Vidadi Isgəndərlinin ifşa əməliyyatı davam edir
Hüquq müdafiəçisinin məhkəməsində şahid onbaşı və yüzbaşıların olduğunu təsdiqlədi, həmin şəxslərin rayon icra hakimiyyəti tərəfindən təyin olunduğunu dedi
Göyçay Rayon Məhkəməsində hakim Elxan Süleymanovun sədrliyi ilə hüquq müdafiəçisi, Ictimai Palatanın Təhqiqat Qrupunun sədri Vidadi Isgəndərlinin işi üzrə məhkəmə prosesi davam edir. Ötən gün keçirilən növbəti prosesdə də zala keçmək istəyən vətəndaşlar, media və ATƏT-in nümayəndələri, Müsavat başqanının müavini Tofiq Yaqublu məhkəmə binasının girişindəki polis postunda diqqətlə dəmiraxtaranla yoxlamadan keçirildi, adları, soyadları naməlum qeydiyyat dəftərinə yazıldı, telefonlar, foto-videoaparatlar, diktafonlar heç bir səbəb göstərilmədən alındı.
“Dövlət ittihamçısı siyasi sifariş yerinə yetirir”
Proses V.Isgəndərlinin vəsatət verməsiylə başladı:
– Hörmətli hakim, mənim dövlət ittihamçısına etirazım var. Çünki dövlət qəzetlərini izləyəndə bu işdə Baş Prokurorluğun qərəzli olması aydın görünür. Hamı bilir ki, mənim Baş prokuror Zakir Qaralovla münasibətlirim gərgindi, buna görə də həbs edilmişəm. Hesab edirəm ki, mənə qarşı irəli sürülən ittiham, hazırlanan cinayət işi əsassızdır. Bunu məhkəmədə ifadə verən ittiham tərəfinin şahidləri və zərərçəkmişlər də təsdiq edib. Bundan əlavə 5-6 nəfər zərərçəkmiş də məhkəməyə gəlmədilər. Məhkəmə prosesinin gedişi zamanı da müəyyən edilib ki, dövlət ittihamçısı Nəriman Ələkbərov siyasi sifarişi yerinə yetirir. Onun mənə hansı cəzanı istəyəcəyi barədə də məlumatım var. Bu gün heç kimə sirr deyil ki, prokurorluq orqanı korrupsiya ilə məşğuldur.
Hakim hüquq müdafiəçisinin vəsatətini müzakirə etməmişdən əvvəl münasibətini açıqladı:
– Prokurora etiraz verilməsi məhkəmə baxışı başlamamışdan əvvəl mümkündür. Məhkəmənin hazırkı mərhələsində etirazla bağlı yeni faktlar ortaya çaxdığı halda etirazın verilməsi mümkün hesab edilir. Siz məhkəmə baxışı başlamamışdan əvvəl oxşar vəsatətlə çıxış edibsiz və bunula bağlı məhkəmənin qərarı da var. Indi isə yeni əsaslar olduğu halda etiraza baxıla bilər.
V.Isgəndərli:
– Cinayət işi üzrə 11 zərərçəkmiş var. Həmin zərərçəkmişlərdən psixi xəstə olan Araz Ələkbərovdan başqa əleyhimə ifadə verən olmayıb. Zərərçəkmişlər məhkəmə dövründə dindirilən zaman istintaqa verdiyi ifadələrindən imtina ediblər. Zərərçəkmişlər məhkəmədə deyiblər ki, onlar istintaq orqanı tərəfindən aldadılıblar.
Hakim:
– Bunu istintaq edib, ona görə də istintaqı günahlandırmaq lazımdı. Burada məhkəmə obyektiv araşdırılır.
V.Isgəndərli:
– Burada məqsəd ondan ibarətdir ki, istintaq siyasi sifarişlə aparılıb. Burada 5 zərərçəkmiş dindirilib, onlar da istintaq orqanı tərəfindən aldadıldıqlarını bildiriblər. Bu məsələyə hüquqi qiymət verilməlidir.
Hakim:
– Etirazı verin, bu məsələlərə məhkəmə qiymət verəcək.
V.Isgəndərli:
– Əlican Cəfərov cinayət işi üzrə istintaq orqanı tərəfindən zərərçəkmiş qismində tanınıb. Bu gün məhkəmədə məlum oldu ki, prokurorluq da, Əlican da cinayət törədiblər. Şahidlərin ifadəsindən aydın oldu ki, o başqa bir seçki məntəqəsində komissiyanın katibi olub. Lakin istintaq belə nəticəyə gəlib ki, 2 saylı Seçki Məntəqəsində Əlican Cəfərovun guya səsvermə hüququnu pozmuşam. Bunun yalan olduğu məhkəmədə sübuta yetirildi. Bu məsələyə də hüquqi qiymət verilməlidir. Bundan əlavə dövlət ittihamçısı məhkəmə proseslərinin birində mənə demişdi ki, “mən axırda güləcəm”. Mən uzun müddət prokurluq orqanlarında işləmişəm, bu qurumun işinə yaxşı bələdəm. Görürəm ki, dövlət ittihamçısı obyektivliyi təmin etmir. Bu, proses zamanı da hiss edilir. Qanunvericiliyin tələbinə görə, dövlət ittihamçısı müstəqil olmalıdır. Lakin bu belə deyil. Dövlət ittihamçısı prosesdən sonra zəng edərək, kimlərəsə məhkəmənin gedişi barədə məruzlər edir, onlardan məsləhətlər alır. Mən burada faktlar ortaya qoyuram. Mənsur Məmmədovun və Ziya Məmmədovun əməllərindən danışıram.
Dövlət ittihamçısı etiraz etdi:
– Hörmətli hakim, işin mahiyyətindən kənara çıxılır.
V.Isgəndərli:
– Mən işin mahiyyətindən kənara çıxmıram. Dövlət ittihamçısının qərəzli olmasını və kimlərisə müdafiə etməsini sübuta yetirirəm. Bilirəm ki, dövlət ittihamçısı mənə hansı cəzanı istəyəcək. Bu haqda məndə dəqiq məlumat var. O, mənə 3 il cəza istəyəcək. Dövlət ittihamçısının bu işdə maraqlı olmasını əsas gətirirəm və onun işə çıxmasına etiraz edirəm.
Hüquq müdafiəçisinin vəkili Xalid Bağırov vəsatəti dəstəklədiyini bildirdi. Dövlət ittihamçısı isə çıxış edərək, qərəzli olmadığını sübut etməyə çalışdı və prosesdən kənarlaşdırılması barədə vəsatətin təmin edilməməsini xahiş etdi. Bundan sonra hakim qərar qəbul etmək üçün müşavirə otağına yollandı. Təxminən 30 dəqiqəlik fasilədən sonra zala qayıdan hakim vəsatətini təmin edilməməsi barədə qərarı açıqladı.
Ziddiyyətli qərarlar
V.Isgəndərli yenə də çıxış edərək Ictima Palatanın 2 aprel aksiyasında həbs edildiyini və Nəsimi Rayon Polis Idarəsində işgəncələrə məruz qaldığını bildirdi:
– Aprelin 2-də mənə 8 günlük inzibati qaydada həbs veriblər. Aprelin 17-də keçirilən aksiyada mən tutulmamışam. Polislərin döyərək öldürdüyü Elvin Əsgərovun evindən çıxarkən, həm də mitinq başlamamışdan tutulmuşam və Nəsimi Rayon Polis Idarəsinə gətirilmişəm. Həmin gün mənə ən yüksək inzibati cəza verilib. Mayın 2-də isə Baş Prokurorluğa gətirilərək heç bir ifadə olmadan mənə ittiham elan edilib. Onu da deyim ki, aprelin 17-də keçirilən mitinqdə iştirak etməmişəm. Məni tamam başqa yerdə həbs ediblər. Lakin polisdə tutulmam və barəmdə inzibati qərar çıxaran Nəsimi Rayon Məhkəməsinin qərarında ziddiyyətlər var. Polis idarəsində növbətçi hissədə qeyd edirlər ki, mitinqdə iştirak etdiyim üçün saat 14.30-da həbs edilmişəm. Lakin həmin vaxt mitinqin başlanmasına hələ 2 saat qalıb. Nəsimi Rayon Məhkəməsi isə qərarında qeyd edir ki, saat 15.30-da mitinqdə iştirak etdiyim üçün 15 sutka həbs edilmişəm. Iki qurumun qərarında ziddiyyətlər var. Bu qərarlardan da görünür ki, siyasi sifarişlə həbs edilmişəm. Aksiyada tutulanların hər birinə 7 sutka cəza verildi, lakin Vidadi Isgəndərliyi isə ən yüksək hədd olan 15 sutka. Qanunsuz həbs edilməyimi subut etməyə çalışıram. Inzibati cəza almağımla bağlı Nəsimi Rayon Məhkəməsinin qərarını tələb etməyinizi və cinayət işinə əlavə edilməsini istəyirəm.
“Bütün məntəqələrdə seçki saxtakarlıqla keçib”
Hakim qeyd etdi ki, məsələyə münasibət bildiriləcək. Hakim bundan sonra şahid Hikmət Qasımovu ifadə vermək üçün məhkəmə zalına dəvət etdi. H.Qasımov bildirdi ki, Müsavat Partiyasının deputatlığa namizədi olmuş Ilqar Yusiflinin vəkili olub. Şahid qeyd etdi ki, seçki günü bütün məntəqələrdə seçki saxtakarlıqla keçib. Onun sözlərinə görə, baş vermiş seçki saxtakarlığı ilə bağlı çoxlu sayda protokollar tərtib edilib. Şahidin ifadəsinə görə, seçki saxtakarlığı edən məntəqə sədrləri millət vəkili Şəmsəddin Hacıyevin xeyrinə səs toplamaqla məşğul olublar. 2 və 16 saylı Seçki Məntəqələrində də olduğunu deyən şahid ifadəsində qeyd etdi ki, sözügedən məntəqələrdə də çoxsaylı seçki saxtakarlığı qeydə alınıb.
Şahid daha sonra vəkil Xalid Bağırovun suallarını cavablandırdı:
– 2 və 16 saylı Seçki Məntəqələrində saxtakarlıq olub?
– Bəli, qanun pozuntusuna yol verilməsi müşahidə edilib. Eyni zamanda hər iki seçki məntəqəsində qutular görünməyən yerə qoyulub, bunula bağlı da protokol tərtib etmişik.
– Başqa qanun pzountusuna yol verilib?
– Bülletenlərin qulaqlarının kəsilməsi aşkar edilib.
– Kim tərəfindən kəsilmişdi?
– Məntəqə sədri tərəfindən. Bunun da qanunsuz olduğu üçün protokol tərtib etmişik.
– Siz 13 saylı Seçki Məntəqəsində olmusuz?
– Bəli.
– Siz 13 saylı Seçki Məntəqəsində seçki günü olmusunuz?
– Olmuşam.
– Günün hansı vaxtında olmusunuz?
– Günün birinci və ikinci yarsında olmuşam.
– Siz 13 saylı Seçki Məntəqəsində olan Əlican Cəfərovu tanıyırsız?
– Bəli.
– Komisiya katibi seçki gedən zaman məntəqəni tərk edə bilər?
– Tərk etməsi mümkün deyil.
“Onbaşıları və yüzbaşıları icra hakimiyyəti təyin edirdi”
V.Isgəndərlinin suallarını cavablandıran şahid seçki zamanı onbaşı və yüzbaşıların olduğunu təsdiqlədi. O bildirdi ki, həmin şəxslər rayon icra hakimiyyəti tərəfindən təyin olunublar. Şahidin ifadəsindən sonra çıxış edən Xalid Bağırov şahidlərin məhkəməyə gəlməməsinin səbəbini açıqladı. Vəkil qeyd etdi ki, şahidlər müdafiə tərəfinin olsa da, çağırılmasını məhkəmə təmin etməlidir. Onun sözlərinə görə, şahidlərə göndərilən məhkəmə çağırışlarında qüsurlar var. Vəkil bildirdi ki, şahidlərə məhkəmə çağırışlarına gəlməkdən imtina etməsi ilə bağlı xəbərdarlıq edilib. Vəkilin fikrincə, şahidlərin gəlməməsi ilə bağlı Göyçay Rayon Icra Hakimiyyətinin hüquqşünası Ruslan Əlizadənin rolu böyükdür: “Icra hakimiyyətinin Ruslan adlı işçisi şahidlərin qapısını gəzir və onların məhkəməyə gəlməməsi üçün təhdid edir. Bundan əlavə, ötən həftə kafedə şam naharı edərkən Ruslanın şahidlərimizdən biri ilə orada olmasının şahidi olduq. Bunu bizimlə birlikdə olan ”Bizim Yol” qəzetinin reportyoru Hacı Zeynalov, “Azadlıq” qəzetinin reportyoru Ramin Deko (Cəbrayılzadə) və “Yeni Müsavat” qəzetinin reportyoru Elşən Məmmədəliyev də məhkəmədə şahid qismində təsdiq edə bilərlər”.
Hakim bildirdi ki, şahidlər növbəti dəfə də məhkəməyə gəlməsələr tədbir görüləcək. Bundan sonra hakim nahar fasiləsi elan etdi.
“Heç olmasa sizə öyrədəndə diqqətli qulaq asın da…”
Fasilədən sonra şahidlərin dindirilməsi davam etdi. 17 saylı MnSK-da növbətçi olan polis Razi Hüseynov bildirdi ki, o, seçki məntəqəsindən 100-150 metr aralıda olub: “4-6 nəfər məntəqəyə daxil oldu. 15-20 dəqiqədən sonra oranı tərk etdilər. Bu zaman bir cavan oğlan (Araz Ələkbərovu nəzərdə tutur – red.) Vidadi müəllimin qarşısına keçib əlindəki kağızları almaq istədi. Ancaq Vidadi müəllim vermədi, çıxıb getdi”.
Vidadi Isgəndərli:
– Mən Arazı vurdum?
– Yox, itələdiniz.
– Necə itələdim?
– Özünüzdən kənarlaşdırdınız.
– Harda olub?
– Məktəbin həyətində.
– Araz və başqa şahidlər deyir ki, hadisə küçədə olub. Dəqiq bilirsiniz həyətdə olub?
– Bəli. Mən həyətdə gördüm ki, onu özünüzdən kənarlaşdırdınız.
Hakim:
– Təhrif etməyin. Şahidlər elə deməyiblər.
Xalid Bağırov:
– Protokola baxaq…
– Ehtiyac yoxdur. Məhkəmə iclası bitəndən üç gün sonra protokolla tanış olmaq imkanınız olacaq…
17 saylı məntəqədə növbətçi olan mühafizə xidmətinin əməkdaşı Ibad Məmmədov şahid kimi dindirildi. O ifadə verən zaman proses iştirakçıları özünü saxlaya bilməyib güldülər: “Seçki günü 17 saylı məntəqədən 100-150 metr aralıda dayanmışdıq. Camaat gəlib-gedirdi. Kimsə qabağa keçdi. Biz də kənardan izlədik”.
Xalid Bağırov:
– Kim keçdi qabağa, nəyə görə?
– Bir cavan oğlan Vidadi müəllimin qabağına keçdi. Əlindən kağızları almaq istədi.
– Nə kağız?
– Bilmirəm. Bildiyim odur ki, ağ kağız idi.
– O kağız nə üçündür?
– Bilmirəm.
– Bəlkə kardon idi?
– Yox, kardon sarı olur…
– Ağ kardon da olur, araq butulkaları üçün…
– Yox…
– O cavan oğlan Vidadi Isgəndərlinin qarşısını kəsəndə orada cəmi nə qədər adam olardı?
– Təxminən 10-15 nəfər olardı.
– Şahidlər deyir ki, təkcə Vidadi Isgəndərli 15 nəfərlə gəlib.
Dövlət ittihamçısı:
– Şahidlər elə şey deməyib…
Xalid Bağırov:
– Protokola baxın…
Vidadi Isgəndərli:
– Biz orada nə etdik?
– Şeylədilər…
– Şeylədilər nədir? Heç olmasa sizə öyrədəndə diqqətli qulaq asın da. Bu nə sözdür…
Növbəti şahid 13 saylı məntəqədə müşahidəçi olmuş Ramin Sadıqov oldu. O bildirdi ki, seçki günü səhər saat 7:30-dan axşam 10-a qədər məntəqədə olub və heç yeri tərk etməyib. Həmçinin qeyd etdi ki, məntəqənin sədri və katibi də oranı tərk etməyib.
Xalid Bağırov:
– Siz məntəqəni gün ərzində tərk etmisinizmi?
– Xeyr.
– Katib kim idi? O da tərk edibmi?
– Katib Əlican müəllim idi. Tərk etməyib.
– Səs veribmi? Siz bunu görmüsünüzmü?
– Bəli səs verib. Çünki o səs verəndə sakitçilik idi.
Hakim:
– Siz nə bilirsiniz katib oranı tərk etməyib?
– Mən hər şeyi qeyd edirdim.
– O yeməyə belə getməyib?
– Biz naharı da bir yerdə etmişik…
Sonra Vidadi Isgəndərli vəsatət verdi. Hüquq müdafiəçisi Zakir Qaralov, Ziya Məmmədov, Mənsur Məmmədov, Şəmsəddin Hacıyev, Elsevər Abdullayev, Eldar Əhmədov, Ramiz Ibrahimov, Pərviz Ibayevin məhkəməyə həm şahid kimi dəvət edilməsini, həm də cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi.
Ikinci vəsatətdə isə təklif edirdi ki, bundan sonra məhkəmə iclasları dövlət himninin səsləndirilməsiylə başlanılsın.
Hakim heç bir vəsatəti təmin etmədi.
Vidadi Isgəndərli: “Ziya Məmmədov seçki günü 6 dəfə Zakir Qaralova zəng vurub mənim həbsimi xahiş edib. Bir daha təkrar edirəm, əgər kim burada yalan ifadə verirsə, onları kim buna təhrik edirsə, binamusdur, biqeyrətdir”.
Məhkəmə 18 avqust, saat 10-a qədər təxirə salındı…
Ramin DEKO