“WikiLeaks” yenə Əli Kərimlidən yazıb

Rino Harnişin AXCP sədri ilə vida görüşündə nələr müzakirə olunub?

«2005-ci il noyabrın 26-da keçirilən mitinqin zorakılıqlarla dağıdılmasından sonra ilk dəfə etiraz aksiyalarının keçirilməsinə AXCP-nin cəhd etməsi haqda səfirlikdə məlumat olub»

“WikiLeaks” saytı yenidən AXCP sədri Əli Kərimli barədə yazıb. 17 aprel 2006-cı ildə ABŞ səfiri Rino Harniş ilə söhbətdən bəhs edən materialda diqqəti çəkən bir çox məsələlər var. Insan haqları və demokratiya, sərbəst toplaşmaq azadlığının olmaması kimi əsas məsələlərin müzakirə olunduğu görüşdə kim nə deyib?
Rino Harnişin fəaliyyət müddətinin başa çatması münasibətilə AXCP sədri Əli Kərimli ilə keçirilən vida görüşü zamanı Azərbaycandakı ictimai-siyasi vəziyyət, qarşıdan gələn əlavə parlament seçkiləri və s. məsələlər müzakirə olunub. Diplomat ABŞ hökumətinin Azərbaycanda demokratiyanın inkişafı istiqamətində bundan sonra görəcəyi işlər, bu istiqamətdə prinsipial mövqe sərgiləyəcəyini AXCP sədrinin diqqətinə çatdırıb. Səfir mayın 13-də keçiriləcək əlavə seçkiləri boykot etmək barədə qərar verən AXCP-nin prosesi yaxından izləməsini Əli Kərimlidən xahiş edib. Harniş ABŞ hökumətinin Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, parlament, insan haqları və seçkilərə hörmət olunması istiqamətində fəaliyyətini artıracağını bildirib.
Səfir 2005-ci il seçkiləri zamanı seçicilərin barmaqlarının mürəkkəblənməsi, exit-polun keçirilməsi, yerli müşahidəçilərin qeydiyyata alınması üçün qoyulan qadağaların aradan qaldırılması kimi müsbət halların baş verdiyini də AXCP sədrinin diqqətinə çatdırıb. AXCP sədri ABŞ səfirinə ölkəmizdə demokratiyanın inkişafında göstərdiyi cəhdlərinə görə təşəkkürünü bildirərək Azərbaycanda vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinin, demokratiya və insan haqlarının bərqərar olmasının daha çox ölkə vətəndaşlarından asılı olduğunu vurğulayıb. AXCP sədri qeyd edib ki, təəssüf ki, ABŞ səfirinin göstərdiyi cəhdlər nəticəsiz qalıb. Əli Kərimli ümumi olaraq ötən il keçirilən parlament seçkilərinin kütləvi saxtakarlıq hallarının baş verməsindən məyus olduğunu da səfirin diqqətinə çatdırıb. Kərimli səfirə deyib ki, gərək o, ABŞ rəsmilərini demokratiya və insan haqlarının məhdudlaşdırılmasına görə Azərbaycan hökumətinə təzyiqlərini artırmalı olduğuna inandırsın. AXCP sədri xüsusilə qeyd etdi ki, yaxşı olardı ki, ABŞ prezidenti Corc Buş Ilham Əliyevlə görüşü zamanı Azərbaycan rəhbərinə demokratiya mesajı versin.
Diplomat AXCP sədrinin diqqətinə çatdırıb ki, demokratiya və insan haqları məsələsi Buş administrasiyasının xarici siyasətinin prioritetlərindən olub. Səfir ABŞ-ın yüksək səviyyəli rəsmilərinin, dövlət katibinin müavini Dobryanskinin Azərbaycana səfərlərini xatırladaraq, Senat və Konqresin xarici əlaqələr komitəsində Azərbaycanda demokratiyanın durumuna görə narahatlıq keçirdiklərini və bu narahatlıqları dilə gətirdiyini partiya sədrinə söyləyib.
Mayın 13-də keçiriləcək parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyətin sönük keçməsinə toxunan Əli Kərimli bunu insanların seçki sisteminə, demokratik seçkilərin baş tutmasına olan inamsızlığından qaynaqlandığını Harnişin diqqətinə çatdırıb. AXCP sədri insanlarda seçkilərə, prosesin azad və ədalətli keçiriləcəyinə olan inamı və eləcə də vətəndaşların ABŞ hökumətindən gözlədiklərinin reallaşmaması nəticəsində insanlarda yaranmış inamsızlığı da aradan qaldırmaq üçün ciddi addımlar atılmalıdır. Bununla yanaşı ABŞ hökumətinin də prosesə dəstək verməli və daha artıq diqqət ayırmalı olduğunu da bildirib. Səfir müxalifət liderinin diqqətinə çatdırıb ki, ABŞ hökuməti seçki prosesinin, seçkilərin azad və ədalətli keçirilməsi istiqamətində Azərbaycan hökumətinə təzyiqlər göstərib. Həmçinin mövcud problemlərin həllinə, xüsusən də insanların seçkilərə olan inamsızlığının aradan qaldırılmasına yönəlik tədbirlərin görülməsinə görə də çalışıb. Səfir əlavə edib ki, ABŞ yalnız demokratiyaya pəncərə aça bilər, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasına çalışanlar isə daha fəal olmalı, insanlarla mütəmadi əlaqə saxlamalı, proseslərdə yaxından iştirak etməli və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsinə çalışmalı, fəal olmalıdır. Diplomat bildirib ki, ABŞ hökuməti yalnız demokratiyanın inkişafına dəstək və öz təkliflərini irəli sürə bilər. Kərimli öz növbəsində əlavə edib ki, sadalanan nöqsanlar insanların deyil, “repressiv və polis” rejiminin yürütdüyü siyasət nəticəsində yaranıb. Çünki vətəndaş cəmiyyətinin fəalları Azərbaycan hakimiyyəti ilə qeyri-bərabər şərtlər daxilində, hökumətin repressiv addımlarıyla üzləşmələri bahasına mübarizə aparıblar və bundan sonra da mübarizələrini davam etdirəcəklər.
AXCP sədri səfirin diqqətinə çatdırıb ki, Azərbaycanda keçirilən son seçkilərdən sonrakı müddət ərzində ölkədə ictimai-siyasi vəziyyət getdikcə daha da pisləşib. Müxalifət lideri buna sübut olaraq “Yeni Fikir” gənclər təşkilatının üzvlərinin məhkəmə prosesinin qapalı keçirilməsi, ölkədə siyasi məhbusların sayının artması, AXCP-nin dinc etiraz aksiyalarının keçirilməsi haqda müraciətlərinə rədd cavabının verilməsi kimi halları sadalayıb. (Qeyd:2005-ci il noyabrın 26-da keçirilən mitinqin zorakılıqlarla dağıdılmasından sonra ilk dəfə etiraz aksiyalarının keçirilməsinə AXCP-nin cəhd etməsi haqda səfirlikdə məlumat olub). Diplomat Əli Kərimlidən xahiş edib ki, AXCP üzləşdiyi problemlərlə bağlı səfirliklə mütəmadi informasiya mübadiləsi aparsın. Səfir onu da əlavə edib ki, ABŞ hökuməti bundan sonra da sərbəst toplaşmaq azadlığının bərpa olunması, seçicilərlə görüşlərin keçirilməsi və bu kimi məsələlər barədə bütün partiyaların iştirakı ilə müzakirələrin aparılmasını davam etdirəcək. …