Dünya qopur?

Dünya sanki qopur – hara baxırsan nota, etiraz, hədələr… Mən bu hadisələri bircə-birrcə də nəzərdən keçirə bilərdim. Lakin onların hamısını bir-birilə bağlayan telləri tapmaq çətindir. Sözsüz ki, bu il dünyanın xəbər mərkəzi və siyasi meydanı Yaxın Şərq oldu. Amma sözüm bunda deyil. Bu hadisələrin payızını da gözləmək lazım gələcək və görünür, bizlər “ərəb payızı” adlı da siyasi mövsüm yaşamalı olacağıq. “Yaşamalı olacağıq” demək bir o qədər də uğurlu səslənmir, çünki hamımız sıravi müşahidəçilərik, bu ölkə siyasəti hələ də məşhur saytın açıqlamaları ilə yaşayır. Mən bunu pis mənadaca və ya ironiya ilə demirəm. Hər şey təbiidir. Təbii olmayan cəmiyyətin sükutu və süstlüyüdür. Söhbət onda deyil ki, elə bu gün hamı küçələrə axışsın, etiraz etsin, yox, məsələ bunda deyil. Məsələ bundadır ki, bizim cəmiyyətimiz artıq siyasətə biganə olub, qəribə “praqmatizm” yaranıb, heç kim vaxtını ictimai və siyasi işlərə sərf etmək istəmir. Bəlkə dünyanın ağlı çaşıb? Məgər indilər Israildə etiraz edən 450 min yəhudi dünyanın ən aciz adamıdır? Bəlkə onlar öz vaxtlarının qədrini bilmir? Mənə elə gəlir ki, praqmatizmə gələndə bu Yer üzündə yəhudilərdən praqmatik xalq yoxdur. Amma sözümü burada bir az dəqiqləşdirmək məcburiyyətindəyəm. Nədənsə son vaxtlar yəhudilər xarici siyasətdə öz milli psixologiyaları ilə o qədər də uzlaşmayan siyasət aparır. Bəli, amerikalılar Israili ABŞ-ın ştatı adlandırırlar və mənim bununla bağlı hər hansı düzəliş vermək fikrim yoxdur. Lakin məişətdə bir məsəl var: uzaq qohumdan yaxın qonşu yaxşıdır! Israil bütün ətraf dövlətləri özünə düşmən edib, hətta Türkiyə ilə də münasibətləri kritik həddə çatdırıb. Hər halda o qədər də yaxşı hal deyil. Bunun mütləq fəsadları olacaq. Çox qəribədir, bu dövlət Misirdən üzr istəməyi də özünə rəva görə bilir, amma bunu Türkiyəyə etmək istəmir. Təbii, Israil gəmilərə hücumunu əsaslandırmağa cəhd edir. Bunu başa düşürük. Amma həmin gəmilərdə insanlar həlak olub və buna görə Türkiyədən üzr istəməyə dəyər. Nəzərə almaq lazımdır ki, indilərə qədər Israili hifz edən amillərdən biri də Türkiyənin ona loyal münasibəti və dəstəyi olub, artıq bu, yoxdur.

Konfederasiya realdırmı?

Indi mətbuatda bir məsələ müzakirə edilir: Türkiyə ilə Azərbaycan arasında konfederativ münasibətlərin formalaşması. Mən bu məsələnin üzərində elə də dayanmaq istəmirəm. Sadəcə, bir məsələni qeyd etmək istəyirəm ki, bu hakimiyyət hansı səbəblərdənsə, bunun elə bir fərqi yoxdur, Türkiyə ilə viza problemini həll edə bilmir, ya etmək istəmir. Həm də ki, özləri üçün ideal bir müstəqillik axtarırlar ki, ölkəni rahatca talan edə bilsinlər. Müəyyən mənada konfederativ münasibətlərə yaxın münasibəti Avropa da təklif edir, amma o da yaxına buraxılmır, hakimiyyət Avropa ilə inteqrasiya prosesini hər vasitə ilə ləngitməyə, uzatmağa çalışır. Ona görə də bunların Türkiyə ilə yaxın bir  münasibət quracağını zənn etmək çətindir.

Bu ölkədə daha nələr labüddür?

Bəli, Azərbaycan tənha ada olmayacaq. Getdikcə daha çox adam bu fikrə üz tutur. Əgər islahat aparılmasa böyük etirazlar gec-tez labüd olacaq. O gün korrupsiya ilə bağlı bir yazı yazmışdım. Yazmışdım ki, korrupsiyanın səbəbi həm də özəlləşdirmə prosesinin tam aparılmamasındadır, bütün dünya belə bir fikri qəbul edir ki, dövlət mülkiyyəti korrupsiyaya yol açır. Amma xüsusi olaraq onu qeyd etmişdim ki, ölkədə stimullaşdırılan korrupsiya da var. O, iqtisadiyyatın mahiyyətindən daha çox, siyasi sistemdən törəyir. Qərəz, sizə bunu demək istəyirəm ki, bu ölkədə total islahatlara ehtiyac var. Bunlar heç vaxt bu islahatları aparmayacaq, çünki islahatlar siyasi və iqtisadi sistemin total şəkildə dəyişdirilməsini, hətta mülkiyyət münasibətlərinə qismən də olsa, yenidən baxılmasını tələb edir. Ona görə də nə qədər ki, bunlar bizləri idarə edir, böyük özəlləşdirmədən danışmaq, təbii inhisarların bazara cəlb edilməsindən söz açmaq siyasi cəhətdən düzgün olmazdı və Azərbaycanı  bütünlüklə bunlara verərək islahatlar haqda xülyalara dalmağa səbr yoxdur.