Elxan Şükürlü Mütəllim Rəhimliyə sərt cavab verdi
«O, öz ağzıyla danışmır; adama deyərlər, bir özünə bax, gör, kimdir iflas olan?»
Ədalət Partiyasında yenidən ara qarşıb. Partiyanın sədr müavini Elxan Şükürlünün AXCP sədri Əli Kərimli və ACP rəhbəri Rəsul Quliyevlə əməkdaşlıq təklifi təşkilat daxilində əməlli-başlı ziddiyyətin olduğunu üzə çıxarıb. Belə ki, partiyanın təşkilati məsələlər üzrə sədr müavini Mütəllim Rəhimli “Qafqazinfo”ya açıqlamasında Ədalət Partiyasında nə AXCP, nə də Rəsul Quliyevin rəhbərlik etdiyi ACP ilə münasibətlər məsələsinin müzakirə predmetinə çevrildiyini deyib və bu təşkilatları “iflasa uğramış” kimi xarakterizə edib.
Elxan Şükürlü isə Mütəllim Rəhimlinin bu fikirlərinə daha sərt münasibət bildirib. O, müavin həmkarını “partiyada öz mövqeyi olmayan adam” adlandırıb və onun öz ağzıyla danışmadığını bildirib: “Təəssüf ki, Mütəllim bəy partiyada heç vaxt ortaya mövqe qoya, öz sözünü deyə bilməyib və bu gün də öz ağzıyla danışmır. Rəsul Quliyev və Əli Kərimli ilə əməkdaşlığı zəruri edən səbəblər haqqında mənim elə ”Qafqazinfo”da iki geniş məqaləm olub. Yatıb-yatıb buna indi niyə reaksiya verilir, anlamıram. Mən Mütəllim bəy və onunla həmfikir olanların belə aqressiv reaksiyalarının səbəbini çox yaxşı bilirəm. Ancaq bu, heç bir halda bizim öz fəaliyyətsizliyimizə bəraət qazandırmaq və ya başqasına çamur atmaq üçün əsas ola bilməz”.
E.Şükürlünün sözlərinə görə, əgər bu gün Ədalət Partiyasının Siyasi Şurası vaxtlı-vaxtında toplaşıb ölkədəki ictimai-siyasi proseslərə operativ reaksiya verə bilmirsə, bu, həm də Mütəllim Rəhimlinin özünün təşkilatçılıq qabiliyyətinin zəifliyi, vəzifəsinin öhdəsindən gələ bilməməsi və siyasi iflası ilə bağlıdır: “Mən bilən, AXCP-nin qərargahı olmasa belə, Əli Kərimli cəbhəçiləri hər həftə yığıb iclaslarını keçirir, sözlərini deyirlər. Bir sözlə, səngərdədirlər, döyüşürlər. Rəsul Quliyev isə ABŞ-da mühacirətdə ola-ola, son 5 ayda Azərbaycanın ictimai-siyasi həyatıyla birbaşa bağlı 3 kitab yazıb, nəşr etdirib. Rəsul Quliyevin bir müsahibəsinə, açıqlamasına verilən reaksiyanın səviyyəsi onun siyasi imkanlarının hansı həddə olduğunu göstərən ən yaxşı faktdır. Ancaq bir ildən çoxdur ki, Ədalət Partiyasının nə Ali Məclisinin iclası keçirilir, nə də Siyasi Şurası vaxtlı-vaxtında yığışır. Adama deyərlər ki, bir dön, özünə bax, gör, kimdir iflas olan?”.
Informasiya şöbəsi


