Kəbirə Məmmədova sahibkarlara qan uddurur

«Binə»nin şefi hər ay qazandığı 2 milyon 505 min manatdan nə qədər vergi ödəyir?

“Binə” bazarında sahibkarlar qan ağlayır. Səbəb isə bazarın sahibi Kəbirə Məmmədovanın onları müflis etməsidir. Onlar deyirlər ki, bazara hər gün bir nırx qoyulur: “Artıq bezmişik. Son 3-4 ayda yüzlərlə sahibkar bazarı tərk edib. Həmin şəxslər ya ”Sədərək” bazarına üz tutublar, ya da bizneslərini başqa ölkələrdə inkişaf etdirməyi düşünürlər”.

Işıq lampası, kondisionerə görə 140 min manat qazanc

Artıq “Binə”yə də giriş pullu oldu. Əvvəlcə bu taktikadan “Sədərək”də istifadə edildi. Işə yaradığını görüb anoloji addımı Kəbirə Məmmədova da atdı. Nəqliyyat Nazirliyinin balansında olan maşınlardan başqa bütün maşınların bazara girməsi 50 qəpikdir. Gün ərzində “Binə”yə yüzlərlə maşın girir. Işlək olan dükanların sayı 2000-dir. Əksər dükan sahiblərinin maşını var. Bundan başqa, nə qədər alıcı şəxsi maşını ilə bazara təşrif buyurur. Orta hesabla bazara gündə 3000-dən çox maşın gəlirsə, bu, günə 1500 manat, aya 45 min manat deməkdir. Bu qədər pulun hara getdiyi isə bilinmir. Çünki pulu ödəyəndə sürücüyə heç bir qəbz verilmir. Yazdığımız bu fakt “Binə” sahibinin ən az məbləğli maxinasiyasıdır. “It-bata” düşən pulların miqdarı hələ öndədir.

Belə ki, hər dükandan aya 3 manat işıq pulu yığılır. Bu 3 manat bir işıq lampasına görədir. Hər dükanda ən azı 8 işıq lampası var. Ən çoxunda isə 12-dir. Orta hesabla 10 lampa götürsək, bu, bir mağazadan 30 manat almaq deməkdir. Beləliklə, işlək 2000 dükandan aya 60 min manat pul əldə edilir. Sahibkarlar deyirlər ki, gün ərzində bir neçə dəfə işıq sönür. Bu isə əsl maxinasiyadır: “Hər bir dükana sayğac qoyulsa da, işıq pulunu bu minvalla alırlar. Sayğacı onlara göstərəndə ”ehtiyac yoxdur” cavabını verirlər. Işıq lampası aya ən yaxşı halda 70-80 qəpik yazır. Bazarda gündə işıq bir neçə dəfə və bir neçə saatlıq söndürüləndə bu, aya heç 50 qəpik də eləmir. Ancaq əlavə olaraq 2 manat 50 qəpik alırlar”.
“Binə”də olarkən öyrəndik ki, hər dükan sahibindən kondisioner üçün 40 manat pul alırlar. Bunu hesablayanda (2 min dükan üçün – R.D) Kəbirə Məmmədovanın cibinə əlavə olaraq 80 min manatın girdiyini anlayırsan. Kondisioner pulu verməmək mümkün deyil. Istifadə etməsən belə bu məbləği ödəməlisən. 40 manatı ödəməmək üçün kondisioneri sökməlisən. Yenidən quraşdıranda icazə üçün rəhbərliyə əlavə olaraq 300 manat verməlisən.

Polis pulu və “pojarnıy xod”

Hər bir dükandan 10 manat polis pulu yığılır, bu da 20 min manat deməkdir.
Tum satan, araba sürən, çaynikdə dükanlara çay gətirən bir sözlə, əldə hər hansı əşyanı satan adam günə 1 manat pul ödəməlidir. Belə satıcıların sayı da yüzlərlədir. Orta hesabla 1000 satıcı götürsək (bu ən aşağı göstəricidir, reallıqda daha çoxdur – R.D), bu, günə min manat, aya 30 min manat deməkdir.
“Binə”də dükanların ərazisi 40, 50 və 60 kvadrat metrdir. 40-a görə 1050 manat, 50 üçün 1150 manat, 60-a sahiblənən isə 1250 manat yer haqqı ödəməlidir. 2000 dükanı orta hesabla 1150 manatdan götürsək, bu məbləğ 2 milyon 300 min manat edir. Sahibkarlar Kəbirə Məmmədovaya yer haqqından əlavə dükanın sahibinə icarə üçün pul ödəyirlər. Daha çox alıcı qəbul edən sıralar 5, 6, 7 və 8-ci sıralardır. Burada yer pulundan əlavə dükan sahibinə 2000-3000 manat da verməlisən. Qalan yerlərdə məbləğ 1000-1500 manat arasında dəyişir.
Kəbirə Məmmədova “Binə”də yeni qazanc yeri də əldə edib. Bazar tikilən zaman Fövqəladə Hallar Nazirliyinin əməkdaşları “pojarnıy xod”ların olmasını məsləhət görüblər. Çünki hadisə olan zaman yanğınsöndürən maşınlar həmin yerlərdən rahat keçə bilsin. Indi o yerlərdə də Kəbirə Məmmədova dükan tikir. Belə ki, “Binə”də 10 sıra var. Hər sırada 5 “pojarnıy xod” salınıb, cəmi 50-dir. Hər bir mağazanı tikib 110-150 min manat arasında satırlar. 50-ni orta hesabla 130 min manat vuranda bu, 6 milyon 500 min manat edir.

Vergi üçün 200 manatlıq “şapka”

“Binə”də qazanc mənbəyi bununla bitmir. Bazarın sahibi hələ də sıranı genişləndirir. Yeni dükanlar tikilir. Həmin dükanları baha satmaq üçün yeni yola əl atıblar. Belə ki, hər bir bazarda “xod” gedən yerlər dayanacaqlara yaxın olan hissələrdir. Hazırda “Binə”nin müştəriləri 5, 6, 7 və 8-ci sıralara daha çox gəlir. Kəbirə Məmmədovanın tapşırığı ilə yeni tikilən dükanları 100 min manata satmaq üçün dayanacaqları yeni ünvanlara köçürürlər. Bu o deməkdir ki, yuxarıda adları qeyd edilən sıralar müştəri azlığından əziyyət çəkəcək. Sahibkarlar bizimlə söhbətdə deyirlər ki, Kəbirə Məmmədova bu minvalla yeni-yeni sıralar “icad” edəndə dayanacaqların yerini dəyişəcək. Belə olacaqsa, qazanan “Binə”nin sahibi, itirən isə sahibkarlar olacaq.

“Binə”yə yaxın aylarda kassa aparatı da qoyulacaq. Yeni qaydalara əsasən dükan sahibləri ya aya 200-300 manat “şapka” ödəyib vergini yola verməlidir, ya da “qanun çərçivəsi”ndə işləməlidirlər. Heç bir hal sahibkarları qane etmir. Çünki onlar hər ay bazar sahibinə əlavə olaraq vergi üçün pul ödəyirlər.
Problemlərlə bağlı heç kimə şikayət etmək mümkün deyil. Sahibkarların dediyinə görə, narazılıqlarını bildirəndə onlara Kəbirə Məmmədovanın qəbul otağını göstərirlər: “Kəbirə xanımın yanına gedəndə isə bizi söyüşlə qəbul edib, söyüşlə də yola salır. Açıq-aydın deyir ki, gedin kimə şikayət edirsiniz, edin. Heç kimdən qorxmur və istədiyini edir”.

Pullar hara gedir?


Yazıda kiçik də olsa hesablama apardıq. Və qeyd edək ki, bütün hesablamalar ən aşağı qiymətlərlədir. Beləliklə, Kəbirə Məmmədova “Binə”yə daxil olan maşınlara görə, hər ay ən azı 45 min manat qazanır. Hər ay işıq pulu 60 min, kondisioner 80 min, polis pulu 20 min, yer haqqı 2 milyon 300 min manat “Binə”nin şefinin cibinə axır. Cəmini hesablayanda isə 2 milyon 505 min edir.
Hələ biz “pojarnıy xod”lardan qazanılan 6 milyon 500 min manatı demirik. Bəs bu qədər qazancdan nə qədər vergi verilir? Əldə edilən pullar kimin cibinə axır? Aidiyyəti üzrə dövlət qurumları bu məsələyə aydınlıq gətirsələr, yaxşı olar…

Ramin DEKO