PKK lideri Bakıya niyə gəlibmiş?

Murad Karayılan hansı oteldə kiminlə görüşüb?

 

Azərbaycanda kriminal biznesin və kriminal siyasətin tüğyan etdiyi barədə dəfələrlə yazılır. Bu barədə uzun-uzun şərhlərə yer qoymadan maraqlı bir faktı oxuculara təqdim etmək istərdik.
Məsələ bundan ibarətdir ki, PKK-nın “qırğılar” qanadının lideri, Türkiyə ərazisində həyata keçirilən ardıcıl terror planlarının müəlifi sayılan Murad Karayılan bütün dünyada axtarılırkən Azərbaycana gəlməyə cəsarət edib. Daha doğrusu, kimlərsə onu Azərbaycana dəvət edib, burada ağırlayıb.
Murad Karayılan Bakıda 2010-cu ilin sentyabr ayının əvvəllərində olub. Onun Bakıda hansı müddət ərzində qaldığı bəlli olmasa da, qaldığı yer bəllidir: “Hyatt Regency” oteli.  Murad Karayılan 2010-cu il sentyabr ayının 11-də, şənbə günü Azərbaycanda fəaliyyət göstərən ünlü bir iş adamı ilə nahar edib və uzun-uzun da hansısa müzakirələr aparıb.
Şübhəsiz, Karayılan Azərbaycana başqa ad altında gəlib, amma Azərbaycanda onu qarşılayan, onunla hansısa planları müzakirə edən, ətrafdakılara “şərikimdir” kimi təqdim edən adamlar onun əslində kim olduğunu lap yaxşı biliblər.
Qeyd edək ki, iki həftə bundan əvvəl Murad Karayılanın Iran ərazisində tutulduğu barədə bir ehtimal bütün Türkiyə mediasını dolaşdı, amma xəbər təsdiqlənmədi və terror təşkilatının lideri hələ də axtarışdadır.

 

Informasiya şöbəsi