4 ilə 10 milyon dollar necə yoxa çıxıb?

Bakı-Tbilisi- Qars layihəsində qaranlıq məqamlar

Iqtisadi və Sosial Inkişaf Mərkəzinin araşdırması oğurluq faktlarını ortaya çıxardı

Bakı-Tbilisi-Qars layihəsi korrupsiya ilə yüklənən ən iri layihələrdən biridir. Iqtisadi və Sosial Inkişaf Mərkəzinin apardığı monitorinq nəticəsində oğurluq faktı ortaya çıxıb. Belə ki, mərkəzin araşdırması nəticəsində Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi zamanı 10,4 milyon dolların yoxa çıxdığı bəlli olub. Monitorinq zamanı Azərbaycan dövlət orqanlarının yaydığı xərc göstəricilərində bəzi fərqlər var. Qeyd edək ki, tikintisinə 2007-ci ildən başlanan Bakı-Tbilisi-Qars dəmiryolu xətti hələ 2009-cu ildə istifadəyə verilməli idi. Lakin dəmiryolu xəttinin tikintisi ləngiyir.
2010-cu ildə 10,4 mln. dolların yoxa çıxması əvvəlki illərdə də belə halın baş verdiyini istisna etmir. Bəs bunu nə ilə izah etmək olar? 
Iqtisadi və Sosial Inkişaf Mərkəzinin araşdırması zamanı məlum olub ki, layihə üzrə vəsaitlərin xərclənmə mexanizmi qapalıdır. 2007-ci ildə Dövlət Neft Fondundan layihəyə 30 milyon manat, 2008-ci ildə 88 milyon, 2009-cu ildə 30 milyon  manat vəsait ayrılıb. 2010-cu ildə 80 milyon manat ayrılsa da, sonradan bu məbləğ 34 milyon manata qədər azaldılıb. 2011-ci ildə dəmiryolu layihəsinə 80 milyon manat xərclənməsi proqnozlaşdırılıb. Aparılan təhlillər göstərir, nəzərdə tutulmuş vəsait heç də həmin büdcə ili üzrə tam xərclənmir. Məsələn, 2007-ci ildə layihəyə ayrılan 30 milyon manatdan 20 712,5 min manat xərclənib. Layihənin icra faizi 69 faiz olub. 2008-ci ildə dəmiryolunun maliyyələşdirilməsinə 5,3 milyon manat, 2009-cu ildə 22,1 milyon manat sərf edilib. 2010-cu ildə ayrılmış vəsait 34 milyon manata qədər azaldılsa da, ilin sonuna 12,4 milyon manat xərclənib. Layihə üzrə qalıq vəsaitin xəzinədarlığa qaytarılıb-qaytarılmadığı bəlli deyil. Dövlət Neft Fondunun ötən ilin əvvəlinə təsadüf edən hesabatlarında layihələrin maliyyələşdirilməsinə başlayandan 2009-cu ilin dekabrın 31-ə qədər fond tərəfindən xəzinədarlıq vasitəsilə Nəqliyyat Nazirliyinə ümumilikdə 58,5 milyon ABŞ dolları ayrıldığı qeyd edilsə də, son hesabatında 2007-2009-cu illər ərzində fonddan bu məqsədlə ayrılmış vəsaitlərin ümumi həcmi 48,1 milyon manat göstərilib. Fondun 2010-cu il oktyabrın 1-nə olan məlumatında layihə üzrə cəmi 51 milyon manat sərf olunduğu bildirilib. Göründüyü kimi, aparılan xərcləmələrlə bağlı ortada müxtəlif rəqəmlər var. Vəsaitlərin sonradan hansı səbəbdən azaldılması ilə bağlı Nəqliyyat Nazirliyi, o cümlədən Neft Fondu heç bir məlumat vermir.
Eyni zamanda dəmiryolunun tikintisi üzrə xərcləmələrlə bağlı maliyyəni ayıran təşkilat kimi Neft Fondunun və layihənin icrasına nəzarət edən Nəqliyyat Nazirliyinin, eləcə də Gürcüstan tərəfinin açıqladığı rəqəmlər arasında uyğunsuzluq var. Aparılan təhlillər nəzərdə tutulan vəsaitlərin həmin büdcə ili üzrə tam xərclənmədiyini göstərir. Ümumiyyətlə, layihə Azərbaycan ictimaiyyəti üçün tamamilə qapalı olduğundan bununla bağlı sorğular da cavabsız qalır.

Fizzə