Yox, deyəsən gerçəkdən bu hakimiyyətin əcəli su ilə gələcək.
Ölkəni daşqınlar başına aldı – hələ də altından çıxa bilmirlər. Sabirabadlılar həftədə bir dəfə üsyan məşqi eləyir, haqlarını yeyənlərin yediklərini burunlarından piltə-piltə tökməyə çalışırlar.
Jurnalistlərə tikiləsi binanın özülündən su fontan vurdu. Naxçıvanda isə biabırçılıq boğaza çıxıb. Nehrəm kəndində sakinlərin su tələbi ilə keçirdikləri aksiya zamanı Nehrəm kənd Sudan Istifadə Edənlər Birliyinin sədri Cəmşid Həsənov və Babək Rayon Polis Şöbəsinin əməkdaşları camaatı fiziki və mənəvi təzyiqə məruz qoyub, Yaşar Bağırsoy və Zeynal Bağırzadə qardaşlarına amansızlıq göstəriblər.
Əsl həngamə isə Bakıda baş verib. Özü də ötən ildən üzü bəri. Aləm dəyib bir-birinə. Təkcə aləm yox, ölkənin ən iri məmurları bir-biri ilə su üstündə qırğına çıxıb. Buna hamam suyu da demək olar, çünki bunlar bütün dostlarını bu cür suların hesabına tuturlar. Zalım uşağı elə bil yüz ilmiş su üzünə həsrətmişlər.Hə, qəzetlər yazır ki, Neftin böyüyü suyun böyüyünə quyu qazıb. Əslində, suyun böyüyü quyunu öz-özünə qazıb, hətta elə gen qazıb ki, özünün də böyüyü o quyuya düşə bilər. Gör, nə qədər qudurub, nə qədər arxayın olublar ki, hətta dövlət başçısının protokolunu veclərinə almadan min hoqqadan çıxıblar – 70 min avroluq nasosu özəl şirkətə 50 min dollara satan kim, Ceyranbatanın suyunu Oğuz-Qəbələ suyu adıyla borulara dolduran kim, prezidentin su içməsi üçün Oğuz suyundan başqa boruya vuran kim… Nasoslar od tutub yanır, borular partlayır və dövlət başçısının lent kəsmək kimi vacib törəni təhlükə altına düşür. Bir yandan gecəynən Neftin böyüyü özünü hadisə yerinə yetirir, o yandan Məclis müdiri suyun başçısı ilə birgə qıy vurub gəlir, özəl şirkətə satılan dövlət nasosunu geri gətirirlər, nə isə Oğuz-Qəbələ Bakıya gəlib çıxmır ki, çıxmır.
Sən demə, su məsələsi milli mafiyaların çaxnaşmasına belə səbəb olubmuş. “Azadlıq”a inansaq, qısa müddətdə su kəmərində problemlərin yaranması “yuxarıları” qəzəbləndirib və suyun müdirinin “qələmi sındırılıb”. Bundan istifadə edən hakimiyyətdəki kürd qruplaşması isə Azərbaycan Dövlət Neft Şirkətinin prezidentinin vasitəsilə “Azərsu”nu nəzarətə götürüb. Deyəsən, bu məsələnin üstündən hələ çox sular axacaq, kimi yaş yuyub quru sərəcəklər, kimi suya verəcəklər, kimi suda boğacaqlar, bunları hələ qarşıda görəcəyik.
Hər nədisə, bu rejimə zavalın sudan gələcəyinə inamım getdikcə artır. Suda hikmətə bax ki, nasosu yandırır, borunu partladır, bir anda arxalı mirabın gəmilərini dəryada qərq eləyir, hətta dövlət başçısının lent kəsməsini belə, şübhə altına salır. Ama kimə deyirsən? Bunlar nə anlar suyun hikmətindən… Nə anlarlar dama-dama su neynər…
Oğuz-Qəbələ su kəmərinin açılışının olacağı həmin o 2010-cu ilin qışından bəri, az qala hər gün atam soruşur ki, bəs, bala, nə oldu, o su gəlib sizə çatmadımı? Nədi-nədi, AzTV deyib ki, bizim rayona da bu sudan veriləcək, özü də gecə-gündüz. Hələ o vaxt dedim ki, kişi, özünü çox həvəsləndirmə, bu hökumətdən bizə pay çatmaz. Davamız düşdü. Daha doğrusu, kişi məni asıb-kəsməyə başladı, hakimiyyətin uğurlarını görməməkdə suçlayan bir havayla əsib-coşdu, qaşlarını düyünləməklə bu qədər haqsız olmamağa dəvət elədi. Mən dəvəti qəbul eləyib, tonqalda yanmaqdan canımı qurtarsam da, sonunda dedim, axı, yer fırlanır…
Bu yandan da islamçıları dənləyirlər. Indi orucluqdu, hələ ki, su elə də tələbatlı deyil, sonra Qurban gələcək, qan su yerinə axacaq, ondan sonra da məhərrəmlik. Qətl onda sınacaq.