Zaur Əliyev: «Ramin Nağıyev müəyyənləşdirmişdi ki, bu işi törədənlər çeçenlərdir»
«Elçin Behbudov Məmməd Mikayılovu görəndə özünü saxlaya bilmədi, ağladı»
MTN-in keçmiş müstəntiqi Ramin Nağıyev son bir ayda “Azadlıq”dakı açıqlamalarıyla Prezident yanında Xüsusi Idarənin rəisi Şəmsi Rəhimovun qətli üzrə cinayət işinin nəticəsini faktiki alt-üst etdi. Azərbaycan ictimaiyyətinə çatdırdı ki, vaxtilə icraatında olmuş bu iş üzrə sifarişi yerinə yetirmədiyindən cinayət işi ondan alınıb və son nəticədə günahsız adamlar məsuliyyətə cəlb olunub. Xeyli vaxtdır ki, “Azadlıq”da sözügedən cinayət işi üzrə məhkum olunan şəxslərin açıqlamaları gedir. Amma onlardan biri – Elçin Əliyev dünyasını dəyişdiyindən onun qardaşı Zaur Əliyevlə söhbətləşdik. O, söhbətə mərhum qardaşının həbsilə başladı:
– 1994-cü il sentyabrın 30-da qəfil evə daxil olub apardılar, heç bir səbəb də göstərmədilər. Dedilər ki, səbəbini orada bilərsiniz.
– Harada?
– Əvvəlcə Binəqədi Rayon Polis Idarəsinə aparmışdılar. Daha sonra Milli Təhlükəsizlik Nazirliyinə, oradan da Bakı şəhər Baş Polis Idarəsinə. Orada bir xeyli saxlanılandan sonra həbs sanksiyası verdilər.
Hər şey Əli Ömərovla konflikdən başladı
– Elçin Əliyev o vaxta qədər nə işlə məşğul olurdu?
– OMON-çu idi. Döyüşdə yaralanmışdı. Ona görə yenidən cəbhəyə qayıda bilmədi. Özü də hüquq təhsili alırdı. Xətai Rayon Prokurorluğunda Mahir Cavadovun yanında praktikada idi. O zaman Xətai rayonu ərazisində- Babək prospektində keçmiş baş prokuror Əli Ömərovun oğlu ilə məndən böyük qardaşım arasında bir hadisə baş vermişdi.
Əli Ömərovun oğlu ilə yanaşı, qardaşı və sürücüsü də orada olmuşdu. Orada qardaşımgil “VAZ-2107” markalı maşınla ”Pejo”nu keçmişdilər. Onlar da qardaşımgil olan maşının qarşısını kəsmişdilər. Heç düşmələrinə imkan verməmişdilər. Əli Ömərovun oğlu qardaşımın dostunu güllələmişdi, qardaşımın özünün də başını tapança ilə vurub yarmışdı. Sonra məsələni elə fırlatdılar ki, guya, Əli Ömərovun oğlu orada olmayıb. Qardaşını da işin içindən çıxartdılar. Işi tək sürücünün üstünə qoydular və ona o vaxt iş kəsdilər.
Bu hadisədən sonra rəhmətlik qardaşımla Əli Ömərovun arasında mübahisə düşmüşdü. O vaxt bu işlə əlaqədar Elçin qardaşımı Əli Ömərovun yanına çağırtdırmışdı. Deyib ki, “sən bilirsən, qardaşın neyləyib?” Rəhmətlik də soruşub ki, “neyləyib?”. Deyib ki, “qardaşın mənə sui-qəsd eləmək istəyib”. Qardaşım soruşub ki, “necə?” Deyib ki, “mənim maşınıma pivə butılkası atıb, həmin butılka da məndə qalır”. Elçin deyib ki, “cənab prokuror, sürətlə gedən iki maşının arasında yerə düşən butılka sınmaz?” Deyib ki, “şüşə butılka olmayıb, dəmir banka pivə qabı olub”. Bu zəmində aralarında mübahisə düşüb. Əli Ömərov rəhmətlik qardaşıma deyib ki, “sən yaman çox danışırsan, mənimki səninlə sonraya qalsın”.
Bu hadisə avqust ayında baş vermişdi. Sentyabrın 30-da da qardaşımı gəlib apardılar. Adını da qoydular ki, guya, Şəmsi Rəhimovu qətlə yetirib.
Bizi ailəlikcə bu işlə əlaqələndirmək istəyirdilər
Qardaşımın barəsində hökm çıxarılandan bir xeyli sonra mənim özümü də gəlib evdən apardılar. Dedilər ki, “qardaşın Şəmsi Rəhimovla yanaşı, Afiyəddin Cəlilovu da qətlə yetirib”. Bunu mənə Bakı şəhər Baş Polis Idarəsində müstəntiq Əlövsər Əliyev dedi. Cavab verdim ki, “əvvəla, bu iki qətl hadisəsi arasında cəmi 20 dəqiqə fərq olub. Mənim qardaşım məgər ”supermen” idi ki, birini burada vursun, qaçıb gedib o birini də orada vursun? Bundan başqa, Afiyəddin Cəlilov avtomatla – “Kalaşnikov”la, Şəmsi Rəhimov isə “Makarov” tapançasıyla qətlə yetirilib. Yəni, qardaşım onların da arasında fərq qoyub? Ikincisi də, kimin ölümünü istəyirsinizsə, qoyun boynuna, onsuz da qaradan tünd rəng yoxdur. Bu adamın barəsində ölüm hökmü çıxarılıb.
Ən nəhayət, o vaxt mən uşaq idim, o hadisələrin necə olduğunu heç düz-əməlli xatırlamıram”.
Bunların fikri o idi ki, ağzımdan hansısa sözü alsınlar, məni də bu işə qoşsunlar. O vaxt ailəlikcə bizi bu işlə əlaqələndirmək istəyirdilər.
Qardaşımın dırnaqlarını çıxarmışdılar
Sonra otağa Bakı şəhər Baş Polis Idarəsinin cinayət-axtarış şöbəsinin rəisi (hazırda Nəsimi Rayon Polis Idarəsinin rəisi) Məmməd Mikayılov daxil oldu. Soruşdu ki, nə məsələdir-filan. Bir qədər sonra əsəbiləşdi, üstümə hücum çəkdi ki, məni vursun. Dedim ki, “deməli, qardaşımın da üstünə qətli bu cür üsullarla qoymusunuz”.
Rəhmətlik qardaşım başına gətirilənlərin hamısını məhkəmədə danışdı. Qardaşımın dırnaqları yox idi, hamısını çıxartmışdılar. Qardaşımın və bu iş üzrə məhkum olunmuş digər dörd nəfərin- Tofiq Qasımov, Fazil Muxtarov, Fazil Hüseynov və Elçin Behbudovun başına Məmməd Mikayılovun, Əlövsər Əliyevin və digərlərinin hansı oyunları gətirdiyini bir özləri bilir, bir də Allah. Məhkəmədə Elçin Behbudov Məmməd Mikayılovu görəndə özünü saxlaya bilmədi, ağladı. Dedi ki, “bu, adam deyil, vəhşidir”.
Onlara elə işgəncə veriblər ki, hətta Tofiq Qasımov deyib ki, Listyevin qətlini də üzərimə götürməyə hazıram.
Qardaşım Şəmsi Rəhimovun oğluna dedi ki…
– Qardaşınızın məhkəmədə dedikləri yadınızdadırmı, nə deyirdi?
– Yadımdadır. Şəmsi Rəhimovu vuranı görmüş şahid məhkəməyə gəldi, dedi ki, mənim gördüyüm adamlar bunların arasında yoxdur. Qardaşım son sözündə üzünü Şəmsi Rəhimovun oğluna tutub dedi ki, “düzdür, bu işi bizimlə bağlayırlar, amma biləsən ki, sənin atanı biz öldürməmişik”. ANS telekanalı da həbsxanada qardaşımdan müsahibə götürmüşdü. Rəhmətlik orada da demişdi ki, “bizlik heç nə yoxdur, sadəcə, yuxarılarda gedən oyunların qurbanı kimi bizi seçdilər”.
Şəmsi Rəhimovun ailəsi də əmindir ki, həbs olunan şəxslərin bu işə aidiyyəti yoxdur. Həyat yoldaşı da məhkəmədə dedi ki, bu uşaqların günahı yoxdur. Oğlu da müsahibəsində demişdi ki, mən atamın əsl qatillərinin tapılmasını istəyirəm.
Məhkəmə sanki kukla teatrı idi
– Yeri gəlmişkən, Elçin Behbudov da bir müddət əvvəl “Azadlıq”a bildirdi ki, Elçin Əliyev məhkəmədə siyasi oyunların qurbanı olduğunu demişdi. Qardaşınız bunu deyəndə nəyi nəzərdə tuturdu? Ümumiyyətlə, o, siyasətə qarışırdımı?
– Elçinin o vaxt cəmi 24-25 yaşı vardı. Düzdür, bir sıra vəzifəli şəxslərlə münasibətləri vardı. Amma bu o demək deyil ki, o siyasətə qoşulmuşdu.
– Bu qətlin sifarişçisi kimi Mahir Cavadovun adı keçir. Belə fikirlər də var ki, rəhmətlik qardaşınızın, elədə də Fazil Muxtarov və Fazil Hüseynovun Mahir Cavadovla münasibətləri olmasından istifadə edərək, bu versiyanın üzərində dayanıblar?
– Hamıya yaxşı məlumdur ki, Mahir Cavadov, onun qardaşı rəhmətlik Rövşən Cavadovla bu hakimiyyətin münasibətləri necə idi. Əslində, onların özləri də siyasi oyunların qurbanı oldu. Mənim qardaşım, Elçin Behbudov və digər üç nəfərin həmin hadisəyə qədər hansı siyasi fəaliyyəti olmuşdu ki, bu qətldən də nə isə siyasi məqsədlər güdsünlər? Bu işi onların boynuna qoyanların hərəkətində məntiq tapmaq mümkün deyil. Sadəcə, zor gücünə onların boynuna qoydular. Bu iş üzrə məhkəmə sanki kukla teatrı idi?
Kaseti məqsədli şəkildə yoxa çıxardılar
– Yəqin ki, həbsxanada rəhmətlik qardaşınızla görüşmüsünüz. Digər OMON-çular Fazil Hüseynov və Fazil Muxtarovla münasibətləri barədə nə isə deyirdi?
– Onların hər ikisini tanıyırdım. Bizə gedib-gələn adamlar idi. Dostluqları vardı. Elə dost olmalarından da istifadə edib, bu işi qrup kimi onların boynuna qoydular.
– Bəs polkovnik Tofiq Qasımovu?
– Qardaşım məhkəmədə də dedi ki, onu ilk dəfə burada görür.
– Hadisə baş verən gün Sumqayıtda toy olub. Qardaşınız da o toyda olmuşdumu?
– Hər üçü – rəhmətlik qardaşım, Fazil Hüseynov və Fazil Muxtarov da o toyda olub. Hadisə baş verən vaxt onların toyda olduqlarını sübut edən videokaset də vardı ki, o da istintaqa – Əlövsər Əliyevə təqdim olunmuşdu. Amma o kaseti məqsədli şəkildə yox elədilər və sübutu “itirəndən” sonra bu işi onların boynuna qoydular.
– Elçin nə vaxt rəhmətə getdi?
– 2000-ci il sentyabrın 20-də dəfn elədik, 19-da meyiti təhvil almışdıq. Amma meyitə baxanda görünürdü ki, bu adam ən azı, iyirmi gün əvvəl dünyasını dəyişib. Bunu təcridxananın rəisi, həkim və digərləri bizdən gizlədib. Mən həmin iyirmi gün ərzində hər gün yemək daşıyırdım. Xəstə olduğuna görə mənə icazə verilmişdi ki, ona hər gün təzə yemək, meyvə aparım. Həmin vaxt Binədəki vərəmli məhbuslar üçün nəzərdə tutulan xəstəxanada idi və təxminən iyirmi gün məni onunla görüşməyə qoymadılar. Bu qədər uzun müddət görüşə imkan verilməyəndə mən artıq şübhələndim. Inad elədim ki, onunla görüşməliyəm. Dedilər ki, vərəm çöpləri keçə bilər. Dedim ki, keçsə də, görüşməliyəm. Həkim dedi ki, bu gün olmaz, sabah gələrsən. O vaxt atam-anam sağ idi, onları da aparmışdım, Elçinin öz ailəsini də. Amma həkim yenə qaçdı. Axşam gedib “nadzor”la görüşdüm. O da boyun qaçırdı. Ertəsi gün yenə getdim ki, yenə görüşməyə qoymayanda rəisi tələb elədim, səs-küy saldım. Həmin vaxt evimizə zəng elədilər ki, rəhmətə gedib, gəlin aparın. Meyiti götürəndə gördüm ki, bu təzə rəhmətə getmiş adamın cəsədi deyil.
– Elçin həbs olunarkən evli idi?
– Bəli, altı aylıq bir uşağı da vardı.
Şəmsi Rəhimovu öldürənləri Hacı Məmmədov güllələyib
– Əlövsər Əliyev bu iş üzrə əsl günahkarların tutulduğunu iddia edərkən əsaslandırmalarından biri də bu olub ki, qətldən əvvəl tez-tez sizin evdə Fazil Hüseynov, Fazil Muxtarov, qardaşınız olmaqla 3-4 OMON-çu yığışıb, müzakirələr aparırlarmış, arada bir Mahir Cavadov da ora qatılırmış. Olubmu belə yığıncaqlar?
– Bu, Əlövsər Əliyevin öz fikridir. Əlövsər Əliyev işi obyektiv araşdıran adam idisə, niyə məni də bu cinayət işinə cəlb eləmək istəyirdilər? Özü də tək məni yox, bütün qohum-əqrəbalarımızı, bizə gəlib-gedənlərin hamısını ləkələmək istəyirdilər, qorxudurdular. Ramin Nağıyev müəyyənləşdirmişdi ki, bu işi törədənlər çeçenlərdir. Sonradan Hacı Məmmədov o çeçenləri öldürmüşdü. Əlövsər Əliyev niyə canlı şahidlərin ifadələrindən danışmır? Niyə videokasetdən danışmır?
Elçin Behbudov məhkəmədəki ifadəsində dedi ki, o, Xüsusi Idarədə işləyəndə hadisədən bir neçə gün əvvəl ondan gəlib “Makarov” silahı üçün güllələr alıblar. Sonradan Şəmsi Rəhimov da “Makarov”la qətlə yetirilib və həmin güllələrin gilizləri hadisə yerində tapılıb. Əlövsər Əliyev bunlardan niyə danışmır?
Allah haqdır, kimsə kiminsə canına, ailəsinə qəsd eləyirsə, nə vaxtsa mütləq onun cəzasını çəkəcək.
– Sonradan həbsxanada görüşlərinizdə qardaşınız məhkəmədə dediklərindən əlavə nəsə danışıbmı?
– Dedi ki, bu işlər sənlik deyil. Inşallah, bəraət alandan sonra mən özüm öz söhbətimi eləyəcəm. Nə bilirdisə, o bilirdi. Imkan vermədilər?
– Vərəmi həbsxanada tapmışdı?
– Onu dəfələrlə aradan götürmək istəmişdilər. Söz-söhbətlər çağırdı qulağımıza. Eşitdik ki, çayda, yeməkdə nə isə verəcəklər. Qardaşım da bunu bildiyinə görə heç kimdən heç nə alıb yemirdi. Gördülər ki, mümkün deyil, axırda saxlanıldığı kameraya ağır vərəm xəstəsi olan məhkum saldılar və bu yolla yoluxdurdular.
Qardaşımı qəsdən vərəmlədilər
– Elçin Əliyev həbsxanada hansı təhlükəni yaradırdı? Yəni, onu aradan götürməkdə məqsəd nə ola bilərdi?
– Əgər qardaşımgil bəraət almağa nail olsaydılar, müstəntiq Əlövsər Əliyevdən tutmuş, istintaqa nəzarət eləyən baş prokurorun o vaxtkı birinci müavini Isa Nəcəfov, işə baxan hakim Nəriman Hüseynov, məhkəmənin sədri Xanlar Hacıyev, Bakı şəhər Baş Polis Idarəsinin rəisi Məhərrəm Əliyev, Məmməd Mikayılov və digərləri cavab verməli olacaqdılar.
Bir dəfə söhbətimizdə and verib qardaşımdan bu işdə əlinin olub-olmadığını soruşdum. And içdi ki, bu işdə əli yoxdur. Dedim ki, onsuz da hər kəs Allaha bir can borcludur, belədirsə, sən özünü yox, bizi düşün. Orada qayıtdılar ki, bu iş istintaqa qaytarılsa, bizi öldürəcəklər. Bunu Tofiq Qasımovdan, Fazilgildən də soruşa bilərsiz. Amma qardaşım çox inanırdı ki, bəraət ala biləcək. Onu da deyim ki, hətta ölümündən sonra da olsa, onun bəraət alması üçün mən də əlimdən gələni edəcəyəm.
Yeri gəlmişkən, Isa Nəcəfovun ssenarisi əsasında bu qətllə bağlı film çəkiblər. Məhz bu hadisə ilə bağlı və məhz bu cür ssenari yazmaqda Isa Nəcəfovun marağı nədir? Orada mənim qardaşımı narkoman kimi qələmə verib. Halbuki, mənim qardaşım namaz qılan adam olub, heç içki içməyib. O, ömründə toyuq başı kəsməyib, o ki qalmışdı adam öldürmək olsun.
Şahmatda məqsədə çatmaq üçün piyadanı necə qurban verirlərsə, bu işdə də öz məqsədlərinə nail olmaq üçün bu beş nəfəri qurban seçdilər. Allah bütün bunları görür, sadəcə, geci-tezi var.
– Sizcə, Isa Nəcəfovun marağı nə idi?
– Maraqları olmasaydı, onlar bu oyunu oynamazdılar ki.
– Cinayətin əsl günahkarlarıyla bağlı sizin özünüzün hər hansı fikriniz varmı?
– Hesab edirəm ki, bunun açıqlaması Hacı Məmmədovdadır.
Aytən Məmmədova


