Yaponiyalı professorla Günəşə tamaşa etmək

(«Bazar günü» layihəsində)

Bu günlərdə yaponiyalı rejissor Takesi Kitanonun Tokiodakı televiziyalardan birinə verdiyi müsahibəyə baxdım. Kitano dünyaca məşhur adamdır. Oxucularımız onu yaxşı tanıyır məncə. Olduqca gözəl filmlər yaradıb, özü də həmin filmlərdə çəkilir. Yaşlı bir adamdır, özünü Yaponiyanın ən axmaq qocası adlandırmağı sevir, amma ona yaşlı demək olmur. Mənim gördüyüm bir çox gənclər onun yanında mürgübasan qocalara oxşayır. Kitano həmin müsahibədə qətiyyətlə dedi: “Fəaliyyətsiz adamı ölüyə bənzədirəm”“.”

Mən bu fikirdən ruhlanaraq tənbəlliyin əleyhinə yazmağı qərara aldım. Bəlkə özüm də tənbəllikdən daha çox uzaqlaşa bildim. Bunun  üçün başqa bir yaponla gəzintiyə çıxdım və onun fikirlərini yazmalı oldum. 

Lap erkən oyandıq…

Biz Günəşin dəniz üzərindən qalxıb boylanmasına tamaşa etməyə başladıq. Qəlbimizi təsəvvürə gəlməyən bir qürur hissi bürüyürdü. Çünki fikirləşirdik ki, bizim planetimizdə Günəşin doğmasını ilk seyr edən bizik.  Qəlbimiz sevinclə, xüsusi bir coşğunluq hissi ilə dolurdu. Bizə  elə gəlirdi ki, qanad açıb dənizin, bütün planetin üzərindən uçaraq yeni günü fərəhlə qarşılayacağıq…

Amma gəlin dərindən düşünək… Bu, adi təbiət hadisəsi, Günəşin doğması nə üçün bu qədər cazibəli, ecazkardır? O, özündə hansı sirri gizlədir? Bu ki fizikanın qanunlarına tamamilə uyğun olaraq baş verən adi bir təbiət hadisəsi deyilmi? Yer kürəsi öz oxu ətrafında fırlanır və ona görə də Günəş gah bizim arxamızda, gah yan tərəfimizdə, gah da ön tərəfimizdə görünür. Növbəti dövr Günəş yenidən üfüqdə görünür. Vəssalam, adi təbiət qanunu. Bəs onda qəlbimizin bu sevinci, fərəhi haradan qaynaqlanırdı?

Professor dostum deyir ki, bütün bu hissləri üfüqün arxasından çıxan günəşin enerjisi özü ilə gətirir. O, oyanmağa başlayan Yer enerjisi ilə, insanın enerjisi ilə görüşdükdə bu hissləri doğurur. Öz-özlüyündə fiziki hadisə hisslərin daşıyıcısı deyil, ruh yüksəlişinin mənbəyi deyil. Hisslər və ruh yüksəkliyi təbiət hadisəsi ilə qarşılıqlı əlaqənin yox, bu hadisəni müşayiət edən yaradıcı enerji ilə təmasın nəticəsidir.

Professor dostum deyir: Həyat Enerjisi olmasa, Günəşin doğması adi bir fiziki hadisədir. Ona görə də hər kəs sübh şəfəqlərinin şəfqətini və gözəlliyini hiss etmir. Bizim bədənimiz isə həyat enerjisi olmadan cansız bir mexanizmdən başqa bir şey deyil. Cansız mexanizmə çevrildikdə bədən həyat gücünü itirir. Yalnız daxilimizdəki yaradıcı həyat enerjisinin yenidən bərpası, təzələnməsi imkan verir ki, biz şövqlə yaşayaq, can ataq, irəliləyək, işləyək, yaradaq, mübariz olaq.

Yaponiyalı dostum düşünür ki, insan daim daxilindəki enerjinin zərərli axınını dəyişdirməli, enerji durğunluqlarını aradan qaldırmalı, yaxud onun keyfiyyətini dəyişdirməlidir ki, daha güclü, daha çevik və daha sağlam yaşaya bilsin.

Bu arada o məndən soruşdu ki, tənbəllik haqda nə düşünürəm. Bir az düşünüb, çox nüfuzlu dostuma söylədim:

Sizin bu haqda fikirlərinizi heyranlıqla oxuyuram. Amma son vaxtlar məni tənbəlliyin ictimai tərəfləri daha çox düşündürür. Heç bir iş, məşğuliyyət, fəaliyyət növü tapa bilməyib, çarəsizlikdən boş oturan və əziyyət çəkən adamları düşünürəm. Onların problemi xeyli dərəcə də ictimaidir. Onlar bu problemin ictimai səbəblərini dərk edib, bunun həllinə çalışsalar, yaxşı olar. Lakin bizim ölkədə insanları düşünməyən idarəçilik, işsizlik, hüquqsuzluq və neft sərvətləri daha çox adamı bu vəziyyətə salır, toplumun böyük hissəsini məcburi tənbəlliyə sürükləyir. Tənbəllik acizliklə yanaşı, tüfeylilik, oğurluq, kriminal da yaradır. Baxırsan ki, həmin adamların bir hissəsi onları bu günə salan oğru idarəçilərimizə oxşamağa başlayır…

Deməli, düzgün yaşamamaq düzgün düşünməməyə də gətirir.

Bəli, sizin dediyiniz kimi olur.

Professor mənim fikrə qapıldığımı görüb özünəməxsus pafosla deyir:

Hətta Xəzərə bərq vuran Günəş şüaları da bu problemin ağırlığını hiss etməyə mənə mane olmur. Sizin toplumu tənbəllik bassa, onun çox ciddi mənəvi xəstəlikləri sizi daha ağır çətinliklərlə üzləşdirəcək. Amma bu sizi həvəsdən salmasın. Çıxış yolu var. Bu problemi başa düşənlər daha çox çalışmalıdır. Daha çox. Ondan sizin güclü Həyat Enerjiniz bütün topluma yayılacaq.  Sizin hər biriniz təkbaşına bütöv bir toplumun əvəzinə çalışmaq ruhu qazanmalısınız. Çox çalışmalısınız…

O, danışırdı və mən qorxurdum birdən desin ki, fəaliyyətsiz xalq ölü kimidir. Amma demədi. O, fəaliyyətsizliyi yerli-dibli qəbul etmir…