Bahar tez gəlsin…

Dünyanın mövsümləri düzənini dəyişib. Ərəb ölkələrindən başlanan bahar rüzgarı ölkədən-ölkəyə əsib keçir. Tunisdə qışın ortasında “açan” yasəmənlərin ətri ilə bahar ovqatına köklənən dünya uzun zaman bu havadan çıxacaq kimi görünmür. Baharın rəngarəng çiçəklərlə bərabər gətirdiyi çovğun və tufan selində verilən qurbanların belə, kimsəni qorxutduğu yox. Görünən bu ki, insanlar hər şeyə rəğmən yeniliyə, canlanmaya, oyanışa möhtac, hər kəs “bahar tez gəlsin” deyir…

Əslində, insanların həyat üçün yaratdığı bəzi problemləri təbiət öz sərt üzü ilə yoluna qoyur. Məsələn, Norveçin ucqar yaşayış əyaləti olan Svalbardda 19 apreldən 23 avqusta qədər günəşin üzünü görən yoxdur. Hərçənd buradakı sərt həyata alışmış insanların demokratiya problemləri olmadığına görə, onlar yazla qışın da çox fərqində deyillər. Bizim yaşadığımız qurşaqda isə durum tamam başqadır, indi fəsil üzü payıza gedir. Amma buralarda payız, qış təlaşında olan da yox. Hər kəsin başında bir bahar havası, bir səbrsizlik var. Bu səbrsizliyi, mən özüm qarışıq, çevrəmdəki insanların ovqatında daha yaxından hiss edirəm. Çoxumuzun içində “bizdə nə zaman”, “ellərə gələn bahara, bizə gələn qışa bax” üsyanı var. Artıq yaxın qonşunun qapısına qədər gəlib çatan rüzgar yelinin qısa zamanda sərhəddən üzü bu yana əsəcəyi də şübhəli görünmür…
Mən yuxarıda söz açdığım Svalbard nümunəsində olduğu kimi, insanların təbiətin sərtliyinə öyrəşməsini normal, bəlkə də, möhkəmlik sayıram. Amma hansısa siyasi rejimin sərtliyinə alışmaq acizlik və qorxaqlıqdan başqa bir şey ola bilməz. Bütün qapalı pəncərələrin dünyaya açıldığı bir zamanda inkişafa göz yummaq, bataqlığa təslim olub getdikcə yerin dibinə çökməyə bənzəmirmi? Bu günlərdə Amerikanın məşhur “Newsweek” jurnalında Oven Mathevs adlı müəllif ərəb dünyasında fenomen halına gələn Türkiyə seriallarının uğurunu mədəniyyətlər arasındakı yaxınlıqla əlaqələndirib. O, bu filmlərin Yaxın Şərqdə yaratdığı rüzgarı xüsusi vurğulayaraq ilginc bir qənaətə gəlib. Bu serialların, xüsusilə ərəb dünyasının qadınları arasında populyarlıq qazandığını qeyd edən yazar, onun ərəb inqilablarına təsirinə də diqqət çəkib. Buna sübut olaraq “Gümüş” serialının son bölümünün Yaxın Şərq coğrafiyasında 85 milyon insanın izlədiyini misal gətirib.
Bildiyiniz kimi, bizdə bu məsələ tam əksinə olub. Demə, Azərbaycan televiziyalarında bu seriallara ona görə qadağa qoyulub ki, oradakı başı örtüklü qadınlar cəmiyyət üçün “xüsusi təhlükə” yaradırmış. Həm də bu qənaətə gələn şəxs başqası deyil, ölkənin birinci şəxsidir…
Şübhəsiz, Azərbaycana baharın gəlişinə az qalır. Amma bu dəfə həqiqətən ölkəmizə sakit, rəngli və gözəl bir mövsüm dəyişikliyi gəlməsini istəyiriksə, qış yuxusunda batıb qalmadan, gözlərimizi geniş açaraq, doğru zamanda onu elliklə qarşılmaq üçün səfərbər olmamız gərək. Azərbaycan folklorunda Ülkər ulduzu haqqında əfsanə var. Ülkər baharın gəlişini və səhərin açılmasını müjdə verən simvol sayılır. Əfsanəyə görə, bir dəfə gözətçi göydə parlaq ulduz görüb onu Ülkər hesab edərək karvanı yuxudan oyadır. Karvan xeyli getsə də, səhər açılmır. Bir azdan başlayan boran karvanı məhv edir. Göründüyü kimi, karvanın qırılmasına səbəb olan başqa bir ulduz idi. Odur ki, yalançı ülkərlərə aldanmadan, yaxında öz Ülkərinizin parlayacağı doğru zamanı dəyərləndirməyə hazır olun!