Iki Savalan…

Azərbaycanda iki Savalan var: biri Güneydə əsarətdə, fars rejiminin əzici və aşağılayıcı genosid siyasətilə üz-üzə qalmış Savalan, biri də Quzeydə Əliyevlər hakimiyyətinin yaratdığı qeyri-insani və şər rejiminin böhtanla həbsə atdığı Savalan.

Savalanlarımızdan birinin ad günüdür. Cabbar Savalan həbsdə ad gününü qeyd edəcək, xəyallar quracaq, onu şərləyən rejimə lənət oxuyacaq, kameranın dəmir barmaqlıqları arasından görünən Günəşə baxıb indi ondan uzaqda olan, amma elə eyni Günəşin altında dimdik dayanan Savalan dağını da xatırlayacaq. Iki Savalan xəyali olaraq bütün barbar siyəsətləri, qeyri-insani davranış və niyyətləri bir heç kimi öz duruşunda yox edib birləşəcək. Hər iki Savalan  vüqarla meydan oxuyacaq!
Bu ölkənin indiki tarixində iki Savalan var, hər ikisi həbsdədir. Biri dəmir barmaqlıqlar arxasında, o biri isə Günəşin altında məhkumluqdadır. Ancaq mahiyyətdə hər iki Savalanımız onları məhkum edənlərdən azaddılar. Çünki biri ölkənin gücüdür, digəri gəncliyin… Biri tarixdir, digəri tarix yaradan…
Iki Savalan var, biri Güneydə, o biri Quzeydə…
Ikiyə parçalanmış ölkə hər gün qurulan saxta məhkəmələrdə, ölkəsini azad görmək istəyən insanların məhrumiyyət və işgəncələrə məruz qalmasında birləşir. Bakıda qurulan saxta məhkəmələrdən Təbrizdə də qurulur. Burada oxunan saxta ittihamlar, ədalətsiz hökmlər Təbrizdə də səslənir. Buradakı rejimin üzü orada da açılır…
Parçalanmış bir ölkə əzabda birləşir… Mübarizənin, azad olmaq üçün verdiyi savaşın əzabında. Və bu əzabda kamilləşir, tarix yaradır. Elə bu yaradacağı tarixlə də onu məhkum edənlərə “daha belə olmaz, belə yaşamaq istəmirik!” mesajını verir.
Əslində hər iki Savalan öz mahiyyəti, mübarizə ruhunda birləşib, bir olub… Hər ikisi azadlıq istəyir. Amma birinin dağ qürurunda, digərinin qollarında qandal var. Əsarətin acısında birləşiblər. Amma bu son deyil, çünki bir olub ruhda birləşmək bitmir, tükənmir. Əsarətlər davam etdikcə mübarizə, dirəniş də davam edir. Ruhdakı birliyi nə YAP, nə də fars rejimi qıra bilir. Bütün rejimlər mübarizə və dirənişdən aşağıdadır. Azadlıq və qürur bütün rejimlərin mahiyyətindəki hərislikdən üstündür. Cabbar Savalan yAp hakimiyyətindəki saxtakar və yalanla maskalanmışlardan üstündür. Savalan dağı Iran rejiminin mahiyyətindəki saxta insanilikdən yüksəkdədir.
Cabbar Savalan ad günündə barmaqlıqlar arasından baxdığı, doğranmış kimi gördüyü Günəşin hərarətini Savalanın zirvəsində hiss edəcək. Nə zirvəsindəki qarlar dağ Savalanı, nə də kameranın nəmli soyuğu gənc Savalanı üşüdə biləcək. Çünki hər iki Savalanın ruhunda elə bir Günəş var ki… Bu, insan oğlunun azadlığa olan sevgisində yürümək üçün özünə yaratdığı günəşdir. Qaranlıqda azmamaq üçün qarşıdakı işıqdır. Ən çətin və yorğun halında başının üstündə ona işarə verəndir. Ən nəhayət, özgürlüyə susamış insanın susuzluğunu artırıb onu daha inadla “su-azadlıq” tapmaq üçün irəliyə doğru dayanmadan hərəkət etdirən xəyali bir ilğımdır.
Dünyada əbədi imperiyalar, əbədi rejimlər yoxdu. Amma dünyada əbədi olan şeylər var. Bunlar insanlıq durunca hər zaman var olacaq dəyərlərdir. Bu gün hər iki Savalan bu dəyər və əzmi ilə meydan oxuya bilirsə, Azərbaycanın hər iki parçasında milli və insani dəyərlər uğrunda savaş gedirsə, Savalanlar qoşa mübarizə apara bilirsə, Bakı Təbrizin səsinə səs verirsə, deməli, iki Savalan göründüyü qədər də ayrı deyil. Deməli, Azərbaycan göründüyü kimi, parçalanmış deyil. Bu ölkə də bir olub birləşəcək, iki Savalanın bir Savalan olacağı vaxt gələcək. Bu gün əsarətdə olan Savalanlarımız haqq etdiyi azadlığa qovuşacaq.
Orada – Bakının həbsxanasında şərlənərək tutulan 20 yaşlı Savalandan uzaqda olan, amma bir gəncin ürəyində dağ vüqarı ilə dayanıb ona güc verən Savalan uzaqdırmı?!
Uzaq deyil. Uzaq olan Əliyevlər rejiminin Savalanın ürəyində yaratmaq istədiyi qorxudur…
Uzaq olan fars rejiminin Savalan dağının qüruru ilə oynamaq istəyinin gerçəkləşməsidir. Yaxında olansa, iki Savalanın bir olacağı gündür!