Naxçıvan «xan»ı «anti-korrupsiya» tədbirləri çərçivəsində «yoxlamalara» başlayıb
Naxçıvan “xan”ı Vasif Talıbov da “anti-korrupsiya” tədbirlərinə başlayıb. Bu barədə bizimxəbər.com saytı məlumat yayıb. Məlumatlara görə, Vasif Talıbov bir neçə gün əvvəl rayon icra hakimiyyətlərində ciddi yoxlama aparılması əmrini verib. Naxçıvan və ətraf rayonların bütün iri məmurlarının əmlakları bir-bir araşdırılmağa başlanılıb.
Talıbovun qəzəbinə tuş gələn isə Şahbuz rayon Icra Hakimiyyətinin başçısı Nurəddin Quliyev olub. Talıbovun əmri ilə sözügedən Icra Hakimiyyətində ciddi maliyyə yoxlamalarına start verilib. Eyni zamanda Quliyevin sahib olduğu əmlakı da müsadirə olunub.
Nurəddin Quliyev icra başçısı olmaqla yanaşı, həm də iri sahibkardır. Onun rayonda saya gəlməyəcək qədər iri buynuzlu mal-qaraları var. Talıbovun əmri ilə Quliyevin heyvanlarının qaldığı bütün yataqlar darmadağın edilib. Heyvanlar isə damğalanaraq dövlətin balansına verilib. Aldığımız məlumata görə, Nurəddin Quliyevin icra başçısı postunda qalıb-qalmamaq məsələsi də müzakirə olunur.
Bundan başqa, Nurəddin Quliyevin qardaşı Hüsaməddin Quliyev Dövlət Sosial Müdafiə Fondunun Şahbuz rayon şöbəsinin rəhbəri işləyir. Artıq Talıbovun əmri ilə həmin şöbədə də maliyyə yoxlamalarına başlanılıb. Bir neçə gün əvvəl aparılan yoxlamalar zamanı 330 min manat dəyərində yeyinti aşkarlanıb. Hüsaməddin Quliyev rayon polis şöbəsinə aparılıb. Orada iki gün saxlanıldıqdan sonra azad edilib.



