Misir Mərdanovu öldürsək…

Yaxud bizim kiminlə nə haqq-hesabımız var?

Son günlər Ilham Əliyev yalan olub Misir Mərdanov gerçək. Ölkənin bütün dərdlərini bu qardaşın boynuna yükləyib yola salmaq istəyirlər. Əlbəttə, Azərbaycan təhsil siteminin bu günə düşdüyü üçün Misir Mərdanova bəlkə də ömürlük həbs düşür. Milllətin gələcəyini bundan daha pis vəziyyətə çətin ki, salan olsun. Amma əlahəzrətlər, gəlin fikirləşək görək o bütün bu cinayətləri tək və özbaşına edibdirmi və ya edə bilərmi?
Bir az diqqətli və yaddaşlı adamlar gərək unutmasınlar Heydər Əliyevin məşhur “Azərbaycan tarixi” söhbətini. Misir Mərdanov təzə nazir olmuşdu və başını aşağa salıb kasıbçılığını eləməklə məşğul idi. Heydər Əliyev 11-ci siniflər üçün yeni nəşr edilmiş “Azərbaycan tarixi” kitabına baxdı və qəzəblə yerə çırdı. Bilirsiz niyə? Çünki kitabın üz qabığında Heydər Əliyevin şəkli yox idi. O gündən kitabların da üzü dəyişdi, nazirin də. Sözümün mahiyyəti Misir Mərdanovdan yazıq obrazı yaratmaq da deyil. Bu ölkədə təhsil islahatlarına imza atmış insanlardan biri Vurğun Əyyub dolanışıq dərdindən didərgin düşüb, amma millətin gələcəyi ilə oynayanlarla işləməyib. Pis iş istedad tələb etmir. Misir Mərdanov da imtina edə bilərdi. Niyə etmədi? Çünki mahiyyətcə yaxın idi bu sistemin çirkinliklərinə. Sistem onu dışlamayana kimi də oranı tərk etmək haqqında düşünmür. Hərçənd açıq görünür ki, ona da yolun sonunu göstəriblər. Amma ortada muzdlu bir dəstə elə hay-küy yaradır ki, guya Misir Mərdanov getsə, təhsilimiz dünya onluğuna girəcək. Kor nə istər, iki göz…
Bu ölkədə nazir və ya kabinet islahatının nəyisə dəyişəcəyini iddia edib, beyin hüceyrələrimizi sıradan çıxaranlara isə bəzi xatırlatmalar etmək zorundayam. Əli Insanov səhiyyə naziri vəzifəsindən getdi. Oqtay Şirəliyev gəldi, dünya düzəldimi? Səhiyyəmiz qabağamı getdi? Yoxsa, bütün ölkə boyu xəstəxanalar, apteklər dükan kimi işləməyə başladı. Amma Ilham Əliyevin bir göstərişi ilə bir neçə gün insanlara pulsuz xidmət elədilər. Sübut olundu ki, bu ölkədə nazir heç kimdi.
Əli Nağıyev sosial müdafiə nazirliyindən getdi, insanların rifah halı çiçəkləndimi? Yoxsa, ünvanlı sosial yardımın düz yarısını çörəyə möhtac olan insanlardan qopardılar? Pensiyalar iki dəfə artdımı? Yoxsa orta pensiya yaş həddi altmışa endirildi? Nə oldu?
Heydər Babayevi vəzifədən atdılar, inflyasiya təkrəqəmliyəmi düşdü? Insanlar qaz vurub qazanmı doldurdular? Antiinhisarçılıq parlaq qələbəmi qazandı? Yoxsa Azərbaycan Dünya Ticarət Təşkilatına girdi? Nə oldu axı biz bunu həyatımızda hiss eləmədik? Bütün bunları hiss etdirən yeniliklər yalnız bəzi məmurların və təyinat imzası atan Ilham Əliyevin məcazi desək, cibində – bank hesablarında göründü. Elə isə siz niyə palan döyəcləməyi bizə qəhrəmanlıq kimi təqdim etmək istəyirsiz? Sözünüz var, gəlin Ilham Əliyevə deyin. Milləti sevirsiz bütün bu eybəcərlikləri yaradan sistemin dəyişməsi üçün mücadilə verin, yoxsa cənablar, bir elementlə uğraşmaq cəsarətində bulunanlar o elementin yerinə iddia edənlər elə onun bir tayıdır və hətta daha iyrənc formasıdır. Ilham Əliyev hakimiyyətinin bu günündə hansısa korrupsiya tenderində rol aparmaq üçün canfəşanlıq edib tər tökmək bu dəqiqə o korrupsiyaya yol verməkdən daha iyrəncdir. Bizim üçün isə, qulağınıza sırğa edin, sizin aranızda heç bir prinsipial fərq yoxdur. Heç bir oliqarx, nazir, məmur bizi özünə nə düşmən saysın, nə də ehtiyat eləsin. Bizim işimiz bu cəmiyyəti bu günə qoyan iki-üç adamla, bu sistemi quranlar və yaşatmaq üçün cinayətə yol verənlərlədir. Yox əgər kimsə hesab edirsə ki, Misir Mərdanovu, ya da hansısa bir naziri öldürməklə (işdən çıxartdırmaq mənasında) xalqı xilas edəcək, buyursun, vaxtımızı almasın..

Seymur Həzi

P.S. Ramiz Mehdiyevin Təhsil Nazirliyini asıb kəsdiyi günlərdə Misir Mərdanov belə bir açıqlama vermişdi ki, büdcədən təhsilə 25 faiz ayrılır bu rəqəmin cəmi on səkkiz faizi gəlib bizə (Təhsil Nazirliyinə) çatır. Indi mən bəzi dostlara deyirəm ki, bu on səkiz faiz üçün (ya da bu on səkkizin hansısa xırda faizini qoparmaq üçün) özünüzü öldürdüyünüz yaxşıdır. Insaf naminə o yerdə qalan səksən iki faizin taleyinə görə də səs-küy salın.