Əlayıf Həsənov: «Siyasi sifariş necədirsə, qərar da elə olacaq»
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə iki il müddətinə azadlıqdan məhrum edilən AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənlinin apelyasiya şikayətinə sentyabrda baxılacaq. Vəkil Əlayıf Həsənovun sözlərinə görə, şikayət avqustun 9-da Gəncə Apelyasiya Məhkəməsinə təqdim olunub. Qanuna görə, daxil olduğu gündən 15 gün ərzində məhkəmə baxışının vaxtı və işi araşdıracaq hakim təyin olunmalıdır: “Bu da təxminən avqustun axırlarına düşür. Çox böyük ehtimalla məhkəmə prosesini sentyabr ayına təyin edəcəklər”.
Ə.Həsənov hesab edir ki, siyasi sifariş nədirsə, qərar da ona uyğun olacaq: “Azərbaycanda bu cür işlərin taleyini birmənalı olaraq siyasi sifariş həll edir. Bəxtiyar Hacıyevin və digər siyasi məhbusların işi də göstərdi ki, belə məqamlarda hakimdən asılı heç nə yoxdur. Belə olan halda vəkilin nəyisə sübut etməyinə gərək yoxdur. Buna baxmayaraq biz öz işimizi axıra qədər görürük. Amma nəticədə hüquqi qərardan çox siyasi qərarlarla rastlaşırıq”.
2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Ş.Həsənli barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanmışdı. Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Polis bölməsində onun gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb. Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Ş.Həsənli iki il müddətinə azadlıqdan məhrum edilib.
Gültəkin


