən, qanın getdi, əyilməsən, yanacaqsan və s. Bura Azərbaycandır, demək, burada qanun yox, dövlət başçısı əsasdı. Bu dövlət yox, qəbilədi və yalnız qəbilə başçısının ayaqlarına qapanmaq lazımdı. Bir sözlə, diktatura və həvəskar diktator: “Jurnalistlər ya öz günahlarını etiraf etməli, ya da həbsxanada oturmalıdır”. Sanki qanuni oğrular haqda danışır: “Lotunun yeri içəridir”. Anlamaq olmur onların günahı ciblərinə atılan narkotikdi, sürtük fahişələrin “qəlbinə dəyməkdi”, ya hakimiyyəti tənqid eləmək? Indi onlar hansı günahlarını etiraf eləməlidi?..

“Mən öz adımı mətbuatın 10 düşməni (yırtıcıları) siyahısında görürəm”. O, məhbəsdən daha çox adam buraxmağa çalışır – yırtıcı sözünün üstündən götürülməsi üçün… buna görə də daha çox adamı həbs elətdirməyə məcbur olur. Ad isə yeri dəyişən toplananlar kimi dəyişmir ki, dəyişmir.“O,- səfir xanım yazır,- bir neçə dəfə deyib ki, nə edir etsin, Qərb onu diktator adlandırır”. “Diktator” sözündən qıcıqlanıb acığa diktatura qurmaq da maraqlıdı. Mənim sözümün canı isə bu: hər bir insan əslində kim olduğunu bilir. Iş də elə bundadı – yanlış yol gedən sonunda məğlub olacağını hamıdan yaxşı anlayır. Diktatorların daxilən qorxaq olmalarının da səbəbi ayrı deyil. Diktatorların, hakimiyyət xəstələrinin içində daim qışıran səs bunu deyir: “Mənim bildiyimi yazmayın, dilinizə gətirməyin!!!”.