
“Türk şahinləri” terror təşkilatının İraqdakı düşərgələrinə bomba yağdırdı
Türkiyə ordusunda xidmət keçən 9 əsgərin və sivil vətəndaşın PKK terror təkilatının üzvləri tərəfindən tələyə salınaraq şəhid edilməsi rəsmi Ankaranın səbrini daşırıb. Hadisədən sonra açıqlama verən baş nazir bundan sonra danışıqların deyil əməli addımların atılacağını söyləyib:“Bundan sonra danışıq yox, icra var. Artıq hər şeyi olduğu vaxt görəcəyik. Ramazan səbəbilə göstərdiyimiz səbrimiz artıq tükəndi. Bundan sonra söz yox, hərəkət vaxtıdır. Buraları terrorçulara verməyəcəyik. Terrorla məsafəsi olmayanlar bunun əvəzini ödəyəcək”.
Baş nazirin bu açıqlamasından və Türkiyə Silahlı Qüvvələrinin baş qərargahında keçirilən fövqəladə toplantıdan sonra PKK-ya qarşı əməliyyatların başlanması haqda qərar çıxarılıb. Türkiyə ordusuna aid F-16 tipli qırıcılar PKK-nın İraqın şimalında yerləşən bazalarını və təlim düşərgələrini bombalayıb. Əməliyyatda 12 qırıcı təyyarədən istifadə olunub.
Yayılan məlumatlara görə, hava zərbələrinin hədəfi İraqın Qəndili və Zap əyalətlərində yerləşən PKK-ya məxsus bazalar olub. Əmliyyat gedən bölgədə elektrik təminatı tamamilə kəsilib. Türkiyə tərəfindən itkilər barədə xəbər verilmir. Bildirilir ki, Iraq hökuməti əməliyyat barədə qabaqcadan xəbərdar olunub.


