Əliyev Kramerlə nəyə görə savaşıb?

«WikiLeaks»də ölkə başçısının ABŞ rəsmisi ilə gərgin keçən görüşünün detalları açıqlandı

“İlham Əliyev 2 saatlıq görüş ərzində çox şeyi düzgün başa düşmədi”

 

Dünyanın müxtəlif ölkələrində çalışan amerikalı diplomatların Vaşinqtona göndərdiyi məxfi teleqramları açıqlayan “WikiLeaks” saytının Azərbaycanla bağlı yaydığı gizli teleqramların dərcini davam etdiririk. Əlavə edək ki, həmin məktublarda ABŞ diplomatlarının, digər rəsmi şəxslərinin Azərbaycana səfərləri, aparılan danışıqlar və müzakirələrin bilinməyən tərəfləri öz əksini tapıb.
Həmin məxfi məktublardan biri də 2008-ci ildə Azərbaycana səfər etmiş ABŞ dövlət katibinin müavini Devid Kramerin Ilham Əliyevlə görüşündən bəhs edir. ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 7 avqust 2008-ci il tarixli məktubunda Əliyev-Kremer görüşü haqda qeydlər öz əksini tapıb.
Dersi teleqramın girişində yazır: “Iyunun 27-də Ilham Əliyevlə görüşən Devid Kramer Azərbaycan rəhbərinə insan hüquqları sahəsindəki problemlərin həllinə dair konkret addımlar atmağı təklif edib. Müzakirələrin başlanğıcında soyuq və bir qədər əsəbi görünən Ilham Əliyev ABŞ-ın Azərbaycanda demokratiyanın durumuna görə sərt tənqdilərinin ədalətsiz olduğunu söyləyib. Əliyev qeyd edib ki, ABŞ Azərbaycan hakimiyyətini ciddi tənqid etməklə yanaşı müxalifətə də dəstək verir. O, Azərbaycanda media azadlığının məhdudlaşdırılması və bu sahədə mövcud olan problemləri təkzib edərək həbsdə saxlanılan 3 jurnalistin peşə fəaliyyətinə görə cəzalandırılmadığını deyib. Kramer ölkədə medianın problemlərini nəzərdən keçirməyin və konkret addımlar atmağın lazım olduğunu Əliyevə bildirib”.

Əliyev hansı məsələdə Misir və Səudiyyə Ərəbistanını nümunə göstərib?

Səfir daha sonra qeyd edir ki, Devid Kramer Əliyevə ABŞ-Azərbaycan münasibətlərində yeganə çətinliyin insan haqları və demokratiyanın durumu ilə bağlı olduğunu söyləyib. ABŞ rəsmisi əlavə edib ki, o, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün konkret yolların tapılması üçün Azərbaycandadır. O vurğulayıb ki, tarixi təcrübə ABŞ-ın demokratik ölkələrə daha sıx əməkdaşlıq etdiyini göstərir. Əliyev isə Kramerə bildirib ki, ABŞ-ın müttəfiqlərinin hamısı demokratik ölkələr deyil. O, nümunə kimi Misir və Səudiyyə Ərəbistanını göstərib. Ilham Əliyev müzakirələrin ortasında sözünü dəyişərək Devid Kramerə sual ünvanlayıb: “ABŞ bizdən nə istəyir? Nə üçün Azərbaycanın imicinin zədələnməsinə göz yumur?”. Əliyev daha sonra deyib ki, Azərbaycan inkişaf etməkdə olan ölkədir. Və Azərbaycanın avtoritar ölkə kimi tanınmasını istəmir. Ilham Əliyev Gürcüstan və Ermənistanın tam demokratik ölkə olmadığını, lakin onlarla müqayisədə məhz Azərbaycanın ciddi tənqidlərə məruz qaldığını Devid Kramerə söyləyib. O qeyd edib ki, Gürcüstana ABŞ-ın verdiyi dəstəyi anlayır. ABŞ Gürcüstanı keçmiş sovetler ərazisində demokratiyanın simvolu hesab edir və açıq dəstək göstərməsi də başadüşüləndir. Buna baxmayaraq, Əliyev Ermənistanda qeyri-demokratik hadisələrə beynəlxalq reaksiyanın çatışmazlığını başa düşmədiyini söyləyib.

Əliyev: “ABŞ nə istəyir?”

Ilham Əliyev Kramerə deyib ki, Ermənistan və Gürcüstanda baş verənlər Azərbaycanda yaşanarsa, rəhbərlik etdiyi ölkəyə dünyanın ən qəddar ölkəsi damğası vurulacaq. Əliyev mətbuat yırtıcısı adlandırılmasının ədalətli olmadığını Kramerə söyləyib. Azərbaycan rəhbəri ABŞ-ın məsələlərə ikili standartlarla yanaşdığını bildirib. Ilham Əiyev ABŞ dövlət katibi Kondaliza Raysın aprel bəyanatına toxunaraq Azərbaycanın təhqir olunduğunu və buna görə məyus olduğunu Kramerin diqqətinə çatdırıb. Əliyev ABŞ-ın nə istədiyini başa düşmədiyini bir daha təkrarlayıb. O bildirib ki, Gürcüstan və Ermənistanda olan böyük problemlər ABŞ-la münasibətlərə mənfi təsir göstərmir. Ancaq Azərbaycanda “kiçik problemlər” ABŞ-ın rəsmi Bakıyla ikitərəfli əlaqələrinə ciddi maneələr yaradır.

Dersi və Kramer Əliyevi nəyə inandırmağa çalışıblar?

ABŞ səfiri Enn Dersi yazır: “Ilham Əliyev Seçki Monitorinq Mərkəzinin (SMM) yenidən qeydiyyatdan keçirilməsiylə bağlı Devid Kramerin təklifini rədd edərək bildirib ki, SMM Milli Demokratiya Institutu tərəfindən maliyyələşdirilir. Bu təşkilat neytral və müstəqil fəaliyyət göstərə bilməz. SMM-in fəaliyyəti Azərbaycan hakimiyyətinə qarşı hesablanıb. Devid Kramer və səfir Enn Dersi Ilham Əliyevi inandırmağa çalışıblar ki, ABŞ hökuməti fərdi namizədləri və ya siyasi partiyaları dəstəkləmir”. Lakin onların arqumentləri Ilham Əliyevi inandırmağa “yetməyib”.

Ilham Əliyev Heydər Əliyevə nə məsləhət görüb?

Ilham Əliyev danışıqlar zamanı ABŞ-ın Azərbaycanla bağlı siyasətindən narahatlıq keçirdiyini təkrarlayaraq Kramerə belə bir sual ünvanlayıb: “ABŞ üçün kim daha vacibdir?”. Azərbaycan rəhbəri özü də sualını cavablandırıb: “Mən 1990-cı illərin ortalarından bəri Azərbaycanın Qərbə inteqrasiyasının ən fəal tərəfdarı olmuşam. Atamın Qərb ölkələri ilə əməkdaşlıq etməsini də mən ona məsləhət vermişəm”.
Azərbaycan rəhbəri qeyd edib ki, ABŞ 2005-ci il parlament seçkiləri zamanı müxalifəti açıq dəstəkləyib. Sonrakı illərdə bunun baş verməyəcəyini gözləsə də, Azərbaycan hakimiyyətinin narahatlıqları yenidən yaranıb: “Biz bu narahatlıqların aydınlaşdırılmasını istəyirik. Əgər siz bizə deyirsinizsə ki, Azərbaycanda demokratik inkişafı istəyirsiniz, biz buna inanmayacağıq. Demokratik inkişaf Gürcüstanda məhv edildi”. Ilham Əliyev israr edib ki, Azərbaycanın Qərbin maraqlarına qarşı çıxan qonşuları var. Bu səbəbdən Azərbaycanın sabitliyi vacibdir. Əliyev deyib ki, Azərbaycanın qonşuları dünyanı dağıtmaq gücünə sahibdirlər”.
Kramer deyib ki, ABŞ demokratiya və insan hüquqları siyasətində ardıcıldır. ABŞ hökuməti Rusiyada, Ermənistanda və Gürcüstanda bu yaxınlarda baş tutmuş seçkiləri də tənqid edib. O vurğulayıb ki, ABŞ partiyaları və ya adamları dəstəkləmir. ABŞ hökuməti demokratik institutların, demokratik proseslərin baş verməsini dəstəkləyir. Media azadlığının müzakirəsi zamanı Devid Kramer Ilham Əliyevə bildirib ki, o, problemlərin həlli istiqamətində konkret təkliflərini irəli sürmək fikrindədir. Ilham Əliyev isə bildirib ki, o, Azərbaycanda hər şeyin ideal olduğunu isbat etməyə çalışmır. Lakin Azərbaycanda azad mətbuat mövcuddur. O, müxalifət qəzetlərinin Azərbaycan rəhbərini sərt tənqid etdiyini Kramerin diqqətinə çatdırıb.

Qənimət Zahid və Mirzə Sakitin həbsinə Əliyevin münasibəti

Ilham Əliyev 3 jurnalistin həbsdə saxlanmasına toxunaraq onların peşə fəaliyyətinə görə cəzalandırılmadığını bildirib. Əliyev Kramerin narahatlıqlarını rədd edərək “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və qəzetin yazarı Sakit Zahidovun (Mirzə Sakit) həbsinə toxunaraq onların günahkar olduğunu söyləyib. Əliyev Mirzə Sakitin narkotik maddələrin istifadəsinə, Qənimət Zahidin isə bir nəfəri döydüyünə görə xuliqanlıq maddəsiylə həbs olunduğunu söyləyib. Kramer isə bu hadisələr fonunda Azərbaycanın imicinə gətirəcək zərərlərin miqyasını düşünməyi Ilham Əliyevə məsləhət görüb. Ilham Əliyev isə həvəssiz və narazı halda etiraf etdi ki, bunlara görə Azərbaycanın imicinə xələl gələcəyindən narahatdır.
Kramer jurnalistlərə qarşı zorakılıq hallarının baş verməsinə görə də narahatlıqlarını Ilham Əliyevə bildirəndə Azərbaycan rəhbəri ah çəkərək belə olayların olmadığını, media nümayəndələrinin peşə fəaliyyətləri üzündən döyülmədiyini söyləyib.

Əliyev Kramerin hansı sözünə inanmayıb?

Əliyev ABŞ-ın Azərbaycanla bağlı mövqeyinə münasibət bildirərkən söyləyib ki, rəsmi Vaşinqton “dişləməyə” və ya cəzalandırmağa həmişə cəhd edir. Seçkilərlə bağlı hesabatlarda Azərbaycanın sərt tənqidini başa düşmədiyini bildirəndə isə Kramer əlavə edib ki, Əliyev səhv anlayır. ABŞ-ın hesabatları problemlərin həllinə dair təkliflər və konkret addımların atılması üçün hazırlanır. ABŞ Azərbaycanda demokratiyanın inkişafında maraqlıdır. Əliyev isə Kramerin bu açıqlamasına inanmayıb. Əliyev bildirib ki, ABŞ Azərbaycan rəhbərinə ikili standartlarla yanaşır: “Siz həmişə Yuşşenko və Saakaşvili ilə birlikdəsiniz. Mənə qarşı ən azı onlara göstərdiyiniz münasibətə oxşar mövqe istəyirəm. Müxalifət xalqın dəstəyini almır. Səfirliklər müxalifəti radikallaşdırır”.

Ilham Əliyev: “Daha nə etmək lazımdır axı?”

Kramer Azərbaycanın insan hüquqlarının inkişafına dair konkret addımlar atmağa Ilham Əliyevi inandırmağa çalışanda Əliyev soruşub: “Daha nə etmək lazımdır axı? Mən bizə çox vacib olan problemlərdə praktik, nəticələri görmək istəyirəm. Bizim üçün başlıca problem Qarabağ münaqişəsidir. ABŞ super dövlətdir və dünyada istənilən problemi həll edə bilər”.
Enn Dersi məxfi teleqramın şərhində qeyd edir ki, Ilham Əliyev Kramerin təkliflərinin həyata keçiriləcəyinə dair vəd verməyib. Ilham Əliyev müzakirələr zamanı soyuq və əsəbi görünüb, tez-tez özündən çıxıb. “Onu söyləmək olar ki, Ilham Əliyev 2 saatlıq görüş ərzində çox şeyi düzgün başa düşmədi. Ona ünvanlanan təklifləri dərindən analiz etmək əvəzinə, bütün təkliflərin ayrı-ayrılıqda yox, paket halında müzakirəsinin tərəfdarı idi.

Siyasət şöbəsi