Yazmayacaqdım. “Azərbaycan futbolu” haqqında yazmaq, “Azərbaycan” və “futbol” sözlərini yan-yana yazmaq futbola və futbola sevgimə xəyanət olardı deyə, yazmayacaqdım. Bu ölkədə futbolun ən sonuncu dərəcəli problem olması səbəbindən yazmayacaqdım. Yazılası onca önəmli, taleyüklü məsələlər varkən futboldakı rüsvayçılıqlara qələm bulamaq yazı mentalitetimlə tərs düşdüyü, ən əsası da futboldakı biabırçılıqların da ölkədəki çirkin idarəetmədən qaynaqlandığını bildiyim üçün yazmayacaqdım. Amma madam ki, dünən möhtərəm hansısa klubun məşq bazasına baş çəkdi, biriləri isə yenə ağız-ağıza verib tutuquşu kimi “dövlətin idmana atalıq qayğısı” haqqında sabunlu-sabunsuz üyüdüb-tökməyə, köhnə havaları təkrar ötməyə başladı, mən də yazmadan keçə bilmədim. Pislərin ən pisi
Günlərdir rejimin qıllı qoltuğuna sığınmış saytları, qəzetləri izləyirəm. Bu haqda bir cümləlik xəbərə rast gəlməzsiniz. Bir halda ki, onlar yazmırlar, mən yazım: bunların gecə-gündüz vətəndaşlarının acından öldüyü, ölkəni tərk edib getdiyi, həyatın iflic olduğu, az qala yer üzündən silinmək təhlükəsi ilə üzləşdiyi barədə miflər qondardığı Ermənistan yığması Avro-2012 finalının bir addımlığındadır.
Absurdu görürsünüzmü? Idmana dövlət qayğısı haqqında əttökən, düşük şoularla bizim başımız xarab olub, amma dünyanın ikinci, qitənin isə birinci ən böyük futbol yarışına Ermənistan millisi gedir. Ən böyük pullar Azərbaycan futbolunda fırlanır, amma planetin ən böyük idman yarışlarından birinə Ermənistan millisi gedir.
Biz ölkədə çirkin, rəzil bir idarəetmənin hökm sürdüyünü deyərkən bunu nəzərdə tuturuq. Bunların çoxlu pulu var, amma çoxlu pulu çoxlu üstünlüklərə çevirməyə ağılları, zəkaları yetmir. Bunların çoxlu pulu var, amma çoxlu uğuru çoxlu pulu olmayanlar qazanır.
Belarusun bir BATE klubu var, büdcəsi bizim “Qəbələ”nin, “Neftçi”nin büdcəsinin yanında qəpik-quruşdur desək, yeridir. Amma baxırsan, Çempionlar Liqasının qrup mərhələsində oynayır. Niyə? Necə baş verir bu?
Axı nə Belarusda, nə də Ermənistanda bunlardan fərqli bir rejim var. Axı bunlar da elə Belarusdakı, Ermənistandakı rejimlərin xurcun tayıdır. Bəs niyə onlar, hətta az pula çoxlu uğur əldə edir, amma bunlar çoxlu pula daha çox rüsvay olurlar?
Səbəb sadədir: biz – dünyadakı bütün iyrənc idarəetmələrin hamısını özündə birləşdirən, həm də onların ən iyrənc tərəflərini özündə ehtiva edən bir sistemlə qarşı-qarşıyayıq. Bizdəki vəziyyət heç kimlə müqayisəyə gəlmir. Bizdə hər şey təsəvvür olunduğundan da pisdir. Naziri, komitə sədrini, icra başçısını, JEK müdirini başa düşdük, bir ölkədə ki, hətta ədəbiyyat adına ayrılan pulları da oğurlayırlar, dünyanın ən işıqlı, insani missiyasını daşımalı olan yazıçılar da oğurlayırlar, daha siz nə gözləyirsiniz bu ölkədən? Daha bundan pis sistem nəyə deyirsiniz siz? Belə pis sistemlə yaxşı nəyə ümid etmək olar axı?
Sizə lazımdırmı YAP-çı Messiniz olsun?
Bir də işin əxlaq, mənəvi tərəfi var. Istəyir ədəbiyyatda olsun, istər futbolda, istəyir elmdə olsun, istəyir xizəkli konkisürmədə, fərqi yoxdur, insan ruhunun bu qədər zəhərləndiyi, insan qəlbinin bu qədər kirlədildiyi, insan başının bu qədər balacalaşdığı bir ölkədə hər hansı uğur, zəfər xam-xəyaldı. Adamların bu qədər alçaldığı, alçalmağa məcbur edildiyi ölkədə “Barselona” kimi klubunuz, Messi kimi futbolçunuz, Mourinyo kimi baş məşqçiniz olsa belə, ovcunuzu yalarsınız. Qələbə yuxularınıza girər.
Çünki bu gün ağzı sulana-sulana baxdığınız Messinin, futbol fəlsəfəsinə heyran qaldığınız Mourinyonun sizin ölkədə yaltaq olmadan heç bir perspektivi yoxdur. Yalançı, zülmə züytutan olmadan heç bir gələcəyi yoxdur. Bunlara ayağı top tutan adamlar yox, ayaqlarının ucunda top kimi oynada biləcəkləri adamlar lazımdır.
Bunların sənətçiyə də münasibəti budur. Siyasətçiyə də münasibəti budur. Yazıçıya da, rəssama da, müəllimə, həkimə də münasibəti budur bunların: “Öncə qul olacaqsan, sonra nə istəyirsən ol”. Amma maləsəf öncə qul olduqdan sonra gerisi filfilodur – heç nə olmayacaqsan.
Dünən saytların birində Nura adlı hansısa müğənninin ərinin açıqlaması vardı, deyir, “fəxrlə qeyd etməliyəm ki, mən dünya siyasətinin nəhənglərindən biri, Azərbaycan xalqının xilaskarı və müasir Azərbaycanın yaradıcısı ulu öndər Heydər Əliyevin 50 yaşı tamam olan gün – 1973-cü ilin may ayının 10-da Vaşinqtonda doğulmuşam”. Yaxşı, siz belə bir əxlaqsız əxlaqın hökm sürdüyü ölkədə nəyə ümid edirsiniz axı? Hansı uğura, hansı tərəqqiyə ümid edirsiniz axı? Adamlarının şüuruna köləliyin, mütiliyin, yaltaqlığın bu qədər oturduğu, oturuşulduğu ölkədə inkişaf, zəfər gözləməyin təkədən pendir tutmağa çalışmaqdan fərqi nədir? Topa son toxunuş
Deyəsən, çox uzatdım. Qolu vurmaq vaxtı gəlib çatıb. Idman yazarlarından biri danışmışdı bir dəfə mənə. Ona da yığmanın oyunçularından biri danışıb. Oyunların birində, paltardəyişmə otağına daxil olan baş məşqçi fasiləyə məğlub gedən futbolçularını birinci hissədəki biabırçı oyuna görə o ki var tənbehləyəndən sonra nöqtəni belə qoyub: “Axı prezident də televizordan baxır sizə, ayıb deyil, bu nə oyundur?”
Allah eşqinə, indi özünüz düşünün, bu məntiqin, bu mentalitetin olduğu yerdə siz hansı qələbəyə ümid edirsiniz? Hansı uğur umursunuz? Niyə unudursunuz ki, hər şeyi bu ölkədəki bir adamın iradəsinə, istəyinə, onun ağa kefinə, zövqünə hesabladığımız, hər şeyi bir adamın xoşuna gəlməyə, onun sevimlisi olmağa hesabladığımız müddətcə həm Azərbaycan uduzmağa davam edəcək, həm də daha pisi – Azərbaycanı uduzacağıq?