Üzeyir Cəfərov: «Təəssüf ki, ordudakı çatışmazlıqlara görə birinci deyil, üçüncü və dördüncü şəxslər cəzalandırılır»
Atəşkəs dövründə Azərbaycan ordusunun itkiləri 3500 nəfər olub. Maraqlısı isə ondan ibarətdir ki, bunun yalnız 15 faizi döyüş itkisi olub. Yerdə qalan itkilər isə əsgərlərin intiharı, bir-birini güllələməsi nəticəsində yaranıb. 2003-cü ildən etibarən hər il itkilər təxminən 65-70 nəfər təşkil edir. Müharibə şəraitində olsa da, aktiv döyüş əməliyyatları aparmayan bir ölkə üçün bu, olduqca yuxarı göstəricidir. Maraqlı tərəf isə ondan ibarətdir ki, bu qədər açıq faktlar ortada olsa da, buna görə heç kim cəzalandırılmayıb.
Hərbçi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, dünyanın hər bir ordusunda itki olur. Amma Azərbaycan ordusunun sülh vaxtı bu sayda itki verməsi narahat doğurur: “Müharibə aparan ölkənin ordusunun bu qədər itki verməsi başadüşülən deyil. Sahə şəraitində olan hərbi hissələrdə ordunun sülh vaxtı müəyyən itki verməsi anlaşılandır, amma məsələ burasındadır ki, sülh şəraitində orduda intiharların, güllələnmə faktlarının artması narahatlıq doğurur. Yəni, itkilərimizin yalnız 15 faizi düşmən gülləsi ilə bağlıdır. Bu isə acınacaqlı haldır. Ən çox itki verən Şəmkir korpusu idi. Rövşən Əkbərovun ora komandir gətirilməsindən sonra bu halların azalacağı gözlənilsə də bu baş vermədi”.
Ilk vaxtlar R.Əkbərovun vəzifəsinə məsuliyyətlə yanaşdığını deyən Ü.Cəfərov vurğuladı ki, daha sonra o hərbi birləşməni Bakıda olduğu kimi kabinetdən idarə etməyə başladı. Nəticədə yenə nəzarətsiz qalan korpusda özbaşınalıqlar davam etdi. Orduda itkilərin hər il daha da çox olmasının müəyyən qüvvələrin fəaliyyəti ilə də bağlayan Ü.Cəfərov hesab edir ki, bəzi qüvvələr hazırda Baş Qərargah rəisi ilə müdafiə naziri arasında gedən qarşıdurmanı dərinləşdirmək istəyir: “Hansı dövlətdə ordunun rəhbərliyində təmsil olunan adam başqa ordunun yüksək ali mükafatına layiq görülərdisə, bu, ciddi araşdırma predmeti olardı. Amma Azərbaycanda baş qərargah rəisi Nəcməddin Sadıxovla bağlı heç bir addım atılmadı. Azərbaycanda orduda çatışmazlıqlara görə, o da nadir hallarda üçüncü və dördüncü şəxslər cəzalandırılır. Halbuki baş verənlərə görə birinci şəxs cəzaya layiq görülməlidir. Elə bu üzdəndir ki, ötən müddət ərzində bu qədər itkiyə görə heç kim cəzasına çatmayıb”.
Hikmət



