“Qızımı intihara məcbur ediblər”

Hüseynovlar ailəsi övladlarının acı hekayətini «Azadlıq»a danışdı

2 manat və kontura görə qızı polisə verəcəyi ilə hədələyib ölümünə bais oldu

Yeddi aydır Bakıda kirayədə yaşayırlar. Onların Bakıdan uzaqda – Neftçala rayonunda daxmaları var. Burada məskunlaşmanın əsas səbəbi ötən ilin oktyabrında intihar edən qızlarının qisasını almaq, haqq-ədaləti bərpa etməkdir. Son bir ildə daxili sarsıntılardan 70-80 yaşlı adam təsir bağışlayan iki ömür-gün yoldaşı görüşdü bizimlə. Bizdən kömək istəyirlər. 21 yaşlı qızı intihara sürükləyən şəxslərin cəzalandırılmasını tələb edirlər.

“Tutu Mehdiyeva mənə şər atdığına görə özümü öldürəcəm”

Söhbətə mərhumun anası Şəhla Hüseynova başlayır. Ata – Seyran Hüseynov isə küncə qısılıb sadəcə söhbətə qulaq verir. Hüseynova deyir ki, qızı 1989-cu il təvəllüdlü Jalə Hüseynova intihara təhrik olunub: “Onu işlədiyi Neftçala Rayon Mərkəzi Xəstəxanasında iş yoldaşı Tutu Mehdiyeva şərləyib, oğurluqda ittiham edib. Sonra da onu polisə verəcəyi, ANS-də biabır edəcəyi ilə hədələyib. Əvvəlcə kadrlar şöbəsinin rəisi Meyxanım Rəhimova, sonra həmkarların sədri Zakir Sahilov baş həkim Telman Zahidovla söhbət ediblər. Ona deyiblər ki, Tutu Jaləni incidir. O özünə qəsd edəcək, özünü Kürə atacaq. Sual oluna bilər ki, onlar hardan bilirdi qızım özünü Kürə atacaq? Niyə polisə məlumat vermirdilər? Nədən valideynlərinə bir söz demirdilər?”.
Jalə Hüseynova xəstəxanada kompüter üzrə operator işləyirmiş. Ötən ilin oktyabrın 27-də işə gedib və geri qayıtmayıb. Oktyabrın 29-u övladına məxsus pencək, əl çantası və bir cüt ayaqqabı rayonun Xıllı qəsəbəsi ərazisində Kür çayı sahilindən tapılıb. Ölümündən əvvəl çantada kağız parçasında özünü öldürməsinin səbəbləri barədə iş yerində yazıb qoyduğunu qeyd edibmiş: “Tutu Mehdiyeva mənə şər atdığına görə özümü öldürəcəm. Sizdən xahiş edirəm ki, onu işdən çıxarasınız. Yalandan deyir ki, guya mən onun telefonlarına girib kontur götürmüşəm. Mənim həmin vaxtlarda heç telefonum yox idi. Mən Telman Zahidovdan çox razıyam. 27.10.2010-cu il tarixində Telman doktor onu çağırıb ki, niyə mənə şər atıb. O da deyib ki, hər yerə deyəcəm ki, Jalə üstümə cumub, məni vurmaq istəyirdi. Xahiş edirəm bu işə düzgün baxsınlar”.
Ş.Hüseynovanın sözlərinə görə, Tutu Jaləni əl çantasından 2 manat pul və telefonundan kontur oğurlamaqda şərləyib: “Ondan 300 manat pul oğurlayacağını deyirmiş. Əgər qızım oğru idisə, o zaman hüquq-mühafizə orqanlarına müraciət olunmalı idi. Həmçinin Telman Zahidov da hadisədən öncə Tutuya deyibmiş ki, cavan qızdır, birdən özünü Kürə atar, buna cavab verə biləcəksənmi? Həm də baş həkim Meyxanım Rəhimovaya ”bunların hər ikisini işdən qov” deyib”.

Ana deyir ki, bundan həyəcanlanan qız intihar edib: “Ona görə də Telman Zahidov cinayət məsuliyyətinə cəlb edilməlidir. Xəstəxananın kadrlar şöbəsinin rəisi Meyxanım Rəhimova isə Tutu Mehdiyevanın qızıma böhtan atdığını bildiyi halda, bizə heç nə deməyib. 27 oktyabr 2010-cu ildə Jalənin evə gəlmədiyini görüb Meyxanımgilə gedib ondan məlumat almaq istədim. O, Jalənin 15:30-da işdən çıxıb evə getdiyini dedi. Meyxanım Rəhimova yalnız oktyabrın 29-da etiraf etdi ki, Jalə işdən çıxıb evə gedərkən özünü elektrikə verib öldürəcəyini deyibmiş. Meyxanım Rəhimova da cinayət barədə xəbər vermədiyinə görə məsuliyyətə cəlb olunmalıdır”.
Valideyn, həmçinin qızının məktubda yazdıqlarının bir qismi ilə razılaşmır: “O, baş həkim Telman Zahidovun günahı olmadığını yazır. Bunu bizə görə edir. Çünki mən də həmin xəstəxanada işləyirəm. Istəməyib ki, ölümündən sonra bizə də problem yaşansın”.

Istintaq valideynləri dindirmir

Övladlarının qanını yerdə qoymamaq üçün valideynlər hüquq-mühafizə orqanlarına müraciət ediblər: “Neftçala rayon prokurorluğunda müstəntiq Ramiz Əliyev 2 dəfə, Anar Mirkişiyev 1 dəfə işi geri qaytarıb: ”Ramiz Əliyev cinayət işinə xitam verib və intiharın baş verməsində kənar şəxslərin günahı olmadığını deyib. Işə yenidən baxan digər müstəntiq Anar Mirkişiyev də cinayət işi başlamayıb. Sonra Neftçala Rayon Məhkəməsi müstəntiq Ramiz Əliyevin cinayət işinə xitam verilməsi barədə qərarını ləğv edib, işi istintaqa qaytarıb. Ancaq Neftçala rayon prokuroru Zülfəli Hacıyev istintaqın yenilənməməsinə tapşırıq verib. Respublika prokuroru isə işi Şirvan prokurorluğuna göndərib. Müstəntiq Rafael Həsənov da işi geri qaytarıb. Dörd dəfə istintaq olub. Yalnız bir dəfə bizi dindiriblər. Digərlərində isə kənarda qalmışıq”.
Hüseynovlar ailəsi Jalənin intiharının səbəblərini hüquq-mühafizə orqanlarının araşdıracağına ümidliymişlər. Ancaq hər şey əksinə olub. Şikayətlərin ardı-arası kəsilmədiyinə görə rayon prokurorluğundan Seyran Hüseynovu dəlixanaya salacaqları ilə hədələyiblər: “Biz şikayət edib haqq-ədalət istəyirik. Onlar isə bu cür sayğı göstərirlər. Baş Prokurorluqda olarkən bizi ordan qovub Səbayel rayon 9-cu polis bölməsinə apardılar. Elə bil ki, cinayətkar bizik. Niyə istintaq zamanı dindirilənlərin ifadələrinə baxmırlar? Axı orda hər şey sübut olunub. Ağlı olan hər kəs elə o istintaqla cinayət işi qaldıra bilər. Tutu açıq-aydın yazır ki, mən xəstəxanada xadimə işləmirəm. Ancaq hamı onu orada xadimə kimi tanıyır. Istintaqa ifadəsində özünün hansı vəzifədə çalışdığını belə, bilmir”.
Şəhla xanım Tutu Mehdiyeva ilə bağlı ölçü götürülməməsinin yalnız bir səbəbini yəqin edir: “Onun oğlu Fövqəladə Hallar Nazirliyində işləyir. Yəqin ki, buna görə, onu həbs etmirlər”.
Jalənin yerində indi bacısı işləyir. Ancaq çox çətinliklə. Çünki Hüseynovlar ailəsi onu xəstəxanada işlə təmin etmək üçün 2 min manatlarından keçiblər. Cəmi 5 ay idi həmin vəzifədə çalışırmış. Hadisədən sonra baş həkimdən pulu tələb ediblər. Əvəzində evin üçüncü uşağını işə qəbul ediblər. Ancaq Jalənin oturduğu yerdə yox, başqa bir otaqda. Çünki həmin yerin təmiri üçün baş həkim ailədən əlavə olaraq 500 manat istəyib. Indi Jalənin bacısı hər gün işə gedəndə bacısının iş yerində başqa adamın işlədiyini görüb, çox pis olur.
“Bizi hər yerdə incidirlər. Bircə qram da olsun hüquq-mühafizə orqanları haqqın yanında dayanmır” – bu, Hüseynovların bizə dedikləri son söz idi.

***

Ailədən ayrılarkən onlar “4 gün idi Jalənin elçilərinə ”hə” razılığı vermişdik” dedilər. Və dörd gün sonra…

Ramin DEKO