Misir yenidən qarışdı

Minlərlə insan Təhrir meydanına axışaraq islahatlar tələb etdi; Israil səfirliyi və DIN-in binasına hücum oldu

Hüsnü Mübarəkin devrilməsindən sonra Misirin paytaxtı Qahirədə minlərlə insan yenidən Təhrir meydanına toplaşaraq etiraz aksiyası keçirib. Nümayişçilər qısa zaman ərzində ölkədə islahatların keçirilməsini, habelə mülki şəxslərin cinayət işlərinə hərbi məhkəmələrin baxılmasına xitam verilməsini tələb ediblər. Etirazçıların əsas tələblərindən biri isə iqtidarda olan hərbi şuranın hakimiyyəti mülki hökumətə təhvil verilməsini tezləşdirməsidir.
Nümayişçilər Misir-Israil sərhədində baş vermiş son insidentlərlə bağlı Israil səfirinin ölkədən çıxarılmasını da tələb edirlər. Etirazçıalr Qahirdəki Israil səfirliyinə zorla daxil olublar. “Əl-Cəzirə” telekanalının göstərdiyi videosüjetdə, nümayişçilərin Israil səfirliyin binasının pəncərələrindən kağızları küçəyə atmaları görünüb. Baş vermiş iğtişaşlardan sonra Israil səfiri Misiri tərk edib. Səfiri, onun ailəsini və səfirliyin əməkdaşlarını Israildən Qahirəyə gələn təyyarə aparıb.
Paytaxtdakı iğtişaşlar Daxili Işlər Nazirliyinin binalarından birində yanğın baş verməsiylə nəticələnib. Misirin “Nil” telekanalının verdiyi xəbərə görə, DIN binasının qarşısında etiraz aksiyası keçirilib. Nümayişçilər binanın qapısından nazirliyin lövhəsini çıxarıblar və binanın divarlarında Misir polisinə qarşı şüarlar yazıblar.
Nümayişçilərin Israil səfirliyinə zorla daxil olmasından sonra Misirin Daxili Işlər Nazirliyi ölkədə fövqəladə vəziyyət elan edib. Qahirədə bütün kütləvi tədbirləri qadağan edib. Israil səfirliyinin qarşısında yerli polislə nümayişçilər arasında baş verən toqquşmalar zamanı 520 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Informasiya şöbəsi