“Eurovision-2012” müsabiqəsinin təşkilatçıları Azərbaycan hakimiyyətini vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasına son qoyulmasına, həmçinin siyasi və digər azadlıqların təmin olunmasına çağıran bəyanat verib. Həmin saytda yer alan başqa bir məqalədə deyilir: ”Növbəti müsabiqə avtoritar prezident Ilham Əliyevin idarə etdiyi ölkədə keçiriləcək”.
Onlar əvvəllər Azərbaycanı bu müsabiqəyə qatılmağa çağırırdılar. Indi yenə çağırırlar. Bu dəfə insanpərvərliyə, hüquqa, demokratiyaya, söz və sərbəst toplaşma azadlığına. Eşidilməsələr, çağırmağı dayandırıb, çığıracaq, iş yenə əngələ düşsə, çığırdacaqlar. Dünya artıq bu qərara gəlib: hətta musiqi də demokratiyaya, insanpərvərliyə xidmət etməlidi.
…Azərbaycanın başında duranlar isə insanpərvər deyil. AzTV nə deyir desin. Mən gözümü açıb bu tv-yə inanmaqdansa, gözümü yumub müdrik çinliyə inanaram. Vətəndaşlarını iyrənc üsullarla şərlədib türməyə atdıran, ata-anasını onlara həsrət qoyan, oğul həsrətinə dözməyərək atalarının dünyadan köçməsinə səbəb olan adamın musiqi yarışmasına ev sahibliyi eləməsinin nə anlamı? Axı onlar musiqidən anlamır – bunu Konfutsi deyir: “Insanpərvər olmayan insan musiqidən nə anlar?”
…Görünür, bizim dövlət başçısını Tanrıya inanmağa vadar eləyən musiqiçi yer üzünə gəlməyib. Tanrıya inanmağa vadar olsaydı, sonunda inanardı. Tanrıya inanan insan isə heç vaxt hakimiyyət üçün bu qədər əldən-ayaqdan getməz. Gənclərin cibinə narkotik atdıraraq üzünə “3 manatlıq” şahidlər durğuzub tutdurmaq əməlində Tanrıya inamın heç bir nişanəsini tapmaq olmaz. “Vətəni sevmək də imandandır”, yəni elə Tanrıya inanmaqdır. Deməli o, vətəni də sevmir – bunu Rocer Fray deyir: “Sebastyan Bax məni demək olar ki, Tanrıya inanmağa vadar edir”.
…Yerə-göyə sığmayan ədasından hiss olunur ki, hakimiyyət öz aləmində çox güclü olduğunu və sonunda güclü dövlət yaratdığını zənn edir. O güclü dövlət Qarabağı ala bilmir, ama vətəndaşlarının halal-hümmət evini, malını, mülkünü… canını belə, bir göz qırpımında alır. Bu ölkənin ədəbiyyatçıları hakimiyyətin prozasından “xoşlanır”, hətta onun prozaizminə romanlar, hekayələr bəstələyir, musiqiçilər isə heç xoşlanmır – bunu Lüdviq van Bethoven deyir: “Sizin operanız mənim xoşuma gəldi. Yəqin ki, mən ona musiqi yazaram”.
…”Eurovision-2012″ üçün saray tikirlər, muğam üçün, tar-kaman üçün ev tikirlər.
Ev tikirlər, körpü tikirlər, tualet tikirlər, muzey tikirlər, tikirlər. Və gecə-gündüz musiqidən danışırlar. Danışırlar, danışırlar – bunu Devid Brin deyir: “Musiqidən danışmaqla memarlığa oynamaq arasında fərq yoxdu”.
…Insanpərvər olmayanların musiqini sevməsi mümkün deyil, görəsən, sevdikləri nədir? “Dünyada uşaq qığıltısından böyük simfoniya mövcud deyil”. Övlad istənilən yaşda valideyni üçün körpədi, səsi, danışığı, sözləri, kəlamları belə, yenə də qığıltı olaraq qalır. Həbs edilən hüquq müdafiəçisi Vidadi Isgəndərlinin anası Həbibə xanım da körpəsinin “qığıltısına” həsrət qoyulub. Vidadi inqilabçılığına görə neçə vaxtdı ki, həbsdədi və hələ üç il də I.Əliyevin istəyi ilə anasına baş çəkə bilməz. Oğlunun pul qazanmaq üçün Ukraynaya getdiyini deyirlər, bir ayıbı anadan gizləmək üçün nə oyundan çıxmırlar! Hətta telefonla danışdıqlarını, “yaxınlarda gələcəyəm” dediyini deyirlər. Həbibə xanımsa deyir: “Bəs mənimlə niyə danışmır? Görürsən necə əclafdır? Adam anasıyla danışmaz? Heç eybi yox, qoy gəlsin indi… Əclaf!”.
…Qarşıdan “Eurovision-2012” gəlir. Musiqi gəlir. Musiqi isə həmişə inqilabidi. Həmişə qələbə üçün səslənir. Darıxma, ana, musiqi gələcəksə, demək, oğlun da gələcək. Bunu da Dmitri Şostakoviç deyir: ”Əsl musiqi həmişə inqilabidi, o, insanları birləşdirir, həyəcanlandırır və irəliyə doğru səsləyir”.