Hakim hüquq müdafiəçisinin məhkəmə istintaqını yekunlaşdırdı
Dövlət ittihamçısı isə çıxış üçün 3 gün vaxt istədi
Göyçay Rayon Məhkəməsində hüquq müdafiəçisi, Ictimai Palatanın Təhqiqat Qrupunun sədri Vidadi Isgəndərlinin işi üzrə məhkəmə prosesi davam edir. Ötən gün hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən növbəti prosesdə də hər zamankı kimi, zala keçmək istəyən vətəndaşlar, media və ATƏT nümayəndələri, siyasətçilər xüsusi yoxlamadan keçirildi, adları, soyadları naməlum qeydiyyat dəftərinə yazıldı, telefonlar, foto-videoaparatlar, diktafonlar heç bir səbəb göstərilmədən alındı.
Icra hakimiyyətinin hüquqşünası bütün günü məhkəmənin qarşısında olur
Proses başlayan kimi hüquq müdafiəçisi bildirdi ki, ibtidai istintaq zamanı zərərçəkmişlərin ifadələri saxtalaşdırılıb. Hüquq müdafiəçisi qeyd etdi ki, cinayət işini araşdıran istintaq qrupunun rəhbər şəxslərinin məhkəmədə dindirilməsinə zərurət yarınıb. Onun sözlərinə görə, 13 saylı Seçki Məntəqəsinin katibi Əlican Cəfərovun ifadəsinin istintaq orqanının saxtalaşdırdığı məhkəmə araşdırması zamanı tam sübuta yetirildi: “Əlican Cəfərovla bağlı ittihamlar bir daha sübut edir ki, Cinayət Məcəlləsinin 159.2.4-cü maddəsi ilə qaldırılan işdə cinayət tərkibi yoxdur. Əlicanla bağlı ittihamlar araşdırılarkən sübut edildi ki, istintaq orqanı qərəzli olub. Məhz cinayət işi araşdırılarkən müstəntiqlər ancaq siyasi sifarişi yerinə yetiriblər. Savadsızlıq yuvası ABU-nun rektoru Elşad Abdullayevin qardaşı, işi araşdıran müstəntiq Elsevər Abdullayev cinayətkardır. Onun, Pərviz Ibayevin və işi araşdıran daha 7 müstəntiqin məhkəməyə dəvət edilməsini təmin etməyinizi xahiş edirəm”.
Isgəndərli qeyd etdi ki, Ziya Məmmədovun əmisi oğlu, Göyçay rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov şahidlərə hədə-qorxu gəlir. Onun sözlərinə görə, icra hakimiyyətinin hüquqşünası Ruslan Əlizadə bütün günü məhkəmənin qarşısında olur və şahidlərə hədə-qorxu gəlir. O söylədi ki, məhkəmənin müstəqil olduğu qanunla tənzimələnsə də, hakim icra başçısı ilə hesablaşır. Onun sözlərinə görə, Ziya Məmmədovun korrupsiya cinayətlərindən danışdığı üçün o da həbsində maraqlıdır. Lakin məhkəmə hər iki vəsatətə münasibət bildirmədi.
Vəkil Xalid Bağırov 2 saylı seçki məntəqəsində olan veb-kameranın MSK-dan tələb edilib-edilməməsi ilə maraqlandı. Hakim bildirdi ki, müraciət edilib, lakin cavab verilməyib. Vəkil həmçinin şahid ifadələrinin saxtalaşdırılmasından danışdı. Hakim qeyd etdi ki, şahid ifadələrinin saxtalaşdırılması ilə bağlı məsələyə münasibət bildirmir. Hakim həmin məsələyə yekun qərarda münasibətini açıqlayacağını qeyd etdi. Bağırov hakimin diqqətinə çatdırdı ki, 2007-ci ildə Yasamal rayon məhkəməsinin hakimi Tahir Ismayılov “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin barəsində sifarişlə qərar çıxardı: “Lakin həmin vaxt Azərbaycanda olan beynəlxalıq təşkilatların rəhbər şəxsləri məhkəmə qərarı ilə bağlı ölkə başçısı Ilham Əliyevə müraciət etdilər. Bundan sonra 20 gün müddətinə verilməli olan apelyasiya şikayəti 3 gün ərzində verildi və 3 gün ərzində də məhkəmə hökmü ləğv edildi, Asif Mərzili azadlığa buraxıldı. Tahir Ismayılov isə kimlərinsə sifarişini yerinə yetirdiyi üçün Məhkəmə Hüquq Şurası tərəfindən cəzalandırıldı. Demək istəyirəm ki, eyni aqibətlə burada qanunsuz hökm çıxaranlar üzləşə bilər”.
“Icra başçısı müdafiə tərəfinin şahidlərinə təzyiq göstərir”
V.Isgəndərli icra başçısı Mənsur Məmmədovun məhkəmənin çıxaracağı hökm barədə danışığına münasibətini açıqladı: “Mənsur Məmmədov məhkəmənin mənə 7 il cəza kəsəcəyi barədə danışır. Ancaq başa düşmür ki, ittiham olunduğum maddələrdə 5 il 6 aydan yuxarı cəza yoxdur. Məhkəməyə təzyiqlər var, bunu da icra hakimiyyətinin rəhbər şəxsləri vasitəsi ilə daha yuxarı məmurlar edir”.
Hakim isə qeyd etdi ki, məhkəməyə hər hansı təzyiq edilmir: “Əgər mənim Mənsur Məmmədovla söhbətim olsaydı, o, dəqiq veriləcək cəza barəsində danışardı. Buna görə də məhkəməyə hər hansı təzyiq yoxdur”.
Bundan sonra hakim cinayət işinin materiallarında olan sənədləri elan etməyə başladı. V.Isgəndərlinin himayəsində 2 azyaşlı uşağının, 86 yaşında anasının olmasını elan edən hakimin Araz Ələkbərovun döyülməsi barədə ekspertiza rəyini elan etməsi qalmaqala səbəb oldu. Vəkil vurğuladı ki, həmin sənəd ittiham tərəfinin sübutlarıdır və qanuna görə, həmin sənədin elan edilməsi düzgün deyil: “10 avqust 2011-ci il tarixdə keçirilən prosesdə dövlət ittihamçısı Nəriman Ələkbərov ittiham tərəfinin sübutlarının araşdırılmasından imtina edib və məhkəmə qərarı ilə ittiham tərəfinin sübutlarının araşdırılması məhdudlaşdırılıb. Belə olan halda, ittiham tərəfinə aid olan sənədlərin məhkəmədə tədqiq edilməsi mümkün deyil”.
Hakimin isə israrla həmin sənədi elan etməsində maraqlı olduğunu göstərməsinə vəkil etirazını bildirdi. Lakin hakim qeyd etdi ki, müdafiə tərəfinin etirazı qəbul edilsə də, həmin sənəd məhkəmənin təşəbbüsü ilə elan ediləcək. Bundan sonra X.Bağırov hakimə yazılı etirazını bildirdi. Vəkil bildirdi ki, hakim sübutların tədqiqi qaydalarını düzgün araşdırmır. Onun sözlərinə görə, avqustun 10-da keçirilən prosesdə dövlət ittihamçısı ittiham tərəfinin sübutlarının araşdırılmasının məhdudlaşdırılması barədə vəsatət qaldırdı: “Məhkəmə də həmin vəsatətin təmin edilməsi barədə qərar qəbul etdi. Bundan sonra müdafiə tərəfinin sübutlarının araşdırılması mərhələsinə başlanıldı. Lakin məhkəmənin öz təşəbbüsü ilə ittiham tərəfinin təqdim etdiyi sənədləri elan etməsi qanunsuzdur”.
V.Isgəndərli etirazının qəbul edilməsini, dövlət ittihamçısı isə təmin edilməməsini xahiş etdikdən sonra hakim qərar qəbul etmək üçün müşavirə otağına yollandı. 20 dəqiqəlik müşavirədən qayıdan hakim etirazın əsassız olduğunu bildirdi. Bundan sonra hakim Araz Ələkbərovun döyülməsi barədə ekspertiza rəyini açıqladı. Hakimin Səbail Rayon Mənzil-Istismar Idarəsinin Badamdar üzrə nümayəndəliyinin V.Isgəndərli barədə verdiyi xasiyyətnaməsini elan etdi. MIS-dən göndərilən sənəddə V.Isgəndərli müsbət xarakterizə edilib. Hakim bildirdi ki, MIS rəisi Baş Respublika Prokurorluğuna (Respublika Baş Prokurorluğu – red.) sənədin ünvanlandığını göstərib.
V.Isgəndərli nəqliyyat naziri Ziya Məmmədovun vasitəsi ilə Mənsur Məmmədovun müdafiə tərəfinin şahidlərinə təzyiqlər göstərdiyini bildirdi. Hüquq müdafiəçisi qeyd etdi ki, Ruslan Əlizadə vasitəsilə şahidlərin məhkəməyə gəlməməsinə nail olurlar. Onun sözlərinə görə, R.Əlizadə şahidlərə hədə-qorxu gəlir, məhkəmədə ifadə verəcək şahidlər narkotika ilə şərlənəcəklərilə hədələnirlər. Məmurların belə hərəkətlərinin qanunsuz olduğunu deyən müttəhim Ziya Məmmədovun, Mənsur Məmmədovun, Ruslan Əlizadənin barəsində xüsusi qərardad çıxarılmasını hakimdən tələb etdi.
“Hamı gəlib üzümə durur və iş tapır…”
X.Bağırov icra hakimiyyətinin vəzifəli şəxslərinin şahidlərə təzyiq göstərdiyinin fakt olduğunu dedi: “Ruslan Əlizadənin Taleh adlı şahidə təzyiq göstərməsi və onun məhkəməyə gəlməkdən imtina etməsinin şahidi olmuşuq”. Hakim isə bildirdi ki, həmin müraciətə məhkəmənin yekun qərarında münasibət bildiriləcək.
V.Isgəndərli isə bildirdi ki, Ilqar Yusifliyə Göyçay rayon Qaz Istismar Idarəsində, Rəqibə Mehdiyevaya (hər iki şəxs deputatlığa namizəd olublar – red.) isə başqa bir yerdə vəzifə verildiyi üçün məhkəmədə ifadə verməyə gəlmədilər: “Ilham Əliyevə müraciət edirəm ki, işsizliyə qarşı mübarizəni mənim kimi aparsın. Hamı gəlib üzümə durur və iş tapır”.
Bundan sonra hakim məhkəmə istintaqının tamamlanması barədə dövlət ittihamçısının fikrini öyrəndi. Dövlət ittihamçısı məhkəmə istintaqının yekunlaşdırılmasına etiraz etməsə də, müdafiə tərəfi etirazını bildirdi. Vəkil məhkəmə istintaqının tamamlanmasının əsassız olduğunu söylədi. Onun sözlərinə görə, müdafiə tərəfinin şahidlərinin bir çoxu məhkəmədə dindirilməyib. Hakim qeyd etdi ki, şahidlərə çağırış göndərilsə də, məhkəməyə gəlməyiblər. Vəkil şahidlərin məcburi qaydada gətirilməsini istəsə də, hakim buna əsas görmədi. Hüquq müdafiəçisinin vəkili hakimi qanunları ayaqlamaqda ittiham etdi. V.Isgəndərlinin özü də məhkəmə istintaqının yekunlaşdırılmasına etirazını bildirdi. Hakim isə məhkəmə istintaqının yekunlaşdırıldığını bildirdi və çıxış etmək üçün dövlət ittihamçısına söz verdi. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün hakimdən 3 gün vaxt istədi. Onun vaxt istəməsini nəzərə alan məhkəmə prosesin davamını avqustun 24-nə kimi təxirə saldı.
Ramin DEKO


