Dubay “WikiLeaks”i (Ikinci yazı)
Öncə bir haşiyə:
Milli Məclis üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı zəng edib yazıya münasibət bildirdi və sonda dedi ki, Dubayda bacısı nəvəsi işləmir. Zatın işlədiyi “Baku Caspian” restoranına məni dəvət edən şəxslə əlaqə saxladım. Cavab verdi ki, Dubayda bu restorana gələn azərbaycanlıların hamısı bilir ki, o ofisiant Fəzail Ağamalının qohumudur. Fəzail bəyə də xatırlatdım, oxuculara da bəyan edirəm, heç də AVP sədrinin özü və ya qohumu barədə araşdırma aparmaq fikrində deyiləm.
Dubay uzaqda deyil və Fəzail bəyin də yəqin ki, dost-tanışından ora yolu düşənlər olur. Ofisiant oğlanın qohumu olub-olmadığını müəyyən edə bilər.
Ya da Fəzail müəllim üç ay gözləsin, qışda bir də getmək fikrindəyəm Dubaya, hansı səviyyədə qohum olduqlarına müfəssəl aydınlıq gətirərəm.
Bir nəsnəni də yazım.
Fəzail Ağamalı bir millət vəkili olaraq Azərbaycan məmurlarının Dubaydakı biznes fəaliyyətlərinə münasibət bildirsəydi, gözümdə ucalardı. Etmədi bunu.
Dubaya dönək.
Dubaydan Azərbaycan aydın görünür. Bu şəhərin gözəgəlimli yerlərinin, az qala hamısında Azərbaycan məmurlarının izi var.
2010-cu ilin əvvəlində Dubayda 828 metr hündürlüyü olan 162 mərtəbəli Bürc-Xəlifə qülləsi adlanan nəhəng göydələnin yaxınlığında gerçəkdən analoqu olmayan və 218 milyon ABŞ dollarına başa gələn musiqili fontan istifadəyə verildi.
Rəqs edən musiqili fontana zövqlə tamaşa etdik. Soydaşlarımızın birinin “indi fontanın arxasındakı bahalı evlərdə Azərbaycan məmurları mənzil alırlar” deməsi isə məni əsla təəccübləndirmədi. Nədən ki, buna qədər Dubayda bizimkilərin sahib olduğu bir neçə obyekti mənə nişan vermişdilər.
Dubayda iş adamı Isgəndər Xəlilovun milyonlarla dollar dəyərində möhtəşəm bir villasının olduğunu dedilər. Nə iradımız ola bilər, kişinin pulu var, biznesmendir və o villanı alıb.
Bəs aylıq maaşı maksimum 1500 manat olan Azərbaycan məmurları milyonluq obyektlərə necə sahib olub?
Bununla görəvi dövlətin mənafeyini qorumalı olan Milli Təhlükəsizlik nazirliyi, Korrupsiyaya qarşı Mübarizə Idarəsi ciddi maraqlanmalıdır. Maraqlanırmı? Maraqlanacaqmı? Çətin sualdır, eləmi?
Dubayda Azərbaycanın çox sirləri gizlənib.
Bu sirlərin açılması Azərbaycanda “WikiLeaks”dən betər effekt yaradar.
Obyektiv və subyektiv səbəblərdən bəzi faktları oxucuların diqqətinə çatdırmaq mümkün deyil. Odur ki, “Azadlıq” qəzetinin rəhbərliyindən bir xahişim var. Ətraflı araşdırma üçün bir əməkdaşınızı Dubaya ezam edin. Oradakı vətənsevər insanlar yardımlarını əsirgəməz, qoy YAP məmurlarına məxsus obyektlərin ünvanlarını və şəkillərini Azərbaycan xalqına çatdırsın.
O xalqa ki:
– ağsaqqalı və ağbirçəyi minimum istehlak zənbili 100 manatdan artıq olduğu halda, ayda 85 manat pensiya puluna dolanır;
– yenidoğulmuşuna verilən müavinət bir qutu ana südü əvəzedicisinə bəs edir;
– ziyalısı ehtiyac üzündən deqradasiyaya məruz qalır;
– baş kəndində qul bazarları fəaliyyət göstərir;
– uşaqlı-böyüklü kütləvi şəkildə bazarları zəbt edib;
– kişiləri dolanışıq ucbatından cəlayi-vətəndir;
– namus alverinə qurşanan qadınlarının sayı artmaqdadır.
Dubay gizlinlərinin açılması “Wikileaks”dən betər silkələyəcək Azərbaycanı.
Kim açacaq bunu?!.