Iran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Həsən Firuzabadinin Azərbaycan prezidenti Ilham Əliyevi açıq şəkildə hədələməsi bir sıra başqa mətləblərə də toxunmaq zərurəti yaradır. Məsələn, necə olur ki, Elçibəy hakimiyyəti dövründə Azərbaycanın ünvanına bir dəfə olsun belə, hədə səslənməmişdi. Halbuki Əbülfəz Elçibəy öz hakimiyyəti dövründə Iran üçün olduqca təhlükəli olan Bütöv Azərbaycan ideyasını dəfələrlə gündəmə gətirmişdi. Bəzi ekspertlər hesab edir ki, bunun səbəbi Iranın o vaxtkı Azərbaycan hakimiyyətini legitim hesab etməsi ilə bağlı olub. Bəziləri isə düşünür ki, həmin vaxt Türkiyə-Azərbaycan münasibətləri möhkəm olduğundan Iran belə riskə getməkdən ehtiyat edib.
«Bütün dünya bilirdi ki, Elçibəy hakimiyyəti xalqın səsi ilə formalaşıb»
AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, bu, Elçibəy hakimiyyəti ilə Əliyev hakimiyyəti arasındakı böyük fərqlə bağlıdır: “Bütün dünya bilirdi ki, Elçibəy hakimiyyəti xalqın səsi ilə formalaşan hakimiyyətdir. Eyni zamanda o da hər kəsə məlumdur ki, Ilham Əliyev hakimiyyətə xalqın səsini almadan yiyələnib. 93-cü ildə Heydər Əliyev qiyam yolu ilə hakimiyyətə gəlib, Ilham Əliyev isə hakimiyyətə gələndən sonra bir dəfə də demokratik seçki keçirməyib”.
G.Bayramlı hesab edir ki, Iranın Əliyev hakimiyyətinə məlum hədəsi Azərbaycan iqtidarının “uğurlu” xarici siyasətinin nəticəsidir: “Bir daha bəlli olur ki, Azərbaycan hakimiyyətinin heç vaxt uğurlu xarici siyasəti olmayıb. Azərbaycan öz yarıtmaz siyasətinə görə Qarabağ savaşında da uduzmuş tərəfdir. Bu səbəbdən artıq qonşu dövlətlər də bizi hədələməyə başlayıb”.
«Əliyevlərdən fərqli olaraq Elçibəy cəsarətli idi və siyasi oyunbazlaqlarla məşğul olmurdu»
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzirin sözlərinə görə, Əliyevlərdən fərqli olaraq Elçibəy açıq siyasətçi idi və siyasi oyunbazlıqlarla məşğul olmurdu: “Öz siyasətini açıq şəkildə bəyan edirdi. Elçibəy bilirdi ki, Iran Azərbaycana dost dövlət deyil. Hətta Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana nəfəs verən bir ölkədir. Bu halda ”dost ölkə deyil” ifadəsi də yumşaq səslənir. Nəinki dostumuz deyil, hətta düşmənə kömək edən bir ölkədir. Əbülfəz bəy yaxşı tarixçi və sosioloq, Qafqaz, Iran tarixini çox gözəl bilən bir alim idi. O, Iranın Azərbaycana olan iddialarından xəbərdar idi. Hər zaman Iranın əlində xəncər Azərbaycanın kürəyində dayandığının fərqində idi. Hansı hakimiyyətə sahib olmasından asılı olmayaraq Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu Iranın bizə qarşı düşmən siyasəti yeritməsinə kifayət edir”.
M.Vəzir deyir ki, AXC iqtidarı dövründə Iranın Azərbaycana qarşı ehtiyatlı mövqe sərgiləməsinin bir səbəbi də, Elçibəy hakimiyyətinin legitim və xalq arasında güclü dayaqlarının olması ilə bağlı idi: “Bu dayaqlar klandan yox, xalqdan ibarət idi. Elçibəy hakimiyyəti cəsarətli bir hakimiyyət idi. Sovet qoşunlarını Azərbaycandan çıxarmaq cəsarətinə və qüdrətinə sahib idi. Belə hakimiyyətlərdən də Iran kimi təcavüzkar, qeyri-demokratik, vətəndaşını əzən rejimlər həmişə ehtiyat edir”.
Gültəkin