Ərəblər oyandı, amma bu dəfə də Rafiq Tağı yuxuya getdi

Azərbaycanda kitab oxucusunun azlığından gileylənməyə ən az haqqı çatan Azərbaycan yazıçısıdır. Çünki o, illərlə oxucunun etibarını, etimadını yerə vurmaqla məşğul olub. Oxucusundan, oxucusunun qayğılarından, problemlərindən qopub. Bəli, əsərlərində ləyaqətli, vicdanlı, cəsur vətəndaş obrazı yaradıb, amma həyatda tam tərsini eləyib, yaratdığı obrazlardan, müdafiə etdiyi ali dəyərlərdən uzaq düşüb.

Azərbaycan oxucusu görəndə ki, Azərbaycan yazıçısı ədəbiyyatda “Yaxşı padşahın nağılı”nı yazıb, həyatda pis padşaha nökərçiliklə məşğuldur, iyrənib, yazıçıdan da, kitabdan da üz çevirib.

Mən demirəm bu həlledici səbəbdi, amma kifayət qədər ciddi səbəblərdən biridir. Lütfən heç kim özünü ağıllı göstərməyə çalışıb “oxucu Anardan, Əkrəmdən iyrənib, bəs Dostoyevskini, Tolstoyu niyə oxumur?” kimi əks-arqument gətirməyə çalışmasın. Bir dana bir naxırın adını batırır. Azərbaycan yazıçısının illərdən bəri davam edən ikiləşməsi, riyakarlığı ədəbiyyata ümumi münasibəti korladı, yerdən yerə vurdu.
Bəli, Azərbaycan yazıçısı illərlə öz oxucusunu qətlə yetirməklə məşğul olub, indi isə utanmadan kitablarının satılmamasından şikayətçidir. Arsızlığa bax: sən ömrü boyu kitablarının arxasında gizlənib karyera güdəcəksən, şəxsi mənfəət güdəcəksən, ictimai maraqların bir parçası olan oxucu mənafeyini satacaqsan, sonra da həmin oxucuya öz kitabını satmağa çalışacaqsan.
Əslində, bu gün ədəbi qocalardan fərqli olaraq, yeni nəsil yazarlarının fəal vətəndaş mövqeyi sərgiləməsi həm də ona görə təqdirəlayiq, diqqətəşayandır ki, oxucunun yazıçıya, kitablara etibarı, güvəni geri qayıtsın. Əmin olun ki, oxucu onun sevgisini deputat mandatına, dürlü-dürlü orden-medallara xərcləməyən, əsərlərində ülvi hissləri vəsf edib həyatda çirkin əməllərin iştirakçısına çevrilməyən yazıçıların yetişdiyini görüncə kitaba, ədəbiyyata yenidən sarılacaq.
***
Bu mənada yazıçı Rafiq Tağının bayram deyil, seyran deyil, beyqəfildən durub AzTV üslubunda yazdığı demidroldan bol “Düşmən dostlar” məqaləsini Azərbaycanda oxucu qazanmaq adına yeni nəslin vicdanlı yazarlarının gecə-gündüz göstərdiyi səylərə “arxadan zərbə” saymamaq mümkün deyil. 

Rafiq Tağı Türkiyədə yaşayan soydaşımız Yəhya Taşdələnin Azərbaycan xalqını Əliyev zülmünə qarşı səfərbər olmağa çağırmasından nədənsə, çox əndişələnib və dərhal qələmə sarılıb. Rafiq bəyin cümlələrinə baxın siz allah: “Yəhya Taşdələn Azərbaycan xalqını dövlət çevrilişlərinə səsləyir. Azərbaycanda hərc-mərclik ona və onun kimilərə sərf edər, gümanındayam. Sülh və dinclikdə yox, yalnız hərc-mərclikdə, dövlət çevrilişinə bu səsləyişində artıq cani sayılası taşdələnlərə qazanc var. Azərbaycan sivil tərəqqi yoluna düşdükcə fırıldaqçıların imkanı azalır, getdikcə də tükənir. Azərbaycanda mütərəqqi həyat yəhyataşdələnlərin faciəsidir”.

Əvvəla, bu cür “işverənlik” bir yazıçıya, hələ-hələ Rafiq Tağıya yaraşmaz. Yəhya Taşdələn və onun kimi Azərbaycanda zülmə oyanış çağırışları edənləri “dövlət çevrilişinə cəhd”də ittiham etmək Əliyevlərin sevimli metodudur. Bu gün həmin metodu Rafiq Tağının simasında yenidən görmək iç acıdır. Heyf, çox heyf…Taşdələnin Rafiq bəyi çilədən çıxaran, qələmə sarılmağa məcbur edən cümləsi isə budur: “Artık uyanmalısın!!!”

Yaxşı, nə var bu cümlədən qorxmalı? Rafiq Tağı xalqın ayılmasından niyə qorxur? Onun ki, Dubayda villaları, Panamada şirkətləri yoxdur, niyə narahatdır? Ictimai oyanışa qarşı belə allergiya bir yazıçıya yaraşarmı?

Necə olur ki, Milli Kitab Mükafatında öz haqqı yeyiləndə, nəticələr saxtalaşdırılanda Rafiq Tağı yeri yerindən oynadır, hamını ayıq-sayıqlığa səsləyirdi, amma indi istəyir seçkilər saxtalaşdırılsın, xalq da oyanmasın, ölkənin sərvətləri bir ailə tərəfindən dədə malı kimi sümürülsün, xalq da yatmağa davam etsin? Öz haqqı oğurlananda yeri-göyü inlədən bir insan, necə bütün xalqın haqqının oğurlanmasına etiraz etməməsi azmış kimi, hələ bir o xalqı qəflətdə uyumağa dəvət də edə bilər?
Rafiq Tağının bu Az.TVvari cümləsi isə ona olan son ümidlərin bitdiyi yerdir: “Azərbaycan sivil tərəqqi yoluna düşdükcə fırıldaqçıların imkanı azalır”.Bəh, bəh, bəh! Azərbaycan sivil tərəqqi yoluna düşürmüş…
Ayıbdır, ayıb! Rafiq Tağı hansı “sivil tərəqqi”dən danışır ki, insanların heç bir mal və can güvənliyi qalmayıb bu ölkədə, az qala hər gün məmləkətin bir köşəsindən evi başına uçurulan insanların fəryadı, polis işgəncəsinə qurban gedənlərin qara xəbəri gəlir.
Heç olmasa, gündəlik qəzetləri açsın, Vidadi Isgəndərlinin hüququn və əxlaqın bütün sərhədlərini dağıdıb keçən məhkəməsindən reportajları oxusun. Budurmu “sivil tərəqqi”? “Sivil tərəqqi” 5 yaşlı uşaq “Azadlıq” bağırdı deyə qolunu burub polis maşınına basmaqdırmı? 19 yaşlı, bığ yeri yenicə tərləmiş bir gənci müxalif fikirlərinə görə şərləməkdirmi?
Rafiq Tağının ictimai oyanış, irtica zülmünə qarşı mübarizə tərəfdarlarını “fırıldaqçı” deyib ləkələməyə çalışmasına isə ümumiyyətlə, baş qoşmaq istəmirəm. Fırıldaqçıların, oğruların, quldurların əslində hansı cəbhədə olduğunu bilmək istəyirsə, həm də ixtisasca həkim, təcrübəli səhiyyə işçisi olan Rafiq Tağı qoy keçmiş nazirini və onun aqibətini xatırlasın…
***
Ümumiyyətlə, mən Rafiq Tağının bu cızmaqarasını oxuyandan sonra bir qənaətə gəldim: Həyatda heç nə təsadüfi baş vermir. Heç nə. Bu adamı bir neçə il əvvəl ərəb estetikasını, peyğəmbəri tənqid etdiyinə görə (əslində, gerçək səbəbin bu olmadığını, o həbsin əsl sirrinin Rafiq Tağının bir hekayəsində gizləndiyini yazıçı məndən də yaxşı bilir!) bu gün “sivil tərəqqi yolunda irəliləyən Azərbaycan” hakimiyyəti həbs etmişdi.
Düşünürəm ki, o həbs çox ibrətamizdir. Çünki artıq ərəblər oyanıb, qəfəsləri sındırır, tazə gülüstan tələb edir, amma ərəbləri tənqid edən, onlara ikrahla yanaşan Rafiq bəy özü yuxuya gedib. Bütün varlığı ilə qəflətin tərəfdarına çevrilib, oyanışa qarşı silahlanıb, “laylay” üstünə köklənib, hamını yatmağa səsləyir, hamıya yuxunu məsləhət görür.
Başqa nəsə yazmaq artıqdır. Sadəcə, çoxlu gülüş işarəsi…