Bəli, hörmətli oxucular, Azərbaycan adına çox utancverici günlərdən keçirik. Hamılıqla bu bir dəstə yarıtmazın, işbilməzin sayəsində ölkənin qüruru ayaqlar altında çeynənməkdə, məmləkət oyuncağa çevrilməkdədir.
Mən bir neçə gün əvvəl Irandan Azərbaycana gələn hədələri nəzərdə tuturam. Düzdü, indi rejimin yandaş mirzələri qələmə sarılıb o hədələrin sadəcə, Ilham Əliyevlə bağlı bölümünə cavab verməkdədirlər. Amma Iran generalının məlum bəyanatında ümumilikdə Azərbaycanı bir aşağılama tonu, onu Iranın bir əyaləti kimi görmək cəhdi vardı.
Mən o generalı əsla və əsla qınamıram. Ondan başqa cür münasibət təəccüblü olardı. Qoy, Azərbaycanı bu yerlərə gətirənlər utansın! Sayələrində məmləkət kimsənin ciddiyə almadığı, hesablaşmadığı, hər kəsin rahatlıqla xor görə bildiyi bir ölkəyə çevrildi. Illərcə siyasət adına doğru-dürüst heç nə ilə məşğul olmadılar – gah Iranın, gah Rusiyanın qoltuğuna girdilər. Rusiya ilə xiyar əyri bitəndə Qərbin ortağı kimi görünməyə çalışdılar. Iranlı əyişən kimi, Türkiyənin ayaqlarına qapandılar.
Məmləkəti idarə etməyə ağıl və zəkaları çatmadığı üçün bir gözləri daim Moskvadan, Vaşinqtondan, Tehrandan göndərilən direktivlərdə oldu. Azərbaycana sahiblik etmədilər, böyük güclərə köləlik etdilər və yenə də etməkdədirlər. Tək bacardıqları iş hakimiyyətlərini qorumaq üçün bütün kirli bazarlıqlara, qaranlıq sövdələşmələrə getməkdir.
Və sonuc göz önündədir: hansısa bir Iran generalı qalxıb rahat-rahat Azərbaycanı aşağılaya bilir!Bu gün rejimin qabından yallananlar Iran generalının Ilham Əliyevə hədə tonunda mesajlarından müxalifətin sevincək olması barədə üyüdüb-tökürlər. Oysa azacıq şərəfləri olsa, azacıq cəsarətləri çatsa, yapışarlar əlahəzrətin yaxasından, hesab istəyərlər ondan. Soruşarlar ki, bütün bunlar niyə baş verir? Hardan alır bir Iran generalı bu məmləkəti öz ölkəsinin bir əyaləti kimi görmək cəsarətini?Bir il əvvəl hansısa Iran ayətullahı bir az təpinən kimi qərarını dəyişdi Ilham Əliyev. Rejim qulbeçələrinin bir az da olsun əxlaqı qalsaydı, oturub düşünərdilər: hansısa Iran ayətullahının qarşısından qaçan bir zehniyyətə bu ölkə etibar edilə bilərmi? Dünən o Iran ayətullahının qarşısından qaçan bir zehniyyət, bu gün bir Iran generalından o hədələri eşitməyi haqq etmirmi? Bəyəm bunlar öz dilləri ilə demədilərmi Iranın qorxusundan Türkiyəylə vizanı ləğv edə bilmirlər?
Bundan sonra biz nədən danışırıq? Bundan sonra nə hörməti, nə urvatı olar bu ölkənin? Bundan sonra bu ölkə ilə hər yerindən duran təhqir, təhdid tonunda danışmasın, neyləsin?
***
Və ən əsası: millətin və məmləkətin qürurunun yad ağızlarda saqqız kimi çeynənməsinə yaşıl işıq yandıran, bu vətəni başqalarının gözündə kiçiltdikcə kiçildən bir zehniyyət hələ də utanmadan Elçibəyin ruhunu incitməyə davam edir. Onun ailəsinin işığını kəsir. Beş-üç manatlıq işıqpulu borcuna görə.Oysa tam tərsinədir: bu ölkədə hər vicdanlı vətəndaşın, hər ləyaqətli azərbaycanlının Elçibəyə heç vaxt bitməyəcək, heç bir məbləğlə ifadə olunmayacaq bir borcu var. Bu ölkədə qaranlıq hələ də hər yerə hakim deyilsə, bu ölkə zülmətə tam təslim olmayıbsa, bu, Elçibəyin işığına görədir. Amma onun ailəsinin işıqpuluna görə işığını kəsir bunlar.
Ondansa oturub düşünsünlər: bu gün Azərbaycanla, hər nə qədər ora zorla, zopa ilə otursa da, Azərbaycanın təpəsindəki adamla təhdid, təhqir dilində danışanlar Elçibəylə niyə eyni dildə danışmadılar heç vaxt?
“Elçibəy millətini, vətənini sevən adam idi, amma gərək prezident olmayaydı” deyə zəvzəkləyənlər papaqlarını qarşılarına qoyub fikirləşsinlər: niyə Elçibəyin zamanında da Azərbaycan aşağılanmırdı, heçə sayılmırdı? Niyə onda da Azərbaycanın ünvanına güldən ağır söz deyən ayətullahlar, generallar yox idi?Sadə səbəbdən: Elçibəy gücünü imperialist qüvvələrin, transmilli korporasiyaların, iri güclərin çirkli bazarlıqlarından yox, xalqdan alırdı. Hər kəs Elçibəyin arxasında bir xalq iradəsini görür, ya buna sayğı duyur, ya da bundan çəkinirdi, dilini dinməz yerinə qoyurdu.
Amma eyni münasibət Əliyevlərə olmadı, ola da bilməzdi. Onları Azərbaycanda taxta oturdanlar onlarla necə rəftar edəcəklərinə özləri qərar verirlər.Elçibəyin siyasi zəkasına zaman-zaman ironiya edən yaptokratlar indi başa düşürlərmi əslində Bütöv Azərbaycan ideyası nə üçün idi? Indi anlayırlarmı ki, bu ideyanı diri tutmaqla, bu ideyanı gücləndirməklə Elçibəy əslində Iranı yerində dinc oturmağa, dilini yumşaq yerinə qoymağa məcbur etmişdi. Yaptokratların lağlağı obyektinə çevirdikləri Elçibəy, Azərbaycanı Iranla hədə dilində danışan bir ölkəyə çevirmişdi, amma onların “dünya şöhrətli siyasətçisi” və onun oğlunun sayəsində bu gün Azərbaycan Iran qarşısında qorxan, əzilən, sinən bir ölkəyə çevrilib.
Utanmadan da deyirlər, “Elçibəy gərək prezident olmayaydı”. Niyə olmayaydı? Bu gün Azərbaycanın qürurunun hansısa ayətullahların, generalların rahat-rahat aşağılaya bilməsimi üçün? Azərbaycanın kimsənin hesablaşmadığı, hər yerindən duranın heçə saydığı bir ölkə olmasımı üçün?Axı kor da görür ki, bu gün Azərbaycana az-çox qoyulan hörmət el arasında pullu bir kişiyə qoyulan hörmətdən artıq deyil. Bu ölkəyə qoyulan az-çox hörmət əslində, neft buruqlarına, “Şahdəniz”ə qoyulan hörmətdən başqa bir şey deyil.
Axı bu gün dünyada gerçəkdən də sayğı sahibi olmaq üçün öncə modern, çağdaş, dünyəvi dəyərlərin sahibi olmaq lazımdır. 21-ci əsrdə orta çağ zehniyyəti, feodal təfəkkürrü ilə yönəldilən bir ölkə necə sayğın, sözükeçən ola bilər?
Axı bu gün allahın bir telekanal müxbirinin “siz özünüzü kral kimi hiss edirsinizmi?” sualı ilə qarşı-qarşıya qalan adamın başında dayandığı ölkəyə dünyada hansı hörmət ola bilər?
***
Uzun sözün qısası, ayıbınıza kor olun, yığışdırın artıq “Elçibəy gərək prezident olmayaydı” nağıllarını…Siz ondan danışın ki, gərək Ilham Əliyev kral olmayaydı. Budur əsas məsələ!Budur, budur, budur!!!