Urmu gölü məsələsi və…

Güney Azərbaycanda türk milli şüurunun yüksəlişi

Güntay Gəncalp
Mühacir Güneyli yazar, Finlandiya

Millətlərin milli oyanışı, sadəcə düşüncə və inancda sınırlı qalmaz, qalmamalıdır. Çünki millət bir də iqtisadi qaynaqlara möhtacdır. Iqtisadi qaynaqlar millətlərdə zaman axışı içində milli inancın da şəkillənməsinə yol açar. Iqtisadi amil olmadıqca milli oyanış, sadəcə intellektual azlığı ehtiva edər. Milli düşüncə və duyğuların xalqın bütün təbəqələrinə yayılıb yayqınlaşması üçün iqtisadi maraq da olmalıdır.
Iqtisadi maraq xalqın çoxluğunun gündəlik düşüncəsini və dolayısıyla uzun gələcəyini təsirləndirən amildir. Bu baxımdan Urmu gölünün quruması prosesi Güney Azərbaycanda və Iranda yaşayan bütün türklərin düşüncəsində bir sual işarəsi yaratmışdır. Hər bir dərin sual yüksələn bayraqdır. Xüsusən Iran Fars Islam rejiminin milli məclisində fars kökənli millət vəkillərinin “Urmu gölünün ətrafında yaşayanlar Iranın başqa yerlərinə köçüb yerləşsinlər” söyləmələri Güneydə və Iranda yaşayan türkləri, sadəcə bir kimlik savaşına deyil, həm də bulunduqları yurdlarını qoruma savaşına sövq etməyə başlamışdır.
Fars kökənli millət vəkilləri və fars millətçiləri Azərbaycan Respublikasından və Türkiyədən gələn milli duyğular dalğalarının fərqindədirlər. Qloballaşma prosesi də milli düşüncəni, demokratiya və ədaləti dəstəkləməkdədir. Bu xarici təsirlərdən əlavə Iran tarixi elə bir mərhələyə gəlmişdir ki, artıq fars milliyyətçiliyi mərkəzli bir üsul idarə qəbul edilmir. Həm daxili zərurət, həm də xarici təsirlər milli şüurun yüksəlməsinə meydan açmaqdadır. Güney Azərbaycanda son 20 il ərzində milli kadrlar və şəxsiyyətlər yetişmişdir. Ən önəmlisi isə, rejimin Urmu gölü ilə bağlı münasibəti türkləri daha da duyarlı və həssas etmişdir.
Urmu gölünün quruması ilə eyni zamanda 13 milyon türk insanı bölgəni tərk etməlidir. Bunlar hara gedəcəklər? Harda gedib yurd salıb çörək qazanacaqlar? Kimin və ya hansı başqa etnosun qoltuğuna sığınacaqlar? Bütün bu suallara Güney Azərbaycan türkləri cavab vermək zorundadırlar. Son günlərdə türk bəylərin və xanımların rejimlə ölüm-dirim savaşına çıxmaları yuxarıdakı suallara verilən cavabdır. Həqiqət budur ki, bu millət öz torpağına sahib olsa, həm öz daxili imkanlarına görə, həm də dünyanın elmi və texnoloji-ekoloji imkanlarından yardım alaraq Urmu gölünün qurumasını əngəlləyə bilər. Bu üzdən də Urmu gölü məsələsi Güney Azərbaycan türklərinin kimlik savaşını daha da dərinləşdirməkdə, millətin bütün qatlarına daşımaqdadır.