Vicdanı zədəlilər – üzəduranlar

Şübhə yoxdur ki, indi məhkəmə salonlarında gedən proseslər tarixçilərin bu zamanın mənzərəsini və necəliyini araşdırmaq üçün bir müddət sonra ələ alacağı dəyərli materiallardır. Hətta bu məhkəmələri quranlar belə, bundan əmindir, elə ona görə də iclaslarda adi audio yazılışına belə, icazə vermir. Bacara bildikləri qədər öz ədalətsiz və yırtıcı siyasətlərini qatı duman altında basdırmaq üçün məhkəmələrdən ancaq kağız-qələmlə qeyd götürməyə izn verirlər. Olsun, 37-ci ildə də ancaq bir qələm, bir kağız vardı, amma o illərin mənzərəsi indi tam bəllidir…

Bu, məsələnin başqa və aydın görünən tərəfidir. Bizsə bundan deyil, o məhkəmə iclaslarında barmağını, əlini, dilini və vicdanını, şərəfini qoltuğuna vurub zərərçəkən kimi üzə duranlardan danışmaq istəyirik, çünki bu kimi məhkəmələrdə ən dözülməz tərəf məhz üzə duran insanların yalanlarına qulaq asmaq olur. Və bu üzəduranlar iddia edir ki, onlar zədə alıb, biri barmağından, biri belindən, biri qolundan…
Amma qoldan, beldən, əldən zədə almayıb bu adamlar, bu hamıya bəllidir, əsl zədəni onların şərəfi və vicdanı alıb. Bu adamlar vicdan, şərəf zədəliləridir…

Və onların vicdan, şərəfini məhkəmələrdə ittiham olunanlar deyil, məhz məhkəmədə ittiham edənlər zədələyib…

Bu bir rejim məsələsi deyil, bu, toplumun məsələsidir artıq…

Kiminsə üzünə durmaq… Bu ifadənin özü belə insanda ikrah oyadır, eləsə bu üzə duranlar necə olur ki, öz varlıqlarından rahatsız deyillər, az qala əcdadına qədər söyüş və təhqir altında qoydurub sonra da hansısa dini bayramda öz doğmalarına Yasin oxutdurmağın riyakarlığını necə daşıyır bu adamlar ürəyində? Bu necə anlayış, yaşam biçimidir ki, günahsız insanın üzünə durub onun illərinə qəsd edəsən və bundan heç bir rahatsızlıq duymayasan?! Bu necə kişilik anlayışıdır ki, üzə durub, hətta qızların da onu döydüyünü iddia edib bundan sonra da başını, belini dik tutub şəstlə dayanıb özünü adam saya bilirsən? Bu necə polislik anlayışıdır ki, qanunu qorumaq yox, onu tapdamaqla məşğulsan?

Bəlkə bu heç insanlıq, kişilik deyil, ya da bu üzəduranların kişilik, insanlıq anlayışı yoxdur…

Sual qoymaq istədim, sonra fikrimdən daşındım, çünki birdən anladım ki, yoxdur, üzəduranların zədəli vicdan, şərəflərindən başqa heç nəyi yoxdur. Üzə duranın Allahı olmadığı kimi, ləyaqət anlayışı da olmur, dini olmadığı kimi, namus anlayışı da olmur, insanlığı olmadığı kimi, vicdanı da olmur və o insanlıqdan çıxıb olur ÜZƏDURAN…Adi, normal insani dəyərlərə az da olsa bələd olan hər kəsin ikrah, nifrət və ürəyi bulana-bulana baxdığı bir kölə…

Burda bir məqamı da deyim. Məhkəmələrdə üzəduranların iclas qabağı bir-biri ilə əl tutub görüşməsini, bir-birinə gülüb nəsə danışmasını müşahidə edəndə düşündüm ki, ilahi, bu adamlar heç olmasa bir-birindən, kimliklərinə bələd olduqları, üzədurmaqda bərabərləşib eyniləşən, adiləşən, aşağılıq bir varlığa çevrildiyinin farqində olan qarşısındakı üzədurandan utanırmı? Müşahidə etdim və gəldiyim nəticə o oldu ki, yox, axı utanmaq hissi də insana məxsusdur.
Bu adamlar burdan çıxandan sonra hələ gülə-gülə dediklərini danışıb bayağı zarafatlar da edir, yemək yeyib hələ bir sinələrini geniş açıb özlərini nəsə zənn edirlər? Çünki onlar üzə durmaqla insaniliyin ağır yükü altında əzilib əzik duruma düşdüklərinin fərqində deyillər… Uşaqlarından, ailələrindən də utanmırlar, çünki bir ailənin başı xəstədirsə, demək, bütün üzvlər xəstədir…

Insan olan üzə durub sonra da sakitliklə öz həyatına davam edə bilməz… Kimsə bu yaxınlarda üzəduranlardan hansı birininsə ürəyindən şikayətləndiyini, ya da ürəyinin partladığını eşidibmi?.. Yox!

Eləsə biz insan deyil, hansısa, növü bizə məlum olmayan məxluqlarla üz-üzəyik…