Şahid üzünə durduğu Firdovsi Məmmədrzayevi tanımadı
Ağır Cinayətlərə dair Işlər üzrə Məhkəmədə Eldar Ismayılovun sədrliyi ilə Islam Partiyasının lideri Mövsüm Səmədov və daha 6 nəfərin – partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, partiya fəalları Firdovsi Məmmədrzayev, Fəramiz Abbasov, Dəyanət Səmədov və Mikayıl Zülfüqarın (sonuncu ev dustağıdır) işi üzrə məhkəmə prosesi davam edib.
Vəkil Anar Qasımovun sözlərinə görə, dünənki prosesdə şahidlərin ifadələri dinlənilib. Onlardan biri, Quba rayon sakini həbsdə olan partiya fəalları Firdovsi Məmmədrzayev və dəyanət Səmədovun əleyhinə ifadə verib. Onun sözlərinə görə, Quba məscidlərində onlar hakimiyyət əleyhinə çıxışlar edir və I.Əliyevin idarə üsulunu pisləyirdilər.
Lakin həmin şahid məhkəmə prosesində F.Məmmədrzayevi tanımayıb. Bir sıra digər şahidlər dindar olduqlarını bildirsələr də, vəkillərin islam və namaz haqqında suallarına cavab verə bilməyiblər. Bundan sonra hal şahidləri dindirilərək, təqsirlədirilən şəxslərin evlərindən silah çıxdığını təsdiqləyiblər. Proses sentyabrın 14-də davam edəcək(“Turan”).