Sürüşməyə Ziya Məmmədovun keçid tikintisi rəvac verib
Tikinti normalarının yerinə yetirilməməsi təhlükəyə səbəb ola bilər
Bayıl yamacında yenidən sürüşmə təhlükəsi yaranıb. Avqustun 17-si gecədən aktivləşən təhlükə Şəhidlər Xiyabanının “Əbədi məşəl” kompleksinin yaxınlığında sürüşmə risqi yaradıb. Ərazidə təhlükəli vəziyyətin yaranmasıyla əlaqədar, aidiyyəti üzrə əksər qurumların əməkdaşları hadisə yerinə gəlib. “Gülüstan” sarayının yaxınlığındakı yolda uzunluğu 20 metr, eni isə 3 sm-lik qoşa çat əmələ gəlib ki, nəticədə həmin əraziyə nəqliyyatın buraxılması qadağan edilib.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, sürüşmə zonasında aktivləşmə gecə saatlarında baş verib. Baş nazirin müavini dərhal hadisə yerinə gəlib. Ərazi polis nəzarətinə götürülüb.
Məmurlar bir-birini təkzib edir
Hadisə yerində baş nazirin müavini, Dövlət Fövqəladə Hallar Komissiyasının sədri Abid Şərifovun sədrliyi ilə aidiyyəti təşkilatların nümayəndələrinin iştirakı ilə məsələ ilə bağlı iclas keçirilib.
Abid Şərifov jurnalistlərə verdiyi açıqlamada deyib ki, bu dəfə Bayıl yamacında sürüşmənin baş verməsi yağıntıların daha çox düşməsi ilə əlaqədardır. Onun sözlərinə görə, yamacın aşağısında aparılan tikintilərin sürüşmədə hər hansı rolu yoxdur: “Çünki tikinti gedən zonalarda bərkitmə işləri tam qaydasında görünür”.
Baş nazirin müavini qeyd edib ki, bura toplanmalarının məqsədi sürüşmə təhlükəsinin qarşısının alınması ilə bağlı tədbirlər həyata keçirilməsidir və bununla bağlı tapşırıqlar verilib.
Lakin Səbail rayon Icra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi Qulu Quliyev Lent.az-a açıqlamasında sürüşümə ilə bağlı deyib: “Həmin ərazidə tikinti işləri aparılır. Bununla əlaqədar ərazidə aktivləşmə baş verib və sürüşmə riski artıb. Məsələ ilə bağlı məlumat daxil olan kimi hökumət tərəfindən yüksək səviyyədə reaksiya verildi, Baş nazirin müavini Abid Şərifov əraziyə gəldi”.
Qulu Quliyev onu da qeyd edib ki, vəziyyət ciddi nəzarət altındadır. Həmin ərazidə aparılan tikinti işləri də dövlət tərəfindən nəzarətdədir.
Əhali köçürülməyəcək
Bir qədər sonra Abid Şərifov jurnalistlərə açıqlamasında bildirib ki, Bayıl yamacında sürüşmə baş verən ərazidə yaşayan 58 evə bağçalarını suvarmaq üçün verilən sular kəsilib.
Onun sözlərinə görə, sular avqustun 17-də kəsilib. “Bu gün (dünən-red) də tapşırıq verilib ki, həmin şəxslərin həyətlərini suvarmamasına nəzarət olunsun. Həmçinin biz 58 mənzildə çat yaranıb-yaranmadığını müəyyənləşdirmək üçün yoxlama aparacağıq”, – deyə Abid Şərifov vurğulayıb.
Baş nazirin müavini əlavə edib ki, ərazidən əhalinin köçürülməsi gündəmdə deyil: “Ərazidə təhlükəsizlik tədbirləri görüləndən sonra yollar açılaraq nəqliyyatın istifadəsinə veriləcək”.
Abid Şərifovdan sonra hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da gəlib. O, baş nazirin müavini ilə birgə torpaq sürüşməsi baş verən əraziyə baxış keçirib.
Maraqlıdır ki, sürüşmə təhlükəsinin yaranmasına baxmayaraq, yamacboyu tikinti aparan “Azvirt” MMC və “Azərkörpü” şirkətləri işi dayandırmayıb. Hər iki şirkətin ərazidə olan iş icraçıları Lent.az-a bildirib ki, onlara işin dayandırılması ilə bağlı hər hansı göstəriş verilməyib.
Iş icraçıları deyiblər ki, hazırda betonlama işi həyata keçirilir və əllərindəki iş yekunlaşandan sonra fəaliyyətlərini dayandıracaqlar.
Sürüşmə zonasında keçid tikilməsi planlaşdırılır
Bu arada bəlli olub ki, Şəhidlər Xiyabanı və Milli Məclisin inzibati binasının qarşısında yeraltı piyada keçidinin tikilməsi planlaşdırılır. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC tərəfindən tikiləcək keçid üç giriş-çıxışdan ibarət olacaq – uzunluğu 180 metr, eni 8 metr, hündürlüyü isə 3 metr. Hər çıxışda iki eskalator quraşdırılacaq.
Sürüşmə təhlükəsi olan ərazidə belə bir keçidin tikintisinin nə dərəcədə müvafiq olmasını mütəxəssislərdən öyrənməyə çalışdıq. Ekoloq Telman Zeynalov “Azadlıq”a bildirib ki, yeraltı keçidlər inşa olunarkən qrunt sularının səviyyəsini öyrənmək lazımdır. Qrunt sularının sürəti və miqdarından asılı olaraq, yeraltı yumşaq süxurları yuması nəticəsində sürüşmə əmələ gələ bilər: “Onları bəndlərlə bərkidirlər ki, belə bir problem olmasın. Yəni yeraltı gölməçələr yaradırlar. Qanunla belə olmalıdır. Bu cür edirlərsə, qorxulu heç nə yoxdur. Yox, əgər iş belə aparılmırsa, təhlükə labüddür”.
Ekoloq əlavə etdi ki, bu cür tikinti işi apararkən, mütəxəssislərin həmin layihəyə cəlb edilməsi vacibdir. Ictimai dinləmələr keçirilməlidir ki, təqaüddə olan təcrübəli işçilər öz tövsiyəsini verə bilsin. Əvvəllər belə bir təcrübə olsa da, hazırda işi cəmiyyətin dəstəyi olmadan reallaşdırırlar: “Əvvəllər həddən artıq ağıllı və təcrübəli işçilər vardı ki, indi onlar qocalıb və pensiyadadır. Dövlət onları konsultant kimi bu və digər müəssisəyə qəbul etməkdənsə, küçəyə atıb. Həmin şəxslərin biliyindən yararlanmaq lazımdır”. Telman Zeynalov bildirdi ki, vaxtilə Şəhidlər Xiyabanı və digər nəhəng tikililər inşa olunarkən, Nərimanov heykəli ətrafında sürüşmə baş verdi. Onların qabağında bəndlər tikdilər, lakin su özünə haradansa yol açaraq təhlükə mənbəyi yaradır. Yumşaq süxurların yuyulması nəticəsində çatlar əmələ gəlir və torpaq aşağı sürüşür. Əgər tikinti işində sözügedən amil nəzərə alınmazsa, təhlükə qaçılmazdır.
Nigar