«Məktəb korrupsiyası» ilə bağlı şok fakt

Sabiq məktəb direktoru «Azadlıq»a nələri danışdı?

Yaqut Əfəndiyeva: «Məqsəd məktəblərin texniki pasportunu almaqla izi itirmək və ərazilərin bir hissəsini ələ keçirmək imiş»

Bir neçə gün öncə adının çəkilməsini istəməyən bir vətəndaş redaksiyamıza zəng edərək dedi: “Uşağım Bakının 164 saylı məktəbində oxuyur. 7-ci sinfə keçib. O, 2-ci sinifdə oxuyarkən məktəbin təzə korpusu istifadəyə verildi. Həmin korpusun əsas divarlarından birində çat vardı. Maskalamaq üçün çatın üzərinə o üz, bu üz lövhələr vurdular. Uşağım indiyədək həmin korpusda oxuyur. Hər gün məktəbə gedib gəlincə fikrim onun yanında qalır.
Məktəbin o vaxtkı direktoru Yaqut Əfəndiyeva bununla bağlı nə qədər həyəcan təbili çalsa da xeyri olmadı. “Işlərinə” mane olmasın deyə, onu tutduğu vəzifədən uzaqlaşdırdılar”.
Bundan sonra çətinliklə də olsa, Yaqut Əfəndiyevanı tapa bildik. Əvvəlcə Yaqut xanım bu barədə danışmaq istəmədi. Fikirlərinin təhrif olunacağından ehtiyat etdiyini dedi. Dediklərini olduğu kimi dərc edəcəyimizi israrla bildirdikdən sonra, danışmağa razılaşdı. Beləliklə, şərtləşdiyimiz kimi, Yaqut xanımın söylədiklərini olduğu kimi təqdim edirik:

Təmir hoqqabazlığı

Direktor təyin olunduğum dövrdən xeyli keçmiş Nəsimi Rayon Icra Hakimiyyətindən bildirdilər ki, bir təşkilat məktəbinizi təmir edəcək. Doğrusu, bu, məni çox sevindirdi. Çünki şəhərin gözəl yerində – Bakı Slavyan Universiteti və Xarici Dillər Universiteti ilə yanaşı yerləşən məktəb pis gündə idi. Zəlzələdən də bəzi zədələr almışdı. Düşündüm ki, yəqin bunları nəzərə alaraq onu babat formaya salacaqlar. Təmir işlərinə “nəzarəti” o vaxtkı təhsil şöbə müdirimiz öz üzərinə götürdü. O, arabir məktəbə gələr, təmirin gedişatı ilə tanış olardı. Mən isə demək olar ki, “ofsayd”da qalmışdım.
Avqust ayının sonları idi, yeni dərs ilinin başlanmasına az qalmışdı. Şöbə müdiri yenə məktəbə gəlmişdi. Xeyli söhbətdən sonra o dedi: “Yaqut xanım, doğrudur, təmirimiz hələ başa çatmayıb, amma seytnotdayıq, gəlin siz təhvil-təslim aktına qol çəkin, qalan işlər də yavaş-yavaş görülər, özü də bilin ki, bu, icra başçısı Tahir Quliyevin xahişidir”. Bu sözləri deyib aktı mənə uzatdı. Aktın məzmunu ilə tanış olmaq istədim. O, narahat halda dedi: “Oxumağa ehtiyac yoxdur, görürsünüz ki, hamı imzalayıb, sadəcə, sizin də direktor kimi imzanız və möhürünüz lazımdır”. Hər şey mənə aydın oldu. Aktı geri qaytararaq “tanış olmadığım sənədə imza ata bilmərəm”  dedim. Şöbə müdiri söhbətin alınmadığını görüb sakitcə kabineti tərk etdi. Bir neçə gün sonra yenidən məktəbə gəldi, bu dəfə yüksək tonla dedi: “Nə deyirsən, sənə görə işlərimiz korlanmalıdır? Başçını da eşitmək istəmirsən. Tahir müəllim artıq səndən nazirə şikayət edib”. Mən “təmiri kim aparıb, işi də o təhvil verməlidir, bunun nazirə nə aidiyyəti var” deyəndə o, Misir Mərdanova zəng elədi və vəziyyəti olduğu kimi danışdı. Sonra isə telefonu mənə uzatdı. Nazirlə xeyli gərgin söhbətdən sonra o, “Yaqut xanım, bilmirəm, bu məsələyə son qoymaq lazımdır!?” dedi. Bundan sonra çarəsiz qalıb aktın bütün nüsxələrinə “Məktəbdə bəzi təmir işləri aparılsa da, smeta ilə tanış deyiləm” qeydini yazdım. Müdir nə qədər “gəl daşı ətəyindən tök, bunu etmə” desə də onları imzalayaraq ona verdim. Misir Mərdanovla ziddiyyətlərimiz elə buradan başlandı.

Təhsil Nazirliyinin “pasport” oyunu

Təmir qalmaqalından xeyli keçmiş Təhsil Nazirliyindən zəng etdilər ki, latın qrafikasına keçməklə əlaqədar məktəbin texniki pasportunu təhvil verməlisiniz, qısa müddətdə dəyişdirib yenisini verəcəyik. Bu söhbət məni açmadı. Məktəbin ərazisinin sxemini özündə əks etdirən bu sənədin yenilənməsinin məntiqi mənə aydın deyildi. Digər tərəfdən, bir çox məsələləri aydınlatmaq üçün gələcəkdə onun ilkin variantının olması çox gərəkli ola bilərdi. Nazirlik yetkilisinin məntiqindən belə çıxırdı ki, onda kiril əlifbası ilə yazılmış doğum haqqında şəhadətnamələr, diplomlar və attestatlar da dəyişdirilməlidir. Bu səbəbdən də ona “yalnız rəsmi məktubla müraciətinizdən sonra bunu edə bilərəm” dedim. Bu sözlərim onu yaman tutdu. “Məktəbin binasını şələlənib aparmırıq ki, pasportunu istəyirik” deyərək məni nazirlə hədələməyə başladı: “Nazirin tapşırığıdır, biz bunu özümüzdən eləmirik ki, indi gedib ona cavab verərsən”. Mən isə çox soyuqqanlılıqla “məktub olmasa pasportu verən deyiləm” deyərək son qərarımı ona bildirdim. Səhəri gün isə nazirin “deyəsən bununla işləmək mümkün olmayacaq” ultimatumu gəldi…
Bu hadisədən bir xeyli keçmiş mətbuatdan oxudum ki, Bakı şəhərindəki 326 məktəbdən 260-nın texniki pasportu alınıb və qaytarılıb. Hətta bəzi məlumatlara görə onlar nazirlikdə yoxa çıxarılıb. Sən demə, burada əsas məqsəd izi itirmək və məktəblərin ərazilərinin bir hissəsini ələ keçirmək imiş. Bunun bariz nümunəsi kimi sizə qonşu məktəblərimiz olan 34, 35 və 151 saylı məktəbləri göstərə bilərəm. Gedin, görün onların ərazisində nələr tikilib…

Çağırılmamış tikinti şirkəti

2006-cı ilin yazı idi. Özünü tikinti şirkətinin sahibi kimi təqdim edən bir nəfər məktəbə gəlmişdi. Xeyli söhbətdən sonra o, məqsədini açıqladı: “Maşallah, böyük idman meydançanız var. Şəhərin də gözəl yeridir. Burada hündürmərtəbəli ultramodern yaşayış binası inşa etmək olar. Hamının razılığı var, hətta Misir müəllim də razılıq verib, bircə siz qalmısınız. Xeyir-duanızı verin işə başlayaq.  Halallığı da bizdə. Bu yaxşılığınızın müqabilində bizdən sizə həmin binadan Avropa stilində təmir olunmuş dörd otaqlı mənzil, üstəlik də 50000 dollar pul hədiyyəsi”. Bu sözlərdən sonra səbrimi boğa bilmədim və dedim: “Siz nə dediyinizi başa düşürsünüzmü? Bu, dövlətin məktəbidir, ərazi də məktəbin ərazisidir. Kim razılıq verir-versin, şəxsən mən buna razı ola bilmərəm”. Bu kəskin cavabdan sonra “qonaq” kor-peşman çıxıb getdi.
Bir neçə saatdan sonra Təhsil Nazirliyindən zəng gəldi. Bir məmur salam-kəlamsız səsinin yoğun yerinə salaraq belə dedi: “Yenə nədi başlamısan. O adam özbaşına gəlməyib ki. Sən tamam ağını çıxarmısan. Onlara imkan yarat, sabahdan gəlib işləsinlər”. Məmurun bu yekəxana danışığı məni tamam hövsələdən çıxardı və dedim: “Bu nə deməkdir? Siz orada oturub məktəblərin yaxşılaşdırılması, yoxsa dağıdılması haqqında düşünürsünüz? Olmazmı, yeni korpus tikəsiniz? Prezidentin sərəncamı ilə əlavə korpus inşa olunası məktəblər siyahısında bizim məktəbin də adı var. O siyahını niyə gizlədirsiniz? Görürsünüz ki, yer çatışmır. 640 yerlik korpusda 1500-dən çox şagird oxuyur. Siz bilirsinizmi valideynlər bunu bilsələr nə edərlər?”. Bu sözləri deyib telefonu qapadım. Təbii ki, bu məsələ nazir Misir Mərdanovun mənə qarşı qəzəbini daha da artırdı…

Mərdanovun tikdirdiyi “yamaqlı” məktəblər

2006-cı ilin martı idi. Işdən yenicə evə qayıtmışdım. Zəng gəldi. Gözətçi idi. Bildirdi ki, məktəbin həyətinə xeyli texnika gətiriblər. Bunu eşitcək tez məktəbə döndüm. Həyətə daxil olarkən nazirliyin təmir-tikinti idarəsinin rəisi, Misir Mərdanovun yaxın qohumu Allahverdi Dəmirovu gördüm. O, məni görcək dedi: “Aha, indi nə istəyirsən, arzuna çatırsan, sabahdan yeni korpusun inşasına başlayırıq”. Mən əlavə bir söz demədən təşəkkürümü bildirdim…
Amma yeni korpusun istifadəsinə az qalmış bəlli oldu ki, əsas divarlardan birində iri çat əmələ gəlib. Vəziyyəti belə görüb təcili bayır tərəfdən çatın üzərinə boydan-boya nazik metal lövhə vurdular. Iç tərəfdə isə qəribə “üsuldan” istifadə etdilər. Çatın üzərinə təxminən 20 santimetr enində dekorativ taxta vurdular. Indinin özündə də istənilən mütəxəssis bunu gedib yerində aşkarlaya bilər.
O zamanlar bununla bağlı təhsil nazirinə rəsmi məktub yazdım. Qəzetdə “Mərdanovun yamaqlı məktəbləri” adlı yazı dərc etdirdim. Faydası olmadı. Gələcəkdə Allah eləməmiş bir şey olsa, hamı bilsin ki, bu haqda vaxtında məlumat vermişəm.
Bütün bunlara görə isə 2007-ci il aprelin 2-də Misir Mərdanovun əmri ilə vəzifəmdən azad olundum. Bu, mənim üçün o qədər də gözlənilməz olmadı. Çünki Təhsil Nazirliyindəki meyarlara uyğun gəlmirdim…