Sakinlərin «Qəzzafi» adlandırdığı Yusif Qəmbərov mənzillərinə görə yəhudilərə bir, azərbaycanlılara başqa məbləğ ödəyir
Səməd Vurğun 49 ünvanında yerləşən 3 mərtəbəli binanın daha bir sakini redaksiyamıza müraciət edərək pozulan hüquqlarından danışıb. S.Vurğun 49 ünvanında yaşayan Zülfiyyə Hacıyevanın vəkili Seyid Mirfeyzulla redaksiyamıza müraciət edərək bildirdi ki, qədim binada yaşayan sakinlər iradələrinə zidd olaraq evlərindən çıxarılır. Qeyd edək ki, 1867-ci ildə tikilən bu binada 22 ailə ilə yanaşı həm də “Zamin Bank”ın baş ofisi yerləşir. “Zamin Bank”ın binayla bağlı planları barədə bir qədər sonra.
Vəkilin sözlərinə görə, sakinlərin köçürülməsi üzrə yaradılan dövlət komissiyası vətəndaşları aldatmaqla məşğuldur. Komissiyada isə əsas aktivliyi Əmlak Komitəsinin nümayəndəsi Yusif Qəmbərov nümayiş etdirir. Əmlak Komitəsinin sədri Kərəm Həsənovun dayısı oğlu olan Y.Qəmbərovun sayğısız davranışına görə sakinlər ona “Qəzzafi” ləqəbini veriblər: “Əmlak Komitəsinin nümayəndəsi Yusif Qəmbərov sakinlərlə çox pis davranır. Mənzillərindən köçmək istəməyənlərin evlərini başına uçuracağını deyir və onunla bağlı şikayətlərin də heç bir fayda verməyəcəyini söyləyir. Sakinlərə mənzillərinə görə edilən təklif isə olduqca gülüncdür. Altmış kvadrat metrə qədər sahəsi olan mənzillərin sakinlərinə hər kvadrata görə 1500 manat təklif edirlər. Şəhərin mərkəzində hazırda evə sahib olan şəxslərin özlərinə əldə etdikləri pula şəhərin mərkəzində ev almaları mümkün deyil. Altmış kvadrat metrdən artıq sahəsi olan mənzillərin sakinlərinə isə ”Azinko”nun inşa etdiyi binalarda mənzillər təklif edirlər. Bu binalara isə sakinlər köçmək istəmir. Birincisi, həmin binaların təhlükəsizliyinə inanmırlar. Ikincisi isə köçürmə üzrə komissiya evləri kvadratına görə 500-600 manat olduğunu deyir, “Azinko” isə mənzilləri sakinlərə 800-1000 manata rəsmiləşdirərək dövlət vəsaitini mənimsəmək istəyir”.
S.Mirfeyzulla diqqətimizə daha bir şokedici məlumatı da çatdırdı. Vəkilin mötəbər mənbədən əldə etdiyi informasiyaya görə, binada yaşayan qeyri-millətin nümayəndələri Azərbaycan vətəndaşlarından fərqli olaraq daha xoş rəftar və fərqli münasibətlə üzləşiblər. Bəzi informasiyalara görə, binada yaşayan bir neçə yəhudi ailəsinin mənzilinin kvadrat metri 2500 manatdan alınıb.
Xatırladaq ki, bir müddət əvvəl eyni binanın sakini, siyasi məhbus Tural Abbaslının anası Başxanım Abbasovaya müraciət edərək oxşar problemlərlə üzləşdiyini bildirmişdi. B.Abbasovanın sözlərinə görə, sakinlərin binadan köçürülməsinin arxasında “Zamin Bank”ın rəhbəri Nadir Ismayılov dayanır. Belə ki, gəzən söz-söhbətə görə, paytaxtdakı söküntü prosesindən istifadə etmək istəyən N.Ismayılov qədimi binanın yerində bankına yeni bina tikmək istəyir. Və yaranmış hərc-mərclikdən istifadə edərək sakinləri yaşadıqları mənzillərdən dövlət hesabına çıxarır. Daha bir maraqlı məlumat sözügedən binanın fasadının təmirinə bu yaxınlarda 1 milyon manat pulun xərclənməsidir.
Hikmət



