Interpol devrilmiş diktator barəsində «qırmızı order» verdi
Interpol devrilmiş Liviya diktatoru Müəmmər Qəzzafi, onun oğlu Seyfülislam və hərbi kəşfiyyatın keçmiş rəhbəri Abdulla əl-Sənussinin həbsinə beynəlxalq order verib. Interpolun saytında verilən məlumata görə, “qırmızı orderlər” Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Okamponun müraciətinə əsasən verilib. Onlar barəsində çıxarılan “qırmızı order” qərarı 188 ölkəyə göndərilib.
Interpolun baş katibi Ronald Noublun sözlərinə görə, “qırmızı orderlərin” verilməsi Liviya hakimiyyətinin hər 3 nümayəndəsinin beynəlxalq sərhədləri keçməsini əsaslı şəkildə çətinləşdirəcək, onların yerinin müəyyənləşdirilməsinə və həbsinə yardım edəcək.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Okamponun fikrincə isə, Müəmmər Qəzzafinin həbsi an məsələsidir. Interpolun orderi isə Camahiriyyə liderini əksər ölkələrin hüquq-mühafizə orqanlarının hədəfinə çevirəcək.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi özü Qəzzafi, onun oğlu və keçmiş kəşfiyyat rəisinin həbsinə iyunun 26-da order verib. Onların hər üçü Liviyada vətəndaş müharibəsi zamanı bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilir. Bu ilin martında isə Qəzzafi və ailəsinin də aralarında olduğu 16 adam haqqında Interpolun “narıncı order”i verilmişdi.
Informasiya şöbəsi


