Diktatorlar niyə oxuyur?

Hə, Türkmənistanın prezidenti darıxdı, darıxdı, dözmədi və oxudu… Tarixdə oxuyan tiranlar çox olub, elə Neronu yada salaq. Deyilənlərə görə, Neron da insanları meydana yığıb oxuyurmuş. Indi də Türkmənistan prezidenti xalqı böyük bir zala yığdı və oxudu. Xalq da ayaq üstə duraraq onu xalis estrada ulduzu kimi alqışladı. Mən türkmən prezidentini qınamıram. Bu adam özünü öz ölkəsində tənha hiss edir, darıxır. Bilir ki, nə etsə, nə desə, hətta axmaq bir iş yapsa da, hamı onu tərifləyəcək, göylərə qaldıracaq. Ona görə də mən bilmirəm ki, günah kimdədir, kimdir günahkar? Bəzən xoşlamadığımız və razılaşmadığımız fikirləri də yada salmaq məcburiyyətində qalırıq. Onlardan biri də budur ki, hər bir xalq öz liderinə layiqdir! Bəli, məni diktatura, yaxud da avtoritar rejimlə təəccübləndirmək mümkün deyil, o qədər görmüşəm ki!

Elə siz də görmüsünüz. Yadınıza gəlirmi, L.Brejnevin L.Tolstoyun “Hərb və sülh” romanı ilə bir səviyyəyə qoyulan üç kiçikcə kitabçası? Amma Brejnev belə öz fantaziyasına görə, məsələn, S.Türkmənbaşıdan çox geri qalırdı, o, türkmənlər üçün din yaratmaq, “Ruhnamə” kimi kitab yazmaq fikrinə düşüb eləməmişdi. Onun iddiaları kiçik idi, istəyirdi ki, onu sovet rejiminin fədakar qurucularından biri kimi qəbul etsinlər, heç olmasa, Stalin kimi pərəstiş edib sevsinlər! Amma alınmadı, o, Stalin ola bilmədi. Burada mən heç də Stalinə bəraət qazandırmaq fikrində deyiləm. O da çox tragikomik şəxsiyyət idi. Iki detal deyəcəm. Stalin rus dilindən savayı bir dil bilmədiyinə və bu dildə də dəhşətli gürcü ləhcəsi ilə danışmasına baxmayaraq, dilçi alimlərlə polemika edir, dilçiliyin nəzəri problemləri haqda “elmi məqalələr” yazırdı! Digər bir detalı isə akademik Y.Xariton xatırlayır. O yazırdı ki, bir dəfə Kremlin özünə iclasa dəvət olunubmuş. Otağa girərkən gözlərilə Stalini axtarır, amma onu tapa bilmir. Yalnız L.Beriya gözlərilə balaca bir adamı göstərəndən sonra o, Stalini tanıyır. Bəli, balaca adam hamının canlı-cüssəli təsəvvür etdiyi və heykəllərdə təkcə bığları, az qala bir adam boyda təsvir edilən Stalin idi!

Iki aktyorun teatrı

Medvedevin hərəkətlərini izləyirəm. Yazıq az qala dəridən-qabıqdan çıxır, bilmir ki, özünə necə siyasi obraz yaratsın! Rusiya siyasəti indi iki aktyorun teatrıdır – aktyorlardan biri Medvedev, digəri isə Putindir! Bunlar nə etmir – gah idmançı olurlar, gah balıq tuturlar… Bəlkə bütün bunların əvəzinə bir iş görmək və işə görə sevilmək daha yaxşı olardı? Yadıma özümüzdən xatirə düşdü. AXC-nin hakimiyyətdə olduğu vaxt idi. Qurultay gedirdi. Bir nəfər çıxış edib dedi ki, təbliğatı gücləndirmək lazımdır. Ə.Elçibəy qayıtdı ki, bəy, bu təbliğata xərclənəcək pulları elə insanların problemlərinə sərf etsək daha yaxşı olmazmı? Həqiqətən ibrətamiz hadisə idi…

Bir az da müxalifətin yol xəritəsi haqda

Bilmirəm, nədən başlayım. Gərək, əvvəlcə onu deyim ki, bu vaxta qədər bir çox münaqişələrlə, problemlərlə bağlı yol xəritələri hazırlanıb. Onlara ötəri nəzər salmaq lazımdır. Bu xəritələrdə iki məsələ diqqətdə olur – prioritetlər və xronoloji iyerarxiya. Hər məsələ üçün mərhələ seçilir, tarix müəyyən olur.Indiki layihə proqrama oxşayır. Təsəvvür edin ki, indidən ölkənin parlament respublikasına çevrilməsini tələb edirik! Təbii, belə olmaz. Hətta Suriya tək qarışıq ölkədəki proseslərdə belə sistem var: siyasi məhbuslar azad edildi, fövqəladə rejim götürüldü, digər partiyaların fəaliyyət göstərməsinə şərait yaradıldı. Bizim müxalitət üçün birinci mərhələ nə olmalıdır? Ölkədə şərti çoxpartiyalılıq var, lakin o, formal xarakter daşıyır. Elə ona görə də xəritənin birinci mərhələsi partiyalarla bağlı olmalıdır: siyasi partiyalar haqqında yeni qanun qəbul edilməli, dövlətdən maliyyələşdirilmə və qərargahlarla təmin edilmə məsələləri həll edilməli, həbsdəki siyasi və ictimai fəallar azad olunmalı, partiyalara qarşı təqiblərə son qoyulmalı, aksiyalar üçün də ancaq xəbərdarlıq proseduru təsdiqlənməli, partiyaların siyasi aksiya keçirmək hüququ birdəfəlik təsbit edilməlidir!