Azadlıq meydanı “qaraj”a çevrilir

Milyonların üz tutduğu ölkənin ən böyük meydanında hakimiyyət yeraltı dayanacaq və metro stansiyası tikir

 

1988-ci il, noyabrın 17-də Bakının əsas meydanında Mərkəzi Komitənin xalqa qarşı apardığı antiAzərbaycan siyasətinə etiraz əlaməti olaraq ölkə ictimaiyyətinin mitinqi oldu. Xalq hərəkatı Bakının ən böyük meydanına milyonlarla insanın toplaşması ilə başladı. Ilk dəfə 1988-ci ilin meydan hərəkatı zamanı Lenin meydanı Azadlıq meydanı adlandırıldı. 20 Yanvar hadisələrindən sonra isə meydanın yeni adı rəsmiləşdirildi. Meydanda – Hökumət evinin qarşısında Leninin nəhəng heykəli aşırıldı. Bu gün onun yerində Azərbaycan bayrağı dalğalanır. Bundan sonra isə…

 

Əvvəl meydan, indi maşın dayanacağı, sonra isə…

Azadlıq meydanı hasarlanıb. Meydanın maşın yolu olan hissəsi başdan-başa borularla “bəzədilib”. Fəhlələr yeni hasara “müvəqqəti narahatçılığa görə üzr istəyirik” yazılmış xahiş dolu plakatları vurmağa başlayıblar. Ancaq heç bir halda üzr qəbul edilə bilməz. Nə vaxta qədər ki, xalqın Azadlıq Meydanı insanların üzünə qapalıdır; nə vaxta qədər ki, insanlar öz sözünü bu meydanda deyə bilməyəcəklər; nə vaxta qədər ki, bu meydan yalnız maşın dayanacağı kimi istifadə olunacaq…

Indinin özündə də Azadlıq meydanı maşın dayanacağı kimi istifadə edilir. Baxmayaraq ki, ərazinin bir hissəsi “ələ keçməz qala” təsirini bağışlayır. “Stoyanka”da yerhaqqı da şəhərin digər ərazilərində olduğu kimi 40-50 qəpikdir. Bir qədər imkanlı maşın sahibləri gözətçiyə 1 manat da verirlər. Üstəlik, Zərifə Əliyeva prospekti və yolun “Cavanşir” körpüsü ilə birləşən hissəsi təmir olunduğundan, Xətai prospektindən gələn maşınlar “Hökumət evi”nin yanından dönüb Azadlıq meydanı ilə ikitərəfli hərəkət edir. Necə deyərlər, meydan da yaddan çıxıb, azadlıq da.
Bizimlə söhbət edən fəhlələrdən biri deyir ki, ərazini hasarlamaqda məqsəd “qaraj”ın tikilməsidir: “Burada ikimərtəbəli yeraltı qaraj tikiləcək. Hələlik deyiblər ki, ərazini hasara alaq. Bundan sonra nə olacağını, işi kimlərin aparacağını, burada bizim də çalışıb-çalışmamağımıza aydınlıq gətiriləcək. Hələ ki, bizə hasara almaq tapşırılıb”.
Ərazidə “stoyanka”ya nəzarət edən gözətçilərdən biri deyir ki, maşınların sayı çox olduğundan bəzən burada yer tapılmır: “Yəqin ki, məhz buna görə, hökumət belə qərar verib. Mən bunu dəstəkləyirəm. Burada tez bir zamanda “qaraj” tikilsə, işimizə çox yarayar. Çatdıra bilmirik, o qədər maşın var ki. Əksəriyyəti səhər gəlib axşam gedir. Qaraj tikilsə, yerimiz təxminən 3 dəfə artacaq. Yaxşı xidmət edərik”.
Gözətçidən günə nə qədər pul qazandığını soruşduqda “Pis deyil, Allah bərəkət versin. Uşaqlarımızı yedirdə bilirik” cavabını söyləyir. Sonra da yarızarafat-yarıgerçək “bacıoğlu, incimə, nə edək? Vaxt vardı bura insanlar toplaşardı, indi maşınlar “toplaşır”. Əlimizdən başqa nə gəlir ki?” sözlərini deyir.

Metrostansiya, yoxsa maşın dayanacağı?

Bakı Metropolitenində üçüncü xəttin tikintisinə başlanıb. Yeni xətt Bakı Beynəlxalq Avtovağzalında tikilən metro stansiyasını “Azadlıq meydanı” ilə birləşdirəcək.
Bakı Metropoliteni rəisinin müavini Arif Rəsulov aylar öncə mətbuata açıqlamasında söyləmişdi. Bildirmişdi ki, adıçəkilən metro xətti 6 stansiyadan ibarət olacaq: “Xəttin ilk stansiyası “Avtovağzal”, ikincisi – “Memar Əcəmi” olacaq. Bu məqsədlə “Memar Əcəmi” keçid stansiyasına çevriləcək. Metro xəttinin 3-cü stansiyası “Papanin” adlanan ərazidə – təqribən “Xutor dairəsi”nin ətrafında olacaq.
Dördüncü stansiya Heydər Əliyev adına Idman-Konsert Kompleksi ərazisində olacaq. Oradan bir neçə istiqamətə – kompleksin özünə, Cəlil Məmmədquluzadə küçəsinə, eləcə də Tbilisi prospektinə çıxışlar olacaq.
Metro xəttinin 5-ci stansiyası isə şəhərin mərkəzində – Heydər Əliyev Sarayının arxa hissəsində salınacaq. Bu stansiyanın 4-5 çıxışı nəzərdə tutulub. Burdan metro xətti şəhərin mərkəzinə və dənizə doğru davam edəcək və “Azadlıq meydanı”nda tamamlanacaq. Artıq metronun yeni “Avtovağzal” stansiyasında 2 paralel tunelin qazıntısına başlanıb.
Stansiyaların tikintisi sürətlə aparılacaq. 2015-16-cı illərdə xəttin ilk üç stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. “Azadlıq meydanı”na isə metro ən geci 2018-ci ildə çatacaq”.
Göründüyü kimi, burada həm yeraltı maşın dayanacağı, həm də metrostansiya tikiləcək. Əliyevlər hökumətinin məqsədi nə yolla olursa olsun “Azadlıq meydanı”nı qapatmaq, giriş-çıxışı məhdudlaşdırmaqdır. Təki bəni-adəmin ayağı bura dəyməsin. Qalan işlər isə boş şeydir…

***

Son illər daha çox ölkəyə yeni gətirilən avtomobillərin təqdimat mərasimi burada olur. Hətta dövlət başçısı onları sınaqdan da bu meydanda keçirir. Bir sözlə, meydana ölkənin ən böyük avtomobil dayanacağı da demək olar. Bir vaxtlar Azadlıq aşiqlərini – nümayişçiləri ağuşuna alan meydan indi cansız texnikanın nümayiş olunduğu məkana döndərilib.
Azadlıq meydanı həm də konsert proqramlarının keçirildiyi məkan kimi də son illər məşhurlaşıb. Yazıqlar olsun…

Ramin DEKO