Ilham Əliyevin Nəsiminin dərisinin soyulmasında iştirakı

2005-ci il idi. Ilham Əliyev Şamaxıya getmişdi, orada böyük şairimiz Nəsiminin heykəlinin qırmızı lentini öz mübarək əlləri ilə kəsmişdi.Heykəlin açılışı zamanı ənənəvi cansıxıcı, quru, təyinatsız bir çıxış eləmiş, o çıxışdan heç kim heç nə anlamasa da, deyilənə görə, əlahəzrət Nəsimi haqqında çox yüksək fikirlər söyləmişdi.

***
Aradan dörd il keçmişdi, illərdən 2009-cu il idi. Bu dəfə Ilham Əliyev Azərbaycanın böyük şairi Nəsiminin 640 illik yubileyinin qeyd olunması ilə bağlı tapşırıq vermişdi. Hətta əlahəzrətin xüsusi göstərişilə bu gün qanın su yerinə axdığı Suriya paytaxtı Dəməşqdə və Hələbdə də Nəsiminin yubileyi ilə bağlı tədbirlər keçirilmişdi.
Doğrudur, elə o günlərdə xırda bir qanqaraçılıq oldu, Nəsiminin Bakının mərkəzindəki heykəli götürüldü (hələ də yerinə qaytarılmayıb), “Imadəddin Nəsimi Bağ-Park kompleksi”nin ətrafı hasarlandı, park isə tamamilə söküldü, ardınca bu ərazidə Ilham Əliyevin sərəncamı ilə yeni 300 maşınlıq 3 mərtəbəli yeraltı qaraj tikiləcəyi açıqlandı. Amma əlahəzrət Nəsimiyə diqqət və qayğısının sonsuz olduğunu iki ildən sonra yenidən ortaya qoydu, bu dəfə Sumqayıta getdi, orada Nəsimi adına şəhər dənizkənarı mədəniyyət və istirahət parkında görülən əsaslı yenidənqurma və abadlıq işlərinin gedişilə şəxsən tanış oldu.
***
Anlayacağınız, ilk baxışda Ilham Əliyev Nəsiminin sadiq oxucusu sayıla bilər, sanarsan ki, onun yaradıcılığının dəlicəsinə vurğunudur.Amma kralın davranışlarına baxınca ilk təəssüratların həmişə aldadıcı olduğuna şübhə yeri qalmır. Mən əminəm ki, Ilham Əliyev üçün Nəsimi sadəcə, “Nəsimi” filmindən ibarətdir, əgər ona da baxıbsa.
***
Nəsimi nə deyirdi: “Sındır qəfəsi, tazə gülüstan tələb eylə”.Amma Ilham Əliyev neyləyir? Azərbaycanı özü boyda qəfəsə çevirir, tazə gülüstan tələb edən 17 cəsur vətən övladı üzərində isə hazırda çox tragikomik, nəinki hüququn, hətta əxlaqın dışında bir məhkəmə-məzhəkə qurulmuşdur.
Əcəbdir: Nəsimiyə heykəl qoyur, amma insanları Nəsimi olmağa qoymur. Nəsimi kimi düşünməyə qoymur.
Başında durduğu atasındanqalma korrupsiya sistemi ilə xalqın dərisini soyub sonra da dərisi soyulan Nəsimiyə ehtiram nümayiş etdirmək necə mümkündür, Allah eşqinə?
***
Bu gün Ilham Əliyevin ən yaxın dostlarından biri kimdir? Bəşər Əsəd. Nəsiminin edam edildiyi, dərisinin dabanından çıxarıldığı Suriyanın baş bəlası, antibəşər Əsəd.
Nəsimiyə yubiley keçirir Ilham Əliyev, amma həm də Suriyada 700 il əvvəl Nəsiminin dərisini soyan zehniyyətin davamçısı ilə dostluq eləyir. Həm Nəsiminin adına layiq park düzəldilməsini istəyir, həm də Nəsimini edam etdirən zehniyyətin yolu ilə gedir.
Çünki Nəsimiyə münasibətində səmimi deyil. Nəsimi bu gün yaşasaydı, o heç Suriyaya qaça da bilməzdi, elə buradaca işini bitirərdilər. Nəsimi bu gün yaşasaydı, qəzet səhifələrini onun da məhkəməsindən reportajlar bəzəyərdi. Onun da üzünə durardılar, onun da cibinə nəşə atardılar. Onun da şalvarının altına kamera qoyardılar.
***
Bu gün Suriyada Nəsimi yenidən soyulur.
Bu gün Suriyada insanlığın dərisi yenidən boğazından çıxarılır.
Amma Nəsimiyə yubiley keçirən, ona heykəl qoyan, adına park düzəldən Ilham Əliyevdən “çırt” səsi yoxdur. Nə özü, nə də ətrafından kimsə Suriyadakı ikinci “Nəsimi dramı”nı pisləməyib. Orada hər gün neçə-neçə “Nəsimi” öldürülür, bütün tərəqqipərvər bəşəriyyət Bəşər Əsədə qəzəbini, nifrətini bəyan edir, ancaq Nəsimiyə yubiley keçirən, heykəl qoyan Ilham Əliyev susur.
Çünki o, Nəsiminin dostu deyil.
Nəsiminin düşməninin dostudur. Bəşər Əsədin dostudur.
Və sabah, birigün qəfəslərin sındırılma növbəsi Azərbaycana çatanda, tazə gülüstan uğrunda savaş başlayanda Ilham Əliyevin özü də “Nəsimi”ləri bağışlamayacaq, onların üstünə sümüksındıran itləri, rezin güllələri ilə gedəcək. Dərilərini boğazlarından çıxaracaq.
Hələliksə, Nəsimiyə yubiley keçirir, ona heykəl qoyur, onun adına park düzəldir.
Nəsiminin adına park düzəldir, amma özü düzəlmir…