Təbriz yenə ayağa qalxdı (VİDEO)

Şəhərin  üzərinə hərbi təyyarələr qaldırılıb, atəş səsləri eşidilib

İran polisi soydaşlarımızın qələbə şənliyini qana boyadı

Iran futbol çempionatının 6-cı turunda paytaxtın “Esteglal” və Təbrizin “Traxtur Sazi” komandalarının görüşü kütləvi iğtişaşlarla müşayiət olunub. Təbriz komandasının 3-2 hesabı ilə qalib gəldiyi oyundan sonra azarkeşlər arasında başlanan qarşıdurma küçələrə sirayət edib. Azərbaycanlıların oyun ərəfəsində və oyundan sonra Urmiyə gölünün qurumasının qarşısını almayan Iran hakimiyyətinə qarşı etiraz aksiyası keçirməyə hazırlaşacağı barədə xəbərlərdən sonra Iran təhlükəsizlik orqanları ciddi tədbirlər görüb(APA).
Matçı izləməyə gələn çoxlu sayda azərbaycanlı azarkeş stadiona buraxılmayıb. Ilk qarşıdurma da burada yaranıb. Stadionun girişində polisin azərbaycanlı azarkeşlərin üzərində axtarış aparması, biletləri əlindən alaraq cırıb atması “Traxtur Sazi” tərəfdarlarının etirazına səbəb olub.

“Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”

Təbrizlilər “Traxtursazi”nin qələbəsini bayram edir

Polis “Esteglal”ın ev sahibi olduğu matça rəqib komandanın məhdud sayda azarkeşinin buraxılacağı barədə xəbərdarlığından sonra soydaşlarımız maneələri yararaq stadiona daxil olmaq istəyiblər. Stadionun qarşısında toplanan on mindən çox azarkeş “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun”, “Azərbaycan var olsun, istəməyən kor olsun” kimi şüarlar səsləndiriblər. Bundan sonra polis qanunsuz aksiya keçirildiyi bəhanəsi ilə azarkeşlərə güc tətbiq etməyə başlayıb. Baş verən toqquşmalarda çoxlu sayda azərbaycanlının yaralandığı bildirilir.
Irandakı etibarlı mənbələr daha bir toqquşmanın Tehran məzarlığında Iran milli azadlıq hərəkatının lideri Səttarxanın qəbri yaxınlığında baş verdiyini bildirir. Oyun ərəfəsində aksiya keçirməyə cəhd edən azərbaycanlılar Səttarxanın məzarını ziyarət etmək istəyiblər, məzarlığın ətrafına çoxlu sayda polis qüvvəsi cəlb edən hakimiyyət buna imkan verməyib. Nəticədə məzarlığın girişində toqquşma olub. Çoxlu sayda azərbaycanlının həbs olunaraq polis məntəqələrinə aparıldığı bildirir.
“Esteglal” – “Traxtur” matçının keçirildiyi stadionun qarşısında və Səttarxanın məzarı yaxınlığında baş verən toqquşmalardan sonra Iran təhlükəsizlik orqanları müxtəlif şəhərlərdə milli hərəkatın fəallarını həbs etməyə başlayıblar. Həbs olunanlar arasında bir müddət əvvəl məhkəmə qərarı ilə girov müqabilində azadlığa buraxılan, cəzası ev dustaqlığı ilə əvəzlənən Abbas Lisani də var.

Iran rejimi Təbrizə hərbi texnika yeridib

“Traxtur Sazi” komandasının ənənəvi rəqibi “Esteglal” üzərində qələbəsindən sonra liderliyə yüksəlməsi Təbrizdə böyük ruh yüksəkliyi ilə qeyd olunub. Oyun bitdikdən sonra küçələrə axışan təbrizlilər komandalarının qələbəsini müxtəlif şüarlar səsləndirərək qeyd ediblər. Oyundan sonra taksilər bütün şəhər boyu aramsız siqnal çalıblar, “Traxtur”un qələbəsini qeyd edən azarkeşlər yolları bağlayaraq maşınları uzun-uzadı siqnal çalmağa məcbur ediblər. Şəhərə çıxarılan polis qüvvələri ictimai asayişi pozduqları bəhanəsilə bəzi azarkeşləri həbs etməyə çalışıb, bu isə qarşıdurmanın miqyasının böyüməsi ilə nəticələnib.
Təbrizdən verilən məlumatda bildirilir ki, siyasi şüarlar səsləndirildikdən sonra şəhər küçələrinə hərbi maşınlarla əsgərlər gətirilməyə başlayıb, hazırda şəhərdə qeyri-rəsmi fövqəladə hal rejimi hökm sürür.
Toqquşmalardan sonra şəhərin kənar məhəllələrindən əhali şəhər mərkəzinə gəlməyə başlayıb, lakin onların qarşısı yollarda qurulmuş postlarda alınıb. Bəzi postlarda toqquşmalar baş verib, həbs olunanlar var. Axşam saatlarından Təbrizin müxtəlif yerlərində baş verən toqquşmaların miqyasının böyüməsinin qarşısını almaq üçün hakimiyyət orqanları şəhər mərkəzinə hərbi texnika yeridib.
Çevik polis alayı etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bunun ardınca toqquşmalar böyüyərək şəhərin “Qoldəşt” və “Qolbəd” küçələrinə keçib. Xüsusi təyinatlılar vətəndaşlara elektrik dəyənəyi ilə hücum edib. Toqquşmalar Təbrizdə Maralan “Dördyoluna” qədər uzanıb.
Təbrizin “40 metr” adlanan məhəlləsində isə polis maşınları əhalinin üzərinə sürüb. Minlərlə polis evlərə hücum edib, mənzillərin qapı və şüşələrini sındırıb. Təbrizin üzərində Iranın hərbi təyyarələrinin uçduğu haqda da məlumatlar yayılıb. Onlar əhaliyə nümayişlərdən əl çəkmək barədə xəbərdarlıq ediblər. Xəbərlərdə bildirilir ki, Təbrizdə durum gərginləşməkdədir və şəhərdə güllə səsləri eşidilir.

“Bu pozğunu, çənəsi boşu Tehrana qaytarın”

Məlumatlara görə, Güney Azərbaycan Mərəndinin “Əl-Mehdi” məscidi ilə şəhəri mərkəzi arasında da gənclər bəlli olayla bağlı şüarlar qışqırıblar. Iran hakimiyyətinin Təbrizə göndərdiyi hərbi qüvvələrin başçıları yerli məmurlarla yola getmir. Şahidlərin sözlərinə görə, Tehrandan gələn bir zabit Təbrizdəki həmkarına “Gəlmişik eşşəkləri adam edək. Ağa (ayətulla Xameneyini nəzərdə tutur) deyir ki, siz türklər eşşəksiniz” deyib.
Təbrizli zabit isə tapançasını çıxararaq, Tehrandan göndərilən zabitin başına tuşlayaraq söyləyib: “Bu pozğunu, çənəsi boşu, arvadağızı Tehrana qaytarın”.
Yeni etiraz aksiyalarının keçirilməsi ilə bağlı bir sıra şəhərlərdə bildirişlər paylanılıb. Ərdəbildə yayılmış bildirişə əsasən, aksiyanın sentyabrın 12-də şəhərin Imam “dördyolu” ilə Şəriəti meydanı arasında yerli vaxtla saat 18-də keçirilməsi nəzərdə tutulub. Həmin aksiyada şüarlar belə olacaq: “Yaşasın Azərbaycan!”, “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir!”, “Urmu bizimdir, Xəlic (Kəngər körfəzi) ərəblərindir!”.