19 məktəbli və yeniyetmə həyatına qəsd edib
Sentyabrın 10-u Dünya Səhiyyə Təşkilatının (DST) qərarı ilə hər il intiharlara qarşı mübarizə günü kimi qeyd edilir. Dünyanın müxtəlif ölkələrində özünə qəsdlərin qarşısının alınması üçün müxtəlif tədbirlər görülür. Azərbaycanda isə insanların intihar etməməsi ilə bağlı, demək olar, ciddi tədbirlər görülmür. Bu azmış kimi, ölkədə heç bir rəsmi dövlət qurumu intiharlarla bağlı statistika aparmır. Məhz bu səbəbdən hüquq-mühafizə orqanlarının hər gün açıqladığı intihar statistikasının tam reallığı əks etdirdiyini də söyləmək çətindir. Çünki bir çox hallarda intihar hadisələri bu addımı atanların yaxınlarının səyi nəticəsində gizlədilir, yaxud özünəqəsd faktı kimi qeydə alınmır. Bununla belə, rəsmən açıqlanan rəqəmlər də Azərbaycanda intihar dalğasının daha da genişləndiyindən xəbər verir.
Alimlər isə araşdırmalar zamanı belə qənaətə gəliblər ki, dünyanın hər bir ölkəsində insanlar arasında intihar haqda düşünənlərin sayının hiss olunacaq dərəcədə artması müşahidə edilir.
DST-nin məlumatında qeyd edilir ki, dünyada hər 40 saniyədə bir intihar baş verir. Alimlər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə 85 min insan arasında sorğu keçirib. Onlar müəyyənləşdiriblər ki, rəyi soruşulanların 9,2 faizi intihar etmələrini tam mümkün sayırlar. 2,7 faiz isə etiraf edib ki, onlar özünə qəsdə cəhd ediblər. Özünə qəsdə ən çox meylli olanlar isə Şərqi Avropa ölkələrinin vətəndaşlarıdır. DST ekspertləri hesab edirlər ki, intihara əsas səbəb yoxsulluq, işsizlik, qəlb xəstəlikləri, məişət münaqişələri və ağır xəstəliklərdir. Azərbaycanda da sadalanan səbəblərdən baş verən intiharlar üstünlük təşkil edir.
Azadlıqdan mərum edilənlər özlərini həyatdan da məhrum edirlər
Səkkiz ay müddətində özünə qəsd edənlər təkcə azadlıqda olub da bir çox problemlərdən bezən insanlar deyillər. Müxtəlif cinayətlər törətməkdə təqsirli bilinib azadlıqdan məhrum edilən bəzi soydaşlarımız da dörd divar arasında belə, fürsət düşəndə özlərinə qəsd edirlər. Rəsmi məlumatlara görə, 8 ayda müxtəlif cəzaçəkmə müəssisəsində və müvəqqəti saxlanma təcridxanasında 7 nəfər intihar edib.
Şəmkir rayon sakini, 31 yaşlı Çərkəz Ibrahimov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı istintaq təcridxanasında saxlandığı kamerada özünü öldürüb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə təqsirləndirilirdi. Ç.Ibrahimov 2010-cu il dekabrın 1-də qardaşı, 29 yaşlı Elsevəri qətlə yetirmişdi.
CM-nin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə 5 il azadlıqdan məhrum edilən Asim Məmmədov isə Penitensiar Xidmətin 1 saylı Cəzaçəkmə Müəssisəsində özünü binanın pəncərəsindən atmaqla intihar edib.
Hər iki özünəqəsd hadisəsi fevral ayında baş verib.
30 yaşlı Aydın Abbasov Neftçala rayon Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında alt köynəyi ilə özünü asıb. O, intihardan əvvəl yazdığı məktubda qeyd edib: “Ata, ana, özümlə bacara bilmirəm. Bu həyatda yaşamaq istəmirəm. Ölümümdə heç kəsin günahı yoxdur”.
A.Abbasov CM-nin 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə təqsirli bilinirdi. Mərhum əvvəllər də CM-nin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrdən qanunsuz istifadə etmə) maddələri ilə təqsirli bilinərək məhkumluq həyatı yaşayıb. Bu özünəqəsd yanvarda qeydə alınıb.
Rövşən Mehrəliyev Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında özünü asıb. O, yanvarın 11-də Nizami rayonunda 61 yaşlı anası Elmira Mehrəliyevanı, 33 yaşlı arvadı Laləni, 7 yaşlı qızı Səidə və 5 yaşlı oğlu Ibrahimi qətlə yetirib, hətta sonra özünə bıçaqla xəsarət yetirərək intihara cəhd etsə də, buna nail ola bilməmişdi.
Əvvəllər CM-nin 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 132-ci (adam döymə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunan 30 yaşlı Elşən Mustafayev Bərdə rayon Polis Şəbəsinin müvəqqəti saxlanma təcridxanasında özünü asıb. Xocavənd rayonunun Əmralılar kənd sakini olan Mustafayev bu dəfə oğurluq etdiyinə görə tutulmşdu.
37 yaşlı Astara rayon sakini Rövşən Əsədullayev Penitensiar Xidmətin Binəqədi rayonu ərazisində yerləşən 11 saylı Cəzaçəkmə Müəssisəsində hamam otağında intihar edib. Özünü asan mərhum məhkum 2010-cu ilin sonunda həyat yoldaşı Kəmalə Zərbəliyevanı bıçaqla qətlə yetirib, qayınanası Zərxanım Zərbəliyevanı isə yaralamışdı. Bu əməlinə görə R.Əsədullayev Bakı Ağır Cəza Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ağır cinayət törədən zaman özünü öldürməyə cəhd etmişdi.
Bu il avqustun 5-də narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək saxlanılan 45 yaşlı Islam Fərziyev on gün sonra həyatına qəsd edib. O, avqustun 16-da Şüvəlan qəsəbəsində yerləşən 3 saylı istintaq təcridxanasında kamerada belindəki iplə özünü asıb.
Hərə bir bəhanə ilə intihar edir
Dünyanın müxtəlif ölkələrində olduğu kimi Azərbaycanda da gənclər, orta nəslin nümayəndələri, hətta yaşı 60 və 70-dən yuxarı olanlar müxtəlif bəhanələrlə özlərinə qəsd edirlər. Amma ən müəmmalı intiharlar məktəbli və yeniyetmələr arasında qeydə alınır. Ən dəhşətlisi isə odur ki, orta məktəblərdə şagirdlərin bu addımı atmasının qarşısının alınması məqsədilə heç bir qabaqlayıcı tədbirlər həyata keçirilmir. Məktəblərin əksəriyyətində psixoloqlar, demək olar, yoxdur. Təhsil Nazirliyi, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da hələ ki, azyaşlıların özünə qəsd etməsinin gerçək səbəblərini araşdırmağa maraqlı deyillər.
Ötən səkkiz ayda Bakıda və ayrı-ayrı bölgələrdə 19 məktəbli və yeniyetmə həyatına qəsd edib.
Bunun üçü intihara cəhd olub.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 15 yaşlı Ləman Ələsgərova özünü 7-ci mərtəbədən atıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən məktəblinin sonrakı taleyi ilə bağlı məlumat verilməyib.
Samux rayonunda da intihara cəhd olub. 17 yaşlı Təranə Mamedova özünü yaşadığı evin həyətindəki ağacdan asıb. Qızın atası və qardaşı ağaca bağlanmış kəndiri kəsərək onun həyatını xilas edə biliblər.
Atası intihar, oğlu intihara cəhd etdi
Intihara üçüncü cəhd Lənkəran şəhərində qeydə alınıb. 45 yaşlı Ilham Bayramov yaşadığı mənzildə özünü asıb. Bundan xəbər tutan 17 yaşlı oğlu Fariz Bayramov ülgüclə damarlarını kəsərək intihara cəhd edib. Yaxınları tərəfindən xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, ötən müddətdə ən çox məktəbli və yeniyetmə intiharı aprel ayında baş verib. Bir ay ərzində 5 nəfər özünü öldürüb.
15 yaşlı Biləsuvar şəhər sakini Mirzəbaba Quliyev özünü asıb. Intiharın səbəbləri açıqlanmayıb.
Nənə nəvəsinin intiharına səbəb oldu
Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində yaşayan 11 yaşlı Əskinaz Məmmədova özünü asıb. Hadisənin qızın öz atasının məzarını ziyarət etmək istəməsi, lakin nənəsinin ona icazə verməməsi səbəbindən baş verdiyi bildirilib. Qeyd edək ki, 6-7 ay əvvəl qızın atası rəhmətə gedib, anası isə yenidən ailə həyatı qurub. Bu səbəbdən qız nənəsi ilə yaşayırmış.
Mingəçevir şəhərində Çinarə Yusifova (11-ci sinif şagirdi) yaşadığı evin pəncərəsindən özünü atıb və yerindəcə həlak olub.
Altıncı sinifdə oxuyan (12 yaş) Avşar Mehdiyev həyatına özünü asmaqla qəsd edib. Bu hadisə Xaçmaz rayonunun Qımılqışlaq kəndində baş verib.
Xaçmaz şəhər sakini, 15 yaşlı Eldar Heydərovun intihar etməsi valideynləri üçün sirr olaraq qalıb.
Zərdab rayonunun Bəyimli qəsəbəsində Ucar rayonunun Qaradağlı kənd sakini, 9-cu sinif şagirdi özünü Fikrət Qəribova məxsus fermada asıb. Mərhumun valideynləri fermada çalışırlar, özünəqəsdin səbəbləri isə açıqlanmayıb.
Zərdabda daha bir məktəbli intiharı Çallı kəndində baş verib. 16 yaşlı (10-cu sinif şagirdi) Kamil Muradlı həyatına özünü asmaqla qəsd edib.
Ağsu rayonunun Rəhimli kənd sakini, 17 yaşlı (11-ci sinif) Teymur Məmmədovun intiharından sonra valideynləri onun əsəb xəstəsi olduğunu bildiriblər.
15 yaşlı Gəncə şəhər sakini Ilahə Bədirlinin özünü asmasının səbəbləri də açıqlanmayıb.
Daha bir müəmmalı özünəqəsd Şabran rayonunda baş verib. Rayonun Baş Əmirxanlı kəndində 14 yaşlı Güləsər Abışova özünü həyətdə asıb.
Neftçala rayonu, Bankə qəsəbəsində 16 yaşlı Rəsul Cəfərovun da özünəqəsdinin səbəbi məlum olmayıb.
Yasamal rayonundakı “Məhsul” stadionunda isə Samir adlı 17 yaşlı yeniyetmə asılmış vəziyyətdə aşkarlanıb.
Lənkəran rayonunun Boladi kəndində 17 yaşlı nişanlı qız Sədaqət Ismayılova özünə qəsd edib.
Ata və anasını itirən qızın faciəvi sonluğu
Avqustun 16-da Balakən rayonunun Kortala kəndində 14 yaşlı Mədinə Məmmədovanın intiharını ailə faciəsi adlandırmaq olar. Özünü asan qız bir müddət əvvəl ata və anasını faciəvi şəkildə itirib. Bundan sonra babasının himayəsində yaşayan Mədinə bu addımı ilə daha bir faciəni yaxınlarına yaşadıb.
1 yaşlı Ömər Nuriyev özünü asandan sonra yaxınları onu xilas edib xəstəxanaya yerləşdirilsə də, həkimlər Ömərin həyatını qurtara bilməyib. Avqustun 13-də müəmmalı şəkildə özünə qəsd edən Ömər üç gün sonra xəstəxanada keçinib. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Tərtər rayonunun Bəyim Sarov kəndində isə 14 yaşlı Aytən Ismayılova (7-ci sinif şagirdi) yaşadıqları evdə özünü asıb.
8 ayda intihar edənlərin 10-u oğlan, 9-u qız olub.
Şimal bölgəsində intihar rekordu
Ötən səkkiz ay müddətində ən çox intihar hadisəsi Bakının ayrı-ayrı rayonlarında qeydə alınıb. Bölgələrə gəldikdə, şimallılar həmişəki kimi öz həyatlarına digər bölgə sakinlərinə nisbətən daha çox qəsd edirlər. Sentyabr ayına qədər Şimal bölgəsində 29 nəfər bu və ya digər səbəbdən canına qıyıb. Burada ən çox Xaçmaz rayonunda intihar baş verib, onlardan ikisi məktəbli olub. Ikinci yerdə Cənub bölgəsidir, 8 ayda burada 26 nəfər özünə qəsd edib. Onların 18-i kişi, 7-si qadın, biri yeniyetmə olub. 8 ayda Lənkəranda 13 belə faciəvi hadisə baş verib.
Azər Hüseynbala



