Oqtay Əsədov Ilham Əliyevi necə aldatmaq istəyib?

Nizaməddin Rzayevin işdən çıxarılması ilə bağlı şok faktlar

“Azərsu” ASC-nin keçmiş prezidenti Nizaməddin Rzayevin işdən çıxarılmasının səbəbləri barədə ötən saylarımızda məlumat vermişdik. Bildirmişdik ki, spiker Oqtay Əsədova yaxın şəxs olan Nizaməddin Rzayev Oğuz-Qəbələ-Bakı su kəmərinin gözlənilən effekti verməməsinin qurbanı olub. Qısa müddətdə su kəmərində problemlərin yaranması “yuxarıları” qəzəbləndirib və Nizaməddin Rzayevin “qələmi sındırılıb”. Bundan istifadə edən hakimiyyətdəki kürd qruplaşması isə  Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin vasitəsilə “Azərsu”nu nəzarətə götürüb. “Azərsu”nun indiki prezidenti Qorxmaz Hüseynov bundan əvvəl Rövnəq Abdullayevin müavini olub.
“Yeni Müsavat”  qəzeti isə dünənki sayında Nizaməddin Rzayevin işdən çıxarılmasının təfərrüatlarını yazıb. Bu barədə qəzetə Oğuz-Bakı-Qəbələ su kəmərinin tikintisində iştirak etmiş şəxslərdən biri danışıb. O, əvvəlcə su kəmərinin gözlənilən effekti verməməsinə diqqət çəkərək bildirib ki, bu məsələdə əsas problem paytaxta gözlənilən qədər suyun gəlib çatmaması olub. Bu və digər problemlər üzündən kəmərin inşası xeyli yubanıb: “Nizaməddin Rzayev patronu, spiker Oqtay Əsədova, o da öz növbəsində ölkə rəhbərliyinə 2010-cu ilin sonuna qədər kəmərin açılışı olacağına söz veribmiş. Nəhayət, Nizaməddin Rzayev 2010-cu il, dekabrın 28-də kəmərin açılışını edə biləcəyini deyib. Lakin dekabrın 27-də bəlli olub ki, Oğuz suyunun gəlib Bakıya çıxmasına hələ bir neçə gün var. Buna görə də anbara Ceyranbatan su hövzəsindən ehtiyat kəmər vasitəsilə su vurub doldurmaq qərara alınıb. Axı ölkə başçısının protokolunda dekabrın 28-də kəmərin açılışında iştirakı nəzərdə tutulub. Belə planlaşdırılıb ki, anbara Ceyranbatan suyu vurulsun, ölkə başçısına içmək üçün isə Oğuzdan maşınla gətirilən suyu başqa bir su xəttinə vurub oradan versinlər. Amma baş verən bir qəza nəticəsində bu əməliyyat da puç olub. 
Belə ki, Ceyranbatandan su vurularkən ehtiyat kəmərin üzərində quraşdırılmış su nasosunda ciddi problem yaranıb. Nəticədə boru da tam sıradan çıxıb. Su ətrafa dağılıb, Binəqədi, Xocəsən istiqamətindəki neft quyularını su basıb. Bundan xəbər tutan ARDNŞ əməkdaşları 2 saylı həyəcan siqnalı ilə baş idarəyə məlumat verib. Burada hansısa bir təxribat olması ehtimalı da nəzərə alınaraq ARDNŞ prezidenti Rövnəq Abdullayevlə yanaşı xüsusi xidmət orqanlarına da məlumat verilib. Araşdırma aparılıb, bəlli olub ki, problemi “Azərsu” yaradıb. Artıq bu zaman gecə idi. Gecəyarı hadisə yerinə şəxsən Oqtay Əsədov Nizaməddin Rzayevlə birgə gəlib. Onlar gələnə qədər maraqlı qüvvələr hüquq-mühafizə orqanlarının faktla bağlı araşdırmaya başlamasına nail olmuşdu. 
Öncə onu nəzərə aldılar ki, sabah açılış olacaq deyə nəyin bahasına olursa-olsun anbar su ilə doldurulmalıdır. Buna görə yanmış nasosu dəyişmək tapşırıldı. Əsas problem də elə bu zaman başladı. Söhbət ondan gedir ki, Oğuz-Bakı kəmərinin tikintisi ilə əlaqədar anbara su vurmaq üçün 9 nasos alınmışdı. Onların birinin qiyməti 70 min avro idi. 7-si quraşdırılmışdı, 2-si isə ehtiyat kimi saxlanmışdı. Yanmış nasosu ehtiyatda olanla əvəzləmək lazım gələndə bəlli oldu ki, Nizaməddin Rzayev onları bir özəl şirkətə satıb. Ən dəhşətlisi odur ki, dövlətin 70 min avroya aldığı nasosu Rzayev həmin şirkətə 50 min dollara satıbmış. Spikerin göstərişi ilə o nasosu satıldığı özəl şirkətdən gecə ilə götürüb gətirdilər və sıradan çıxmış motorun yerinə quraşdırdılar. O gecə bu biabırçılıqdan bütün qurumlar, o cümlədən Rövnəq Abdullayev də xəbər tutdu; sonradan isə ARDNŞ prezidenti bu prosesdən maksimum yararlandı. 
Məsələ şübhəsiz ki, ölkə başçısına da çatdırıldı; bundan bir qədər sonra həmin faktla bağlı prokurorluqda araşdırma başladı. Hazırda da iş üzrə təhqiqat davam edir, lakin bu barədə açıqlama verilmir. Nizaməddin Rzayevin həbs olunmaması üçün spiker Oqtay Əsədov canfəşanlıq göstərdi. Çünki bu layihə bilavasitə onundur. Amma Rzayevin başı az ağrımadı. Onun yerinə Rövnəq Abdullayevin adamı olan Qorxmaz Hüseynovun təyin olunması da təsadüfi deyil. Abdullayev bu işdə dosye təqdim etdiyi üçün bu sahə ona tapşırıldı”.