Ayaz Mütəllibov siyasətdən getmək istəmir

Eks prezident: «Özümü bütün Azərbaycan qarşısında duran mühüm məsələlərin həllinə həsr edə biləcəyimə ümid edirəm»

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov ümid edir ki, ona qarşı illər əvvəl irəli sürülmüş cinayət ittihamları ilə bağlı problem aradan qalxacaq. Bu barədə o, “Turan”a müsahibəsində bildirib.
“Mən ölkəm və onun xalqı üçün faydalı olmaq istəyirəm və hər zaman bu barədə düşünmüşəm və buna çalışmışam. Necə olacağını bilmirəm, amma hesab edirəm ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə mənə qarşı irəli sürülmüş ittihamlarla bağlı hüquqi məsələləri həll etmək imkanı var”, – deyə Mütəllibov bildirib.
“Mən hazırkı hökumətin düşməni deyiləm, normal insanam, buna görə son illər ölkədə baş verən əsaslı müsbət dəyişiklikləri etiraf etməyə bilmərəm”, – deyə Mütəllibov qeyd edib.
Heydər Əliyevin qəbrini ziyarət etməyinizi və gül qoymağınızı nə ilə izah etmək olar? Bu suala cavabda Mütəllibov deyib ki, onun taleyində böyük rolu olan Heydər Əliyevin xidmətlərini hər zaman etiraf edib. “Bu, normal, insani addımdır və onu siyasiləşdirmək lazım deyil”, – deyə Mütəllibov vurğulayıb.
Siyasi gələcəyinə toxunan Mütəllibov ən ağır dövrün geridə qaldığına və özünü bütün Azərbaycan cəmiyyəti qarşısında duran mühüm məsələlərin həllinə həsr edə biləcəyinə ümid etdiyini deyib.