Divlərin tüğyanı

Hərdən uzaq uşaqlıq illərindən şüuraltımızda qalan məsum arzular baş qaldırır və biz nağıllardakı xeyirxah qəhrəmanların canlanıb divləri, əcinnələri, od püskürən müasir yeddi başlı əjdahaları məğlub etməsini istəyirik.

Mən daha uşaq deyiləm, amma hamı uşaq olub, hamı nağıllar oxuyub, hamı xeyirxah insanları özünə qəhrəman seçib. Kimsə divi öz qəhrəmanı etməyib yəqin, hamı əcinnələrin əməllərinə görə onlara nifrət edib, qəzəblənib.

Elə bu məntiqlə də indi əcinnə kimi nifrətə tuş olanların görəsən uşaqlığı, oxuduğu nağıllar, bu nağıllardakı xeyirxahlardan qəhrəmanı olmayıbmı?Olubmu?!

Olubsa bəs indi Azərbaycanı elə zalım div qanunları ilə idarə edənlərin uşaqlıqdakı qəhrəmanları hara qeyb olub? Ya da mən yanılıram, kimlərinsə uşaqlığını öz məsum uşaqlığımla eyniləşdirirəm. Bəlkə bütün uşaqlar məsum olmur, elələri olur ki, onlar divləri özlərinə ideal seçir?!Gerçəkləşmiş əjdahalar

Məsələn, Naxçıvanda feodal qanunlarını işə salıb əsl div siması göstərənlərin, sağlam insanları ancaq müxalifət olduğuna görə psixi xəstəxanaya salıb işgəncə verənlərin, onlar kimi divlik etmək istəməyənləri öldürənlərin uşaqlığı olmayıbmı? Ya da bu gün ölkədki saxta ittihamla mühakimə olunan insanların günahsızlığında öz günahını üzə çıxaranların, hakim, yalançı şahid və ya sifarişlə işləyən prokurorun xeyirxah qəhrəmanı olmayıbmı?

Olub, yəqin olub, amma sonra illər keçib, insanlıq qeyri-insaniliyin əsarətinə tabe olub, beləcə Məlikməmmədlər öldürülüb, yerini divlər, əcinnələr tutub. Hər kəsin qəhrəmanı olur – birininki mələk, birininki xilaskar, digərininki simurq quşu… Amma mən divləri özünə qəhrəman seçən adamların çoxaldığı ölkədə yaşayan biri kimi indi anlayıram ki, özünə qəhrəman seçmək hələ o qəhrəman kimi ola bilmək deyilmiş. Insan ola bilmək üçün heç Məlikməmmədi də qəhrəman seçmək lazım deyilmiş, eləcə insan olmağı seçə bilmək, bu əzmi nümayiş etdirmək vacibmiş…

Bizlər – əzilən, amma inanmadığından kimsənin qapısını döyməyib bildiyi yolla, rüşvət vermək, ya da qohum araçılığı ilə probelmini həll edən vətəndaş, vaxtından əvvəl qocalıb əldən düşmüş küçə süpürən qadın, öz arzularını həyata keçirə bilməyib istedadının batmasına bir gəminin batması qədər çarəsizcəsinə tamaşa edən gənc, yəni hamımız nağıllardakı deyil, real, özü də yeddi yox, yetmiş başlı əjdaha, divlərin əlində ömrümüzün amansızcasına talan olunmasına seyrçi qalaraq əllərimizi çənəmizə söykəyib son nəfəsimizin gedib bir daha geri qayıtmayacağı günü gözləyirik. Müasir divlər daha adam yemir, ömür, arzu, xəyallar, istedad və NEFTLƏ qidalanır. Nağıllardakı divlər aşiq olduğu qızları oğurlayıb saçlarından asırdı, indiki divlərisə hamını nakam qoyduğu ömrün ucundan asıb əzab verir, talan etdiyi talelərin gözü yaşlı ömürlərində məhv olmuş arzuların acısına qəhqəhə çəkib gülür.

Divlərin ürəyi şüşələrdə saxlanılırdı, qəlbi özündə olmayan varlıqlardı divlər… Indi də bu ölkəni idarə edib öz hikkəsində məhv edənlərin ürəyi yığdığı sərvətləri saxladığı bank hesablarında döyünür.

Suyun qarşısını kəsib hər gün qurban istəyən əjdahaların sələfləri indi daha bir qurban istəmir, su qarşısı kəsmir, eləcə bir ölkənin inkişaf, rifahının qarşısını kəsir, od saçan ağızlarında nefti alovlandırıb harınlıqla edə biləcəyi qədər zalımlıq edir. Gözü doymur, görməmişdir bu divlər, əjdahalar…Nağıllara inanın…

Ancaq divlərdən, əjdahalardan danışdıq, amma bizim uşaqlıqda oxuduğumuz nağıllarda Məlikməmmədlər də vardı – səbr və əzmlə divlərə qalib gələn, satqın qardaşlarını belə öz mənəvi mübarizəsi ilə məğlub edib simurq quşunun işığında qalib olan qəhrəmanımız…

Ölkəni divlər işğal edib, bağlarımızdakı qızıl almalar, yəni ömür bağçamızın qızıl anları, arzularımız oğurlanıb.

Olsun… Məlikməmmədlər var… Yetər ki, uzaqda qalan uşaqlıq illərimizdə gecələr divlərin zalımlığını qorxa-qorxa oxuyub sonda qalib olan qəhrəmanımızın qalibiyyətinə sevindiyimiz anları unutmayaq.

Həyatımızdakı divləri içimizdəki Məlikməmmədlə məğlub edə bilərik ancaq…