Avropa ABŞ prezidentinin çağırışına qoşuldu; Suriya diktatoru müxlaiflərə qarşı əməliyyatları dayandırdığını dedi
ABŞ prezidenti Barak Obama Suriya diktatoru Bəşər Əsəd üçün geri çəkilmə zamanının yetişdiyini bildirib. Obama bu barədə bəyanatında qeyd edib ki, Bəşər Əsədə demokratik keçidi həyata keçirməyi və istefa verməyin zəruriliyini bir neçə dəfə anlatsalar da, Suriya diktatoru bu keçidi reallaşdırmayıb. ABŞ prezidentinin sözlərinə görə, Suriya xalqının mənafeyi üçün Bəşər Əsədin geri çəkilməsinin vaxtı çatıb.
Suriya hökumətinə qarşı çox sərt sanksiyaların tətbiq olunacağını açıqlayan Obama, ABŞ-ın Suriya xalqının dəyişiklik tələbinə dəstək verəcəyini ifadə edib.
Avropa da ABŞ prezidentinin çağırışına qoşuldu
Bu arada, Avropanın üç ən böyük ölkəsi – Ingiltərə, Fransa və Almaniyanın liderləri də Suriya prezidenti Bəşər Əsədə istefa verməsilə bağlı çağırış edib.
“Suriya xalqının rejimi bütövlükdə rədd etməsinin nəticələrini nəzərə alaraq, Suriyanın mənafeyi və xalqın birliyi üçün Bəşər Əsədə iqtidarı buraxması çağırışını edirik”, – deyə ortaq çağırışda qeyd olunub.
ABŞ prezidenti Barak Obamanın bəyanatından dərhal sonra Avropa Birliyi də Bəşər Əsədi hakimiyyətdən getməyə çağırıb. Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton Suriyada rejim əleyhdarlarına qarşı zorakılığın dayandırılması üçün dəfələrcə çağırış etdiklərini, ancaq Suriya liderinin bu çağırışları eşitmədiyini vurğulayıb.
“Bu da göstərir ki, Suriya rejiminin dəyişmək niyyəti yoxdur. Avropa Birliyi Bəşər Əsədin xalqının gözündəki legitimliyini tamamilə itirdiyini və artıq istefa verməsi gərəkdiyini bildirir”, – deyə Eşton yazılı açıqlamasında qeyd edib.
Eşton Avropa Birliyinin üzvü olan 27 ölkə hökumətinin Suriyaya qarşı sanksiyaların genişləndirilməsinə hazırlaşdığını da açıqlayıb. Eşton həyata keçirdikləri siyasətlə Suriya xalqının öz haqlarını bərpa etməsinə kömək etməyə çalışdıqlarını deyib.
Suriya diktatoru vəd verdi
Beynəlxalq birliyin mövqeyinin sərtləşdiyini görən Bəşər Əsəd isə təzyiqlər qarşısında geri çəkilməli olub. Suriya diktatoru BMT-nin baş katibi Pan Gi Munla telefon danışığı zamanı ölkədəki bütün polis və hərbi əməliyyatların dayandırıldığını bildirib. BMT-dən yayılan yazılı açıqlamada deyilir ki, baş katib Əsədlə telefon danışığı zamanı ölkədə insan haqlarının pozulması və vətəndaşlara qarşı zorakılıq faktlarının narahatlıq doğurduğunu söyləyib.
Bundan başqa avqustun 17-də hakim BƏƏS təmsilçiləri və ölkədəki ictimai təşkilatların nümayəndələri ilə görüşən Bəşər Əsəd Suriyada köklü islahatların aparılması üçün cəmiyyətin bütün təbəqələrinin iştirakının vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, Suriyada islahatlar və dəyişikliklər beynəlxalq birliyin deyil, məhz xalqın istəyinə uyğun baş tutacaq. Suriya diktatoru ölkədə köklü islahatların mərhələli şəkildə və qısa zaman ərzində həyata keçiriləcəyini də bildirib.
Əsədin işi beynəlxalq məhkəməyə göndəriləcək
Bəşər Əsədin hərbi əməliyyatları dayandırması haqda açıqlamasının onun kütləvi qətilamlara görə məsuliyyətdən yayınmasına yol açacağını düşünənlər yanılırlar. Çünki BMT nəzdindəki insan hüquqları heyəti Suriyada hökumət əleyhinə aksiyalara müdaxilələr zamanı insanlığa qarşı cinayət törədildiyini bildirərək, məsələnin Beynəlxalq Cəza Məhkəməsinə göndərilməli olduğunu vurğulayıb.
Heyətin təqdim etdiyi hesabatda Suriya diktatoru Bəşəd Əsədə yaxın 50 hökumət rəsmisinin müxtəlif səviyyəli cinayətlər törətdiyinə dair faktlar öz əksini tapıb. Həmin şəxslərin adları isə açıqlanmayıb. Sənəddə göstərilib ki, dinc vətəndaşlara qarşı geniş və sistemli şəkildə hücumların baş verdiyinə dair məlumatlar aşkarlanıb.
Yeri gəlmişkən, Liviya diktatoru Müəmmər Qəzzafi də etiraz aksiyalarını silah yolu ilə yatırmaqda və insanlığa qarşı cinayətlərdə ittiham olunur. Beynəlxalq Cəza Məhkəməsi aparılan araşdırmalardan sonra Liviya diktatorunun həbsinə order verib.
Rusiya Əsədə silah satışını dayandırmaq istəmi
Bu arada məlum olub ki, ABŞ və Avropa Birliyinin sanksiya çağırışlarına baxmayaraq, Avropanın bəzi neft-qaz şirkətləri Suriya ilə ticarət əlaqələrini davam etdirmək niyyətindədir. Rusiya isə Suriyaya silah satışını dayandırmayacağını açıqlayıb. Müxaliflərə qarşı sərt mövqeyi üzündən ABŞ və Avropa Birliyinin qadağalarıyla üzləşən Əsəd rejimilə Avropanın iki nəhəng neft şirkəti əməkdaşlığını dayandırmaq barədə düşünmür. Fransanın “Total” və Ispaniyanın “Repsol” neft şirkətləri Suriya hakimiyyətinin əhəmiyyətli gəlir qaynağını təşkil edən neft və təbii qaz ticarətinin boykot edilməsi çağırışlarına məhəl qoymayıb. Adları açıqlanmayan mənbələr “Total” neft şirkətinin Suriyanın Baniyas şəhərindəki bazalardan “Repsol”a neft satdığını söyləyib. Ticarətin dəyərinin təxminən 30 milyon dollar olduğu bildirilib.
Rusiyanın ən böyük silah ixrac agentliyi “Rosoboronexport”un rəhbəri Anatoli Isaykin ölkəsinin Suriyaya silah satışını dayandırmayacağını söyləyib. Isyakin keçirdiyi mətbuat konfransında Suriyaya ötən il silah satdıqlarını xatırladaraq, bu il də ticarətlərini davam etdirəcəklərini vurğulayıb. Isyakin “Rosoboronexport”un bu yaxınlarda imzalanan satış razılaşmasına əsasən, Suriyaya aralarında “YAK- 130” tipli döyüş təyyarələrinin də olduğu silah sistemlərinin göndəriləcəyini qeyd edib.
Informasiya şöbəsi



