Polkovnik Hacı Məmmədovun generalları

Keçmiş MTN polkovniki Ramin Nağıyevlə keçmiş polis zabiti Salman Əliyevin “Azadlıq” qəzetində bu günlərdəki çıxışları bütün ölkənin maraq çevrəsindədir. Hamı bu çıxışları maraqla izləyir. Indi hər yerdə bu çıxışlardan danışılır. Bunlar AXC hakimiyyəti devriləndən sonra ölkədə baş verən çoxillik, çoxsaylı cinayətlərə aydınlıq gətirən çıxışlardır. Bu cinayətlər özünün arealı – yayılma ölçüsü baxımından bütün ölkənin yarası, itkisi olduğuna görə bir belə maraqla izlənir. Bu cinayətlərdən itkiyə uğrayanlar da, bu cinayətlərdən ayrıca biznes faktoru olaraq yararlananlar da, bu cinayətlərə bulaşanlar da sözügedən açıqlamaları ayrıca maraqla oxuyurlar: kimlərsə gerçəyin öz yerini tutacağı inamı, kimlərsə ilişəcəkləri qorxusu ilə. Ramin Nağıyevlə Salman Əliyev bu gün kimlər üçünsə sevinc, kimlər üçünsə qorxu subyektinə çevrilmiş kimsələrdir.

Kimlərsə qorxularını F.Muradov adlı bəlli bir deputatı dilləndirməklə ortaya qoydular. Əliyevlər ailəsinin deputatı olaraq tanınan gənc Fuad Muradov “Azadlıq” qəzetinə qocadan qoca bir məktub yollayıb: “Sizin gündəlik olaraq öz qəzetlərinizin səhifələrinə (bunlar necə çaşıblarsa, bir ”Azadlıq” qəzetini çoxlu qəzet kimi görməyə başlayıblar – X.B.) bu kimi məsələləri çıxarmağınız bir millət vəkili olaraq, məndə və seçicilərimdə təəssüf hissi oyadır. Bu insanlar bu gün vəzifədə deyillər və nədənsə vəzifələrini itirdikdən sonra bu haqda danışırlar. Sanki bunlar ən vicdanlı polis və əməliyyatçı olublar. Xahiş edirəm bu kimi gülünc məsələlərlə insanların başını xarab etməyin”.

Bu bir deqradasiya, mənəvi aşınma faktıdır. Bu, “millət vəkili” adını daşıyan kimsənin gerçək kimliyini ortaya qoyan faktlar faktıdır. Adam diktatura qulluqçusu olaraq özünü necə gözəl sərgiləyib! Sən demə, bəlli KQB generalının qurduğu rejimdə hansısa MTN-polis zabiti, açıqlamalardan göründüyü kimi, demək olar, hamısı hakimiyyətin ən yuxarı qatından qaynaqlanan qanunsuzluqlara qarşı çıxa bilərmiş. Işdi, belələri çətinə düşsəydilər, qorxuları da olmazdı: onlar parlamentə, ayrıca olaraq “millət vəkili” F.Muradova üz tutardılar, bununla da çətinlik çözülərdi. Ancaq… ancaq biz hansı parlamentdən danışırıq? Bütünlüklə hakimiyyətin ən yüksək qatında, birbaşa Prezident Administrasiyasında konyunktur-korrupsioner-kriminal maraqlarla düzülüb-qoşulmuş bir parlamentdən. F.Muradov bu parlamentin konyunktur mandat alanlarından biridir.

Tanınmış jurnalist, YAP adlı antiAzərbaycan partiyasının yaradıcılarından olan Sirus Zindadel (Təbrizli), ola bilsin, yaşı boyunca bircə doğru söz söylədi: qurultay tribunasından bildirdi: “Yeni Azərbaycan Partiyası simasız quldurlar partiyasıdır”. Sirusu bu sözün üstündə partiyadan dışlayıb necə susdurdularsa, “91-lər”dən olduğu bir yana, jurnalist olduğunu da unutdu. SIMASIZ QULDURLAR PARTIYASI – Ramin Nağıyevlə Salman Əliyevin çıxışları bu partiyanın kriminal portreti sayılacaq çıxışlardır. Vəkil Adil Ismayılovun, rejim dustağı (keçmiş) Elçin Behbudovun bu portretə artırmaları onun çalarlarını daha da zənginləşdirməklə bu portretə korifey bir ustanın bitkin kriminal əsəri statusunu qazandırır. Sözsüz, çağ ötdükcə çoxları danışacaq, çoxlarının dili açılacaq, onda indiki “bitkin” anlayışının oran (nisbi) xarakter daşıdığı bəlli olacaq…

Ölkənin çoxlu sayda tanınmış, görkəmli adamları öldürülüb, “millət vəkili” bu yöndə cinayətlərə aydınlıq gətirilməyini “gülünc məsələlər” adlandırır. Satqınlıq yolu tutmuş, Ölkəyə, Millətə, Dövlətə dönük çıxmış, hərəsi bir yanda, bir yüksək postda bu gün də oturmaqda olan KRIMINAL generallarının adları çəkilir, faktlar göstərilir, “millət vəkili” göstərilən cinayət faktları ilə bağlı parlament-araşdırma komissiyası yaratmağa çağırmaq yerinə, “Azadlıq”ı da susmağa çağırır!