Ilham Əliyevə qiyməti kim qoyur?

YAP iqtidarı xalqın içindən elə kadrlar yetişdirir, elə insanları komandasına daxil edir ki, bu şəxslərin alverçi təfəkkürlərinə və millətin canından pul çıxarmaq üçün yeni-yeni, ağlagəlməz yollar tapmasına heyrət etməyə bilmirsən. Məsələn, məktəb və ya uşaq baxçasının təmirdən sonra sökülüb təzədən tikilməsinə, daha sonra da yeni tikilən binanın “Avropa standartına uyğun” təmirinə büdcədən qat-qat artıq və bir neçə dəfə pul ayrılmasından gözləri doymur, könülləri rahatlıq tapmır. Bəs, belə şeymi olar ki, atalarından miras olaraq qalan neft pulları və şəxsi obyektləri sayılan Azərbaycan dövlətinin büdcəsi hesabına məktəb təmir edələr, vətəndaşlarsa gəlib rahat-rahat, Konstitusiyaya uyğun pulsuz təhsil alsın?

Qəti mümkün deyil. Ona görə də “Avropa standartına uyğun” məktəb və uşaq bağçalarının “haqqı” dərhal qalxır.
Bu, hər yerdə rastlaşdığımız və adət etdiyimiz reallıq olduğundan, öyrəşmişik. Ancaq YAP iqtidarının şanlı kadrları bununla kifayətlənsəydi, daha niyə təəccüblənirdik ki!
Təzəliklə yeni pulçıxarma yeri də müəyyənləşdiriblər. Cənabi-möhtərəmi əzizləyə-əzizləyə, xalqa minnət qoya-qoya – ki, baxın, prezident şəxsən özü təhsilin qayğısına qalır – məktəb və ya uşaq baxçasının avrotəmirdən sonrakı açılışına gətirilər. Möhtərəm açılışa gəldimi və ya AzTV-də deyildiyi kimi, “təmir-tikinti işləri ilə şəxsən maraqlandımı”, “haqq” dərhal avrotəmirə yox, prezidentin adına uyğunlaşdırılır.
Ancaq qiymətlərin standart olmadığını əminliklə deyə bilərik. Görünür, “haqq” məktəb direktorlarının Ilham Əliyevə verdiyi dəyərdən asılıdır – təxminən 1000 manatdan 2500 manata qədər dəyişir.
Ilham Əliyev ona və adına qoyulan qiymətdən xəbərdardımı? Bilirmi ki, təhsil müəsisələrində onun adıyla alver edirlər?
Doğrusu, şübhə edirdim – ən azı ona görə ki, Litva prezidentinin gözünü kəlləsinə çıxaran qızıl hovuzlu villalara, “Vaşinqton post”un diqqətini çəkən Dubay malikanələrinə, saysız-hesabsız mülkə sahib olan bir şəxsin öz adının bir-iki minə satılmasına razılaşacağını qəti təsəvvür etmirdim – WikiLeaks-in təzəliklə yaydığı açıqlamaya qədər. WikiLeaks bəlli etdi ki, ildə 4 dəfə rəsmi, 8 dəfə qeyri-rəsmi istirahətə çıxıb xizək sürən, 12 dəfə bayram tətilinə gedən, 16 dəfə işə gəlməyən, 24 dəfə xarici səfərlərə yollanan… və bu səbəblərdən ölkədən xəbəri olmadığını düşündüyümüz möhtərəmimiz nəinki hər şeydən məlumatlıdır, hətta türk seriallarının Azərbaycanda yayılmasının üzdə “dil”, gizlidə “çadra” bəhanəsi ilə qadağan edilməsinə də şəxsən özü nəzarət edir. Adam türk seriallarına diqqət edəcək səviyyədə məlumatlıdırsa, hansısa məktəbin açılışına gedəndən sonra onun adından istifadə edilməsini və gəlişi ilə rüşvət oyunbazlığına xüsusi töhfə verdiyini bilmirmi? Məgər, bilmirmi ki, ona göstərilən və guya, uşaqların oynaması üçün quraşdırıldığı söylənilən əyləncə vasitələri müvəqqəti olaraq gətirilib? Xəbəri yoxdurmu ki, bir qrup şəxs Azərbaycan təhsilini bərbad günə qoyub, ölkənin gələcəyini basıb yeməklə məşğuldur? Yaxud: az qala kor bağırsaq əməliyyatına görə Azərbaycan vətəndaşının geridə qalmış saydığımız Irana üz tutması qədərində ölkə səhiyyəsinin məhv edildiyindən xəbərsizdirmi? Bilmirmi ki, təmirinə 12 milyon manat ayırdığı xəstəxana binasının keyfiyyətsiz dam örtüyünü düzəltmək üçün “avrotəmirə” köçmüş həkimlərdən 5 min manat pul yığılır? Xəbərsizdirmi ki, rüşvət verən bunu mütləq pasientlərinin, şagirdlərinin dərisindən çıxarmaq üçün min yola gedəcək?

Təhsilin Məhbubə bacısı

“Tərəqqi” liseyinin direktoru, Nəqliyyat naziri Ziya Məmmədovun və deputat Elton Məmmədovun bacısı, icra başçısı Əhəd Abıyevin gəlini Məhbubə Məmmədovanın orta məktəbin birinci sinfinə qəbul olunmaq istəyən 6 yaşlı uşaqlardan min manat pul yığması ilə bağlı Təhsil Nazirliyinin “qaynar xətt”inə verdiyim məlumatdan 10 gün ötdü, xəbər-ətərsə yoxdur.
Görəsən, “qaynar xətt” saxtakarlığı və rüşvətə qarşı mübarizə görüntüsü bunların nəyinə lazımmış?